Cənubdan səslər
Güneydən səslər

Cənubdan səslər

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

***

Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı. Tədqiqatçılar 1940-1950-ci illəri Güney Azərbaycan ədəbiyyatının çiçəklənmə dövrü kimi dəyərləndirirlər. Ədəbiyyat bütün zamanlarda, dövrün aynası olmuş, baş verən hadisələri parlaq şəkildə əks etdirmişdir. Çünki xalqın taleyi, həyatı ilə bağlı olan bu böyük məsələlərə yazıçı və şairlər heç vaxt biganə qala, baş verən hadisə və hərəkatlara laqeydlik göstərə bilməzlər.

Xalqımızın ruhunu, arzu və istəklərini qələmə alan, ürəyi, ruhu, varlığı ilə Vətənə, elinə, dilinə bağlı olan vətənpərvər, təəssübkeş şairlər tarix boyu Azərbaycan varlığını, Azərbaycan dilini, Azərbaycan milli mədəniyyətini əks etdirən, qoruyan dolğun mənalı, kamil bədii əsərlər yaratmışlar.

Azərbaycanımızın görkəmli ədibi, Xalq yazıçısı Mirzə İbrahimov bu barədə yazırdı: "Elmi fikri, sağlam düşüncəsi, zamanın qabaqcıl ideallarını, insan ürəyinin və xalqın mənəvi aləminin uca hisslərini, ali məqsədlərini təsvir və tərənnüm Cənubi Azərbaycan ədəbiyyatında geniş yer tutur. Şairi, yazıçını belə əsərlər yazmağa ruhlandıran nədir? Hər şeydən əvvəl, xalqa, həqiqətə məhəbbətdir, təmiz, saf insanlıq duyğusudur, vətənpərvərlik hissləridir! Cənub şairlərində bu hisslər, inqilabi yüksəlişlər dövrünün bu sərvətləri sinədən qopan od kimi alovlanır, işıq verir!". Necə də haqlıdır, böyük ədibimiz!

Qeyd edim ki, İran tarixində ilk dəfə olaraq siyasi hakimiyyət xalqın, onun öndərlərinin yaratdığı Azərbaycan Demokrat Firqəsinin əlinə keçdikdən sonra xalqın arzu və istəklərinin, uzun illər buxovlanmış diləklərinin gerçəkləşdirilməsini özünə vəzifə, borc bilən Azərbaycan milli qanunvericilik, milli icra orqanları - Milli Hökumət və Milli Məclis təşkil olunur. Bütün bu mühüm inqilabi əhəmiyyətli işlər həmin zaman kəsiyində Azərbaycan ədəbiyyatının inqilabi publisistika, poeziya, nəsr, dramaturgiya qollarının azad inkişaf dövrünə qədəm qoyması üçün geniş imkanlar açır.

Milli Azadlıq hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri, azadlıq fədaisi, xalqın dərin sevgisini qazanmış S.C.Pişəvəri həm də istedadlı yazıçı, təcrübəli publisist idi və o, müharibədə məhz həqiqət axtarışındaydı. Güney Azərbaycan xalqının illərdən bəri itirdiyi həqiqətin axtarışında. Ona görə də S.C.Pişəvəri bir yazıçı, həm də təcrübəli publisist kimi ölkənin hərtərəfli inkişafına, mədəniyyətin tərəqqisinə rəvac verən "Hürriyyət", "Yoldaş", "Azərbaycan füqərası", bu dövrdə isə "Azərbaycan" qəzeti kimi mühüm mətbuat orqanlarını yaradaraq rəhbərlik etmiş, Güney Azərbaycan mətbuatını formalaşdırmışdır. Elə yüksək səviyyəli mətbuat ki, o azadlıq hərəkatının ideoloji zəminini yarada bilmiş, bu ideologiyanın mahiyyətini, izahat işini kənd və şəhərlərə, əhalinin geniş təbəqəsinə - zəhmətkeşlərə çatdırmağın öhdəsindən layiqincə gəlmişdir.

Şair və yazıçıların döyüş cəbhələrinə gedib müşahidələri əsasında yaratdıqları sənət inciləri bu kimi mətbuat orqanlarında "Azərbaycan", "Cövdət", "Urmiyyə", "Qələbə", "Azad millət", "Azər", "Günəş", "Demokrat", "Fədai", "Azərbaycan ulduzu" adlı qəzet və jurnallarda işıq üzü görür, xalqa çatdırılır, geniş miqyasda maarifçilik, inqilabi təbliğat işi aparılırdı.

Görkəmli söz ustası Mir Mehdi Etimad coşqun vətənpərvərlik duyğularının diktəsi ilə Milli Hökumətin dövlət himnini yazmış, qoca Şərqin çırağı Azərbaycanı - möhtəşəm Odlar yurdunu tərənnüm etmişdir:

Ey vətənim Azərbaycan,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

1920-ci illərdə Mir Mehdi Etimadın ədəbi-bədii və pedaqoji fəaliyyətə başladığı mühüm tarixi mərhələdə yeni milli oyanışın, Xiyabani hərəkatının təsiri Cənubi Azərbaycan məkanında geniş yayılmışdı. Şeyx Məhəmməd Xiyabani isə böyük elm, ədəbiyyat adamı idi və bu dövrdə yaranan ədəbiyyatı xüsusi diqqətlə izləyirdi. O deyirdi: "İndi bizə qəm və kədər gətirən ədəbiyyat lazım deyil. Gənclərimiz yeni təhsil dalınca getməlidir, bu işdə ədəbiyyatın rolu böyükdür".

1941-ci ildə İkinci Dünya müharibəsinin sərhədlərinin genişlənməsi nəticəsində isə İranın və Cənubi Azərbaycanın həyatında daha böyük dəyişikliklər baş verir. Məhəmmədrza şah ölkədən qaçaraq xarici havadarlarının qoltuğuna sığınır. Ölkədə yaranan nisbi azadlıqdan istifadə edən M.M.Etimad 1942-ci ildə "Şairlər məclisi"ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər. Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə baslayan Azərbaycan yazıçıları və hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr seçilir. Etimadın rəhbərlik etdiyi "Şairlər məclisi"nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaradılır. "Məclisin aylıq orqanı olan "Şairlər məclisi" jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur".

"Şairlər məclisi" Cənubi Azərbaycanda ədəbiyyatın məzmunca zənginləsməsi və ədəbiyyatda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin əks etdirilməsi sahəsində böyük islər görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhzun, M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya, Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, B.Azəroğlu, H.Nasiri, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan, Savalan, A.Bariz, Qaflantı, M.Zehtabi və basqaları ilə bərabər, M.M.Etimad da zülmə və zorakılığa, əsarət və səfalətə, milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu əsərlər yaradaraq ədəbi fikrin təzələnməsinə təsir göstərir. O, Vətənin səmasında doğmuş azadlıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi.

(davamı növbəti saylarımızda)

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.