DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ BAYDEN ARASINDA GÖRÜŞ KEÇIRILIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Cozef Bayden “G20”nin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilir ki, görüş zamanı “Taxıl sazişi”nin müddətinin uzadılmasının vacibliyi müzakirə olunub. Liderlər sazişin qüvvədə qalmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Eyni zamanda, Cozef Bayden İstanbulda törədilən terror aktında ölən və yaralananlara görə Türkiyə prezidentinə başsağlığı verib.

Verilən xəbərə görə, liderlər NATO vasitəsilə gələcək koordinasiyanı müzakirə ediblər. Tərəflər həmçinin “F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə də fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, görüş zamanı bir sıra regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, eləcə də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi müzakirə edilib.

 

“ŞİMAL AXINI-2”NIN YAXINLIĞINDA ŞÜBHƏLİ GƏMİLƏR MÜŞAHİDƏ EDİLİB

Amerikanın “SpaceKnow” şirkətinin peyk görüntülərinin təhlili əsasında sentyabrın 26-na qədər olan tarixlərdə “Şimal axını-2”nin yaxınlığında iki şübhəli gəminin aşkar olunduğu iddia edilib. “Teleqraf.com”un xəbərinə görə, bu iddia ilə ABŞ-ın “Wired” jurnalına danışan “SpaceKnow”un baş direktoru Kerri Javorniki bildirib.

“Təxminən 95 və 130 metr uzunluğunda iki gəminin boru kəmərinin sızdığı yerdən bir neçə kilometr məsafədən keçdiyi aşkar edilib. Bu zaman hər iki gəminin AIS (avtomatik identifikasiya) sistemi bağlı olub”, - deyə baş direktor vurğulayıb.

Şirkət rəsmisi bildirib ki, “SpaceKnow” sözügedən görüntüləri artıq bu məsələni araşdıran NATO nümayəndələrinə təhvil verib.

Məlumata əsasən, bütün mövcud məlumatlar “Şimal axını” boru kəmərlərindəki sızmaların “qəsdən və məsuliyyətsiz hərəkət” nəticəsində baş verdiyini göstərir.

 

QLOBAL GÜBRƏ ÇATIŞMAZLIĞI GƏLƏN İLƏ QƏDƏR DAVAM EDƏCƏK

Qlobal gübrə çatışmazlığı 2023-cü ilə qədər davam edəcək. Bu da fermerlərin idxal olunan kənd təsərrüfatı məhsullarından çox asılı olduğu Afrikada ərzaq təhlükəsizliyini ciddi təhdid qarşısında qoyur. “Report”un verdiyi xəbərə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “Qlobal Gübrə Bazarları və Siyasətləri” adlı birgə araşdırmasında qeyd olunur.

Məlumata görə, Ukraynadakı münaqişə, yüksək inflyasiya, tədarük zəncirlərindəki pozulmalar və qlobal iqtisadi tənəzzül kimi amillər gübrələrin və kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsinə səbəb olub. Nəticədə bir çox ölkələrdə gübrələr və kənd təsərrüfatı məhsulları məhdudlaşıb.

“G20 hökumətlərinə qida, yem və gübrə bazarlarını açıq saxlaması, eləcə də gübrə ticarətində, o cümlədən ÜTT qaydalarına zidd olan ixrac məhdudiyyətlərindən çəkinmək tövsiyə olunur”, - deyə açıqlamada vurğulanır.

Eyni zamanda, bildirilir ki, beynəlxalq maliyyə dəstəyinin artırılması və risklərin idarə edilməsi alətlərinin istifadəsi də daxil olmaqla, ən həssas ölkələr üçün gübrələrə çıxışın təmin edilməsi zəruridir.

 

“AMAZON”un QURUCUSU BƏŞƏRİYYƏTƏ NAĞD PUL YIĞMAĞI TÖVSİYƏ EDİB

“Amazon” şirkətinin qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə milyarder “CNN” telekanalının efirində bildirib.

“İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də müşahidə edə bilərsiniz. Hazırda iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, - deyə milyarder vurğulayıb.

Eyni zamanda, Ceff Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

Milyarder kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: “Bacardığınız qədər daha çox riski nəzərə alın. Vəziyyətin ən yaxşısına ümid edib, ən pisinə hazırlaşın”.

 

QƏRBİN SANKSİYALARI RUSİYAYA MÜHÜM MÜTTƏFİQ BƏXŞ EDİB

2022-ci ilin yayında Çindən Rusiyaya ixrac 23 faiz artıb Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları Moskvaya Pekinin timsalında mühüm müttəfiq bəxş edib. Bu fikri “Deutsche Wirtschafts Nachrichten” nəşrinin şərhçisi Qreqori Uliq bildirib.

“Rusiyanın Avropa ilə ticarəti kəskin şəkildə aşağı düşdüyündən Çin Rusiya üçün ən böyük ixracatçıya çevrilib”, - deyə məqalədə qeyd olunub. Bu da Pekinin Avropanı keçməsinə kömək edib. Cari ilin oktyabrında isə ölkələr arasında ticarət dövriyyəsi 35 faiz artıb.

Eyni zamanda, jurnalist Moskva və Pekinin dəmir yolu vasitəsi ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün təsirli potensialını xüsusi vurğulayıb və bunun malların çatdırılma sürətini artırmağa kömək edəcəyini bildirib.

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya  Ölkələri Sammitində iştirakının yekunlarına dair brifinqdə qeyd edib ki, Rusiya və Çin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAH) rolunu qorumaqda həmrəydirlər.

 

ŞARL MİŞEL: AVROPA İTTİFAQI TÜRK XALQININ YANINDADIR

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel terrora qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq Aİ-nin İstanbulda törədilən terror aktı ilə bağlı türk xalqının yanında olduğunu bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Şarl Mişel “G20” sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bəyan edib.

“Törədilən hücumdan dərhal sonra Avropa İttifaqı adından türk xalqına başsağlığı və dəstəyimizi çatdırdıq. Bu, terrora qarşı əməkdaşlığımızın birgə mübarizə olduğunu göstərir”, - deyə Şarl Mişel vurğulayıb.

Eyni zamanda, terrora qarşı birgə mübarizənin əhəmiyyətinə diqqət çəkən Şarl Mişel mümkün hücumların qarşısını almaq üçün bütün səviyyələrdə kəşfiyyat bölmələri arasında əməkdaşlığın təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.

“Hər yerdə terrora qarşı mübarizənin və əməkdaşlığın təmin edilməsini istəyirik. Avropa İttifaqının bu mövzuda çox sərt mövqeyi var”, - deyə Şarl Mişel əlavə edib.

 

JANET YELLEN: ABŞ-IN MALİYYƏ SİSTEMİ ÜÇÜN TƏHLÜKƏ YARANA BİLƏR

“Konqres ölkənin dövlət borcu həddinin artırılmasını növbəti dəfə dəstəkləməsə, bu, Amerika Birləşmiş Ştatlarının maliyyə sistemi üçün böyük təhlükə yaradacaq”. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Janet Yellen bəyan edib.

“Əgər bu həyata keçirilməsə, ölkə ciddi iqtisadi təhlükə qarşısında qalacaq. Amerikanın kredit reytinqini və dünyanın ən mühüm maliyyə bazarının fəaliyyətini təhlükə altına atmaq tamamilə məsuliyyətsizlikdir”, - deyə Janet Yellen bildirib.

Beləliklə, ABŞ Maliyyə Nazirliyinin rəhbəri aralıq seçkilərin nəticələrinə görə ABŞ Konqresinin yuxarı və aşağı palatalarına nəzarətin iki fərqli partiyaya keçə biləcəyi vəziyyəti şərh edib.

Məlumat üçün qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonlarında ABŞ prezidenti Cozef Bayden dövlət borcu həddinin 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını özündə ehtiva edən qanunu imzalayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.