SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Niyə məhz "Şimal limonu"?

Milli  mətbəximizdə geniş istifadə olunan, faydalı  xüsusiyyətləri ilə seçilən giləmeyvələrdən olan zirinc hələ qədim zamanlardan xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Bəzi xüsusiyyətlərinə görə limona bənzədilən bu meyvə "Şimal limonu" da adlandırılır. Limon kimi C vitamini  "deposu" hesab edilən zirinc həmçinin  orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələrlə də zəngindir.

Müasir tibdə də zirincin bir çox faydalı xüsusiyyətləri təsdiq edilir.  Belə ki, onun tərkibində tapılan  nadir maddələrdən olan "berberin" qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir etdiyi üçün sözügedən orqanlarla bağlı xəstəliklərin profilaktikasında istifadə edilir.

Həmçinin  ağır qidaların mənimsənilməsini, həzmini asanlaşdıran zirinc bu səbəbdən də xüsusilə ət yeməklərinə əlavə olunur. Orqanizmə antibakterial və virus əleyhinə təsir edən bu meyvə iltihabı azaldır, immun sisteminə müsbət təsir edərək orqanizmi möhkəmləndirir. Bundan əlavə, qocalma prosesini də ləngidən zirinc lifli quruluşu və antioksidant tərkibi ilə orqanizmdə sərbəst radikalların təsirini azaldaraq dərini gəncləşdirir.  Ən əsası isə tərkibində olan 19 növ müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdə olan artıq yağların xaric olmasını sürətləndirir. Tərkibində A vitamini, beta karotin, zeaksantin olduğuna görə görmə qabiliyyəti zəif olanlara  gün ərzində bir ovuc zirinc qəbul etmək tövsiyə olunur.

II dərəcəli şəkərli diabet xəstələrinə də bu meyvədən mütəmadi istifadə məsləhət görülür. Çünki o, qanda insulin və şəkəri normallaşdırmaq kimi bir xüsusiyyətə malikdir. Həmçinin qanda xolesterolun miqdarını azaldan bu meyvə ürək-damar xəstəliklərindən əziyyət  çəkənlər üçün də olduqca faydalıdır.

 

Bu üsulla ömrümüz uzana bilər

Amerikalı elm adamları  ömrü uzatmağın yeni üsulunu tapıblar. Belə ki,  hüceyrələri yenidən proqramlaşdırmaqla qocalma prosesini ləngitməyi hədəfləyən alimlər insan ömrünü təxminən 108 ilə qədər uzada biləcəklərini iddia edirlər.

 ABŞ-ın Salk Bioloji Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış yeni müalicə üsulu ömrü təxminən  30% uzada bilər. Mütəxəssislər bu üsulun,  həmçinin  ürək-damar və digər orqanların da  funksiyalarına müsbət təsir etdiyini söyləyirlər.

İndiyə qədər yalnız siçanlar üzərində sınaqdan keçirilən yeni müalicə üsulunun nəticələri tədqiqatçıları təəccübləndirib. Belə ki, sınaqlar bitdikdən sonra gəmiricilərdə  həyati əhəmiyyət kəsb edən orqanların daha sağlam olması  və qocalma prosesinin ləngiməsi ilə onların gəncləşdiyi və 30% daha çox yaşadıqları müşahidə olunub.

Əgər gələcəkdə  insanlar üzərində  aparılan sınaqlar da  uğurlu olarsa, orta  ömür uzunluğunun  108 yaşa qədər çata biləcəyi hədəflənir. Məlumat üçün qeyd edək ki, hazırda dünya üzrə orta ömür uzunluğu 81 yaş olaraq qalır.

Yeni müalicə üsulu ürək-damar və digər orqanların funksiyalarına müsbət təsir etsə də, mütəxəssislər  xərçənglə bağlı hələ ki, heç bir nəticə əldə etmədiklərini bildiriblər. Hazırda tədqiqat mərhələsində olan müalicə üsulunun 10 il ərzində tətbiq edilməsi planlaşdırılır.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

 

Saxta kərə yağını müəyyən etməyin yolları

Əksər yeməklərin bişirilməsində, xüsusilə də səhər yeməyində üstünlük verdiyimiz  kərə yağı ən çox istifadə etdiyimiz məhsullardan biridir. Lakin son dövrlər bu yağın  təbii olub-olmaması çoxlarımız üçün  şübhə doğuran məqamlardandır. Bəs bu qədər çox üstünlük veridiyimiz  kərə yağının təbii olub-olmadığını necə müəyyən edə  bilərik?

