İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir
Siyasət

İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı münasibətlərin dinamik inkişafına, birliyin daha da möhkəmlənməsinə mühüm töhfədir

Beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəqil xarici siyasət yürüdən Azərbaycan demokratik tərəqqi yolunu seçmiş ölkələr sırasında inamla addımlayır. Dünya dövlətləri ilə müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər quran müstəqil dövlətimiz həm də sülhsevər, tolerant, humanist ölkə kimi də nüfuzunu günbəgün artırır. Qarşılıqlı əlaqələrin genişləndirilməsində, bu əlaqələrin çoxşaxəli əməkdaşlığa çevrilməsində fəal iş aparan, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verən ölkəmizdə heç bir dövlətin daxili işlərinə qarışmadan, ölkələrin suverenliyinə, müstəqilliyinə hörmət göstərməklə uğurlu siyasət aparılır. Bunun nəticəsidir ki, bu gün nəinki regionda, bütün dünyada sayılıb-seçilən, qərarlarına hörmətlə yanaşılan dövlətlər səviyyəsinə yüksəlmiş Azərbaycan beynəlxalq təşkilatlarda, nüfuzlu qurumlarda güclü, qüdrətli, heç bir ölkədən asılılığı olmayan, iqtisadi gücünə, hərbi potensialına güvənən müstəqil dövlət olaraq qəbul edilir.

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, inkişaf etdirilməsi və milli mənafelərinin qorunması Prezident İlham Əliyevin düşünülmüş siyasətinin ana xəttini təşkil edir.

Müsəlman dünyasının üzləşdiyi bütün problemlərin həllində yaxından iştirak edən, İslam dövlətlərinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərən Azərbaycan Prezidenti bu istiqamətdə uğurlu, gələcəyə hədəflənmiş missiya həyata keçirir. İslam ölkələrinin birliyinə, həmrəyliyinə mühüm töhfələr verən dövlət başçımızın mütəmadi olaraq İslam dünyasını əhatə edən mötəbər tədbirlərə dəvət alması bunun əyani təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun tərəfindən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ölkəmizin artan nüfuzunun, dövlət rəhbərimizə olan yüksək ehtiramın göstəricisidir. Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvü olan ölkəmizin Liqaya üzv dövlətlərlə sıx əməkdaşlıq etdiyini bildirmiş və bu əlaqələrin genişlənəcəyinə, möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir. Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri qismində iştirak edən dövlət başçımız, həmçinin Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasında olan münasibətlərin xüsusi xarakter daşıdığını və ikitərəfli əlaqələrin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Əlcəzair kimi Azərbaycanın da uzun müddət təcavüzə məruz qaldığını, ərazilərinin işğal altında olduğunu qeyd etmiş və torpaqlarımızın 30 il erməni işğalı altında olduğu müddət ərzində hər zaman ərəb ölkələrinin Azərbaycana dəstək göstərdiklərini bildirmişdir. Dövlət başçımız bu münasibətlərin qarşılıqlı olduğunu xüsusi olaraq vurğulamışdır: "Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir".

Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan edilməsi, Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə 2017-ci il mayın 12-22-də Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi İslam aləminin birliyinə, həmrəyliyinə hədəflənmişdir. Müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr verən Prezident İlham Əliyev bu birliyin daha da möhkəmlənməsi üçün Azərbaycan dövlətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.

Beynəlxalq miqyasda nüfuzu gündən-günə artan Azərbaycanın dövlət başçısının Əlcəzairin Milli Azadlıq Günündə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət olunması, sözün əsl mənasında, İslam ölkələri arasında olan dostluğun, qardaşlığın nümunəsidir. Ortaq dini dəyərlər əsasında bir-birinə bağlı olan ölkələrimiz arasındakı bu münasibətlər tarixən formalaşmış və bu gün özünün inkişaf mərhələsinə yüksəlmişdir. Bu baxımdan, ƏDL-in 31-ci Zirvə toplantısı gələcək əməkdaşlığın dinamik inkişafına, əlaqələrin genişlənməsinə, təşkilata üzv ölkələr arasında qarşılıqlı dəstəyin daha da möhkəmlənməsinə mühüm töhfədir. Ölkə başçımızın dediyi kimi: "Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq".

Bəli, bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətində olan ölkəmiz xarici siyasətində islam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına (İƏT) üzvlük barədə müraciət edən ilk ölkə olmuş və 1991-ci ilin dekabrında təşkilata üzv seçilmişdir. Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olaraq İƏT-in Zirvə görüşlərində keçmiş Qarabağ problemi daim diqqət mərkəzində saxlanılmış və təşkilat tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 100-dək qətnamə qəbul edilmiş, bəyanatlar verilmişdir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları - ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir və bu münasibətlər strateji əhəmiyyət daşıyır.

Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələri quran Azərbaycan dünyada sülhə, əmin-amanlığa hədəflənmiş siyasət həyata keçirir. Bu baxımdan, Qoşulmama Hərəkatındakı fəaliyyəti dövlətimizin beynəlxalq arenada formalaşmış mövqeyinə və uğurlu siyasətinə yüksək dəstəyi və rəğbəti nümayiş etdirir. Bu təsisat daxilində humanist ideyalara sadiqlik nümayiş etdirən, ehtiyacı olan ölkələrə yardımlar edən ölkəmiz həm də bu ideyaların təbliğatçısı kimi də çıxış edir. ƏDL-in Zirvə görüşündə çıxışı zamanı dövlət başçımızın gələn ilin martında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Sammitinə Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını dəvət etməsi bunun aydın ifadəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".