İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Yarışa 16 ölkədən idmançılar qoşulub.

Azərbaycan millisinin heyətində Eldar Quliyev (86 kq) dörddəbir final mərhələsi çərçivəsində rəqibinə qalib gəlib. Təmsilçimizin növbəti mərhələdə rəqibi polşalı Klemens Şepanyak olacaq. Görüş noyabrın 11-də baş tutacaq.

 

Paracüdo komandamız dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan millisi paytaxtımızda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb.

Yığmamız finalda Türkiyə komandası ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Gimnastika üzrə Bakı çempionatı keçiriləcək

Noyabrın 11-12-də Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçiriləcək.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər.

Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər.

Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.

 

Samboçularımız çempionatda iştirak edəcəklər

Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi və döyüş sambosu üzrə noyabrın 11-dən 13-dək dünya çempionatı keçiriləcək. Yarışda dünyanın 50 ölkəsindən samboçuların iştirakı gözlənilir.

Yarışda ölkəmizi yığma komandamızın idmançıları Kənan Babayev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq) təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".