 Mütəxəssislərə görə, təbii kərə yağı adı altında satışa çıxarılan yağların bəziləri  kimyəvi maddələr, bitki, heyvan mənşəli piy və yağlardan hazırlanır. Bu cür  yağların zərərli olması barədə bir çox fikirlər olsa da, A, D və E vitaminləri  ilə zəngin olan təbii kərə yağı  sağlamlıq baxımından insan orqanizmi üçün zəruri hesab edilir. Hətta bəzi dietoloqlar belə, daha çox sinir sisteminə dəstəkləyici təsir göstərən bu yağın gün ərzində 20 qram istehlakını tövsiyə edirlər.

Bəs onun təbii olmasından necə əmin ola bilərik?

Məhsulu seçərkən ilkin olaraq  onun tərkibindəki inqridientləri nəzərdən keçirmək önəmlidir. Qeyd edək ki, təbii kərə yağının tərkibini göstərən etiketdə marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Əsl kərə yağının tərkibi yalnız  tam yağlı süd və qaymaqdan ibarət olur. Əgər paketin üzərində "yağ" sözü yazılıbsa, bu elə özü həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün əsas verir.

Həmçinin  inək südündən hazırlanmış təbii kərə yağını qiymətinə əsasən də müəyyən etmək olar.  Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Belə ki, o, nə kəskin sarı, nə də  kəskin ağ olmalıdır. Digər  önəmli məqamlardan biri də təbii kərə yağının toxunduqda möhkəm olmasıdır. Bir məqamı da unutmayın ki,  paketi açılan yağ nə  paketə,  nə də ki  kəsdikdə bıçağa bulaşmamalıdır.

Yemək hazırlayarkən də  yağın saxta olub-olmadığını ayırd etmək olar. Əgər təbiidirsə o, bərabər şəkildə əriyəcək, yox əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir. Bundan əlavə, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olmalıdır. Kəsildikdə isə təbəqələrə bölünməməli və parlaq görünməlidir. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.

İnformasiya "Sabah" qəzetində yayımlanıb.

 

Yorğunluğunuz keçmir?

Adətən özümüzü yorğun hiss etdikdə bunu mövsümi dəyişikliklər, fiziki fəaliyyət və yuxusuzluqla əlaqələndiririk. Lakin yorğunluğun hər zaman bu səbəblərdən qaynaqlanmadığını qeyd edən mütəxəssislər 10 gündən çox davam edən problemin bəzi xəstəliklərin xəbərçisi  olduğunu söyləyirlər. Bəs  bu əlamət hansı xəstəliklərə işarə edir?

Tez-tez yorğunluq hiss etmək, halsızlıq, yuxuya getməkdə çətinlik, diqqət əskikliyi, sürətli ürək döyüntüsü, sinə, baş ağrıları və nəfəs darlığı kimi əlamətlər anemiyaya da  işarə edə bilər. Anemiya təkbaşına bir xəstəlik deyildir. Dəmir və ya vitamin əskikliyi, qanitirmə, daxili qanaxma, revmatizma, xərçəng və ya böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də anemiyaya səbəb olur.

Tiroid xəstəliyi zamanı da yorğunluq hissi yaranır. Çünki həddindən artıq tiroid hormonu metabolizmi sürətləndirir, azı isə ləngidır. Hər iki hal yorğunluq, gücsüzlük və əzələ ağrıları ilə müşayiət olunur. Bununla birlikdə tiroid hormonu çox olarsa, çəki itirilməsi, ürək döyüntüsünün sürətlənməsi, tərləmə, davam edən susuzluq hissi və qəbzlik əlamətləri də ortaya çıxa bilər.

Yorğunluq 1-ci tip diabet xəstəliyinin də əlaməti ola bilər. Orqanizmin işləməsini təmin edən qlükoza düzgün istifadə edilmədiyində və onun qanda artıq olması enerji əskikliyi və yorğunluğa  gətirib çıxarır. Susuzluq, tez-tez idrara çıxmaq, aclıq, kilo itirmək, əsəbilik, bulanıq görmə də bu xəstəliyin simptomları arasında yer alır.

İki həftədən çox davam edən yorğunluq hissi xroniki yorğunluq, yuxu apnesi (yuxuda nəfəs kəsilməsi), ürək-damar xəstəlikləri və depressiyadan da qaynaqlanma ehtimalı var.

Uzunmüddətli yorğunluq hissinə səbəb olan digər problemlərdən biri də orqanizmdə B12 və D vitamini çatışmazlığıdır. Xüsusilə B12 vitamini beyin sağlamlığı, immun sistemi və metabolizm üçün çox önəmlidir. Bu vitaminin çatışmazlığı yorğunluqdan başqa, əllərdə və ayaqlarda uyuşma, baş fırlanması, görmə problemlərinə də gətirib çıxara bilər.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

 "Respublika".