“Tərtərin tarix yazan oğulları
Region

“Tərtərin tarix yazan oğulları" kitabının təqdimatı keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində "Yeni Tərtər" qəzetinin redaktoru Svetlana Bağırovanın "Tərtərin tarix yazan oğulları" kitabının təqdimatı olub.

Təqdimatda şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov və başqaları iştirak ediblər.

Kitabın müəllifi Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr olunmuş "Tərtərin tarix yazan oğulları" kitabı haqqında məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər günündən danışıb.

"Ön söz"ün müəllifi Lazım Quliyev kitabda şəhidlərin hər biri haqqında sənədli hekayə yazıldığını bildirib.

Sonra rayon icra hakimiyyətinin başçısı, eyni zamanda kitabın redaktoru Müstəqim Məmmədov çıxış edərək Vətən müharibəsində Tərtər rayonuna dəyən ümumi ziyandan, hərbi və mülki şəhidlərdən, onların ailəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. "Tərtərin tarix yazan oğulları" kitabının Zəfər günündə şəhid ailələrinə bir hədiyyə olduğunu qeyd edib.

İcra başçısı tərtərliləri 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, şəhid valideynlərinə Vətən üçün igid oğullar böyütdüklərinə görə öz minnətdarlığını bildirib, qazilərə cansağlığı arzulayıb.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov  çıxış ediblər. Sonra şəhid ailələrinə kitablar paylanıb.

Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".