DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ ÇİN LİDERLƏRİNİN GÖRÜŞÜNÜN TƏFƏRRÜATLARI AÇIQLANIB

İndoneziyanın Bali adasında noyabrın 14-də ABŞ prezidenti Cozef Baydenlə ÇXR-in sədri Si Cinpin arasında görüş keçirilib. Bu barədə “Report” agentliyi məlumat yayıb. Ağ Evin görüşün nəticələrinə dair yaydığı bəyanatda bildirilir ki, ABŞ və Çin arasında gələcəkdə münaqişənin qarşısını almaq üçün prinsiplərin işlənib hazırlanmasının vacibliyi vurğulanıb.

Məlumata əsasən, Cozef Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. Həmçinin iki ölkə rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.

Bununla yanaşı, görüşlə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayıb. Açıqlamaya əsasən, Si Cinpin ABŞ prezidentinə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. ÇXR rəhbəri, həmçinin bildirib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.

Məlumat üçün qeyd edək ki, ÇXR-in sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında görüş üç saat yarımdan çox davam edib.

 

İSTANBULDA TÖRƏDİLƏN TERROR AKTININ ƏMRİ SURİYADAN VERİLiB

İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı geniş miqyaslı tədqiqata başlayan Türkiyənin təhlükəsizlik qüvvələri  terrorçunun tutulması üçün əməliyyat keçirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Əməliyyat zamanı hadisəni törədən Suriya əsilli Əhləm Əlbəşir adlı terrorçu yaxalanıb. Bombalı hücumu törədən şəxs PKK terror təşkilatı ilə əlaqəsini etiraf edib. Onun dindirilməsi zamanı PKK terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda hərəkətə keçmək əmri aldığı müəyyən edilib.

Eyni zamanda, bildirilir ki, terrorçu ilə əlaqədə olduğu müəyyən edilən 21 ünvanda həyata keçirilən əməliyyatlarda 46 nəfər saxlanılıb.

Məlumata əsasən, saxlanılan qadın terrorçu PKK terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi təlim keçib və Afrin-İdlib vasitəsilə Türkiyəyə qeyri-qanuni yollarla daxil olub.

Verilən xəbərə görə, hadisə ilə bağlı başlanan araşdırmalar davam edir.

 

ƏFQANISTAN VƏ PAKİSTAN SƏRHƏDÇİLƏRİ ARASINDA ATIŞMA BAŞ VERIB

Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi isə yaralanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Geo” telekanalı məlumat yayıb. Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.

Telekanalın verdiyi xəbərə görə, hazırda Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstan hadisəni törədənləri ekstradisiya etməyənə qədər onu fəaliyyətini bərpa etməyi planlaşdırmır.

Eyni zamanda, məlumata əsasən, Kabil rəsmiləri bu fikirdədirlər ki, Pakistan sərhədçilərinə hücumu “Taliban” adı altında naməlum terrorçular həyata keçirib.

 

FRANSADA HAVA LİMANINDA 18 İL YAŞAYAN İRANLI QAÇQIN DÜNYASINI DƏYİŞİB

Parisin “Şarl de Qoll” hava limanında 18 il yaşayan iranlı qaçqın Mehran Kərimi Nasseri hava limanında dünyasını dəyişib. “Report”un məlumatına görə, bu barədə “The Guardian” nəşri hava limanının rəsmi nümayəndələrinə istinadən xəbər verib.

Bildirilir ki, Mehran Kərimi Nasseri noyabrın 12-də günorta saatlarında Terminal 2F-də ürək tutmasından vəfat edib. Polis və tibb işçilərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

1945-ci ildə doğulduğu güman edilən Kərimi Nasseri 1988-2006-cı illərdə “Şarl de Qoll” hava limanının I Terminalında yaşayıb. Aeroport sözçüsünün açıqlamasına görə, o, son həftələrdə yenidən hava limanında yaşayırmış. Məlumat üçün qeyd edək ki, Mehran Kərimi Nasserinin hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.

 

İSRAİL PREZİDENTİ YENI BAŞ NAZIRƏ HÖKUMƏTİ FORMALAŞDIRMAĞI TAPŞIRIB

İsrail prezidenti İshak Hersoq parlament nümayəndələri ilə baş nazirin namizədliyinə dair üçgünlük məsləhətləşmələr raunduna yekun vurub. “TRT” telekanalının məlumatına görə, prezident “Likud” partiyasının sədri Benyamin Netanyahuya hökumət koalisiyası və kabinet yaratmağı tapşırıb. Ölkə qanunvericiliyinə əsasən, Benyamin Netanyahunun Nazirlər Kabinetini formalaşdırmaq üçün 28 gün vaxtı olacaq və onun bu müddəti daha 14 gün uzatmaq imkanı var. Əgər birinci namizəd həmin müddətdə hökuməti formalaşdıra bilməsə, bu cəhd ikinci namizədə keçəcək və ona müddəti uzatmaq hüququ olmadan 28 gün vaxt veriləcək.

Xatırladaq ki, İsraildə noyabrın 1-də 2019-cu ildən bəri artıq beşinci parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, birinci yeri 120 yerlik parlamentdə 32 yer qazanmış Benyamin Netanyahunun “Likud” partiyası, ikinci yeri 24 mandatla Yair Lapidin “Yeş Atid” partiyası tutub. Koalisiya qurulması uğurla nəticələnərsə, yeni hökumət və baş nazir and içəcək.

Qeyd edək ki, iyulun 1-də vəzifəsinin icrasına başlayan İsrail Nazirlər Kabinetinin hazırkı rəhbəri Yair Lapid yeni baş nazir and içənədək keçid hökumətinə rəhbərlik edəcək.

 

ANKARADA RUSİYA VƏ ABŞ NÜMAYƏNDƏ HEYƏTLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Türkiyənin paytaxtı Ankarada Milli Kəşfiyyat Təşkilatının qərargahında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin görüşü baş tutub. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Bildirilir ki, görüş barədə əvvəlcədən ictimaiyyət açıqlama verilməyib. Görüşdə Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının işi, həmçinin nüvə silahından istifadənin yaradacağı fəsadlar müzakirə olunub. Ukrayna böhranı görüşdə müzakirə mövzusu olmayıb.

Xatırladaq ki, Rusiya və Amerika nümayəndə heyətləri sonuncu dəfə bu il yanvarın 10-da Cenevrədə təhlükəsizlik təminatlarına dair danışıqlar üçün bir araya gəliblər. Yanvar danışıqları prosesinin praktiki nəticələrinin olmaması Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirilir.

 

ALMANİYADA İNFLYASİYA ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Almaniyada inflyasiya 1951-ci ildən bəri ən yüksək həddə çatıb. “Report” xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasına istinadən “Deutsche Wirtschafts Nachrichten” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ötən illə müqayisədə 2022-ci ilin oktyabr ayında ölkədə inflyasiya 10,4 faiz təşkil edib. Həmçinin enerji qiymətləri kəskin şəkildə bahalaşıb.

Federal Statistika İdarəsinin rəhbəri Qeorq Til bildirib ki, yüksək inflyasiyanın əsas səbəbi 43 faiz bahalaşan enerji məhsullarıdır.

İdarə rəhbəri qeyd edib ki, ən çox bahalaşma məişət enerjisinin qiymətlərində müşahidə olunub. Belə ki, təbii qaz 109,8 faiz, istilik elektrik stansiyalarından istilik təchizatı isə 35,6 faiz bahalaşıb.

Məqalədə o da bildirilib ki, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə ölkədə ərzaq məhsulları 20,3 faiz bahalaşıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.