İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançımız bürünc medal qazanıb

Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə  Azərbaycan yığmasının üzvü, “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Rahilə Hüseynzadə körpücük üzərinə çıxıb. O, 76 kiloqram çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 82 kiloqramla və təkanla qaldırmada isə 97 kiloqramla 4-cü yeri tutub. Ümumilikdə 179 kiloqram (82+97) nəticə göstərən Rahilə Hüseynzadə yekun sıralamada 3-cü olaraq bürünc medal qazanıb.

 

Azərbaycan millisinin rəqibləri müəyyənləşib

2023-cü ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. İtaliyanın Neapol şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan milli komandaları ilə mübarizə aparacaq.

 Avropa çempionatına Belçika, İtaliya, Estoniya və Almaniya birgə evsahibliyi edəcəklər. Çempionat gələn il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.

 

Millimiz  Moldova yığmasını məğlub edib

2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda Azərbaycan millisinin rəqibi Moldova yığması olub. Komandamız yoldaşlıq oyununda qələbə qazanıb.

Kişinyovdakı “Zimbru” stadionunda oynanılan matçda millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı çıxıblar.

Matçda Azərbaycan millisi 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində 28-ci dəqiqədə Emin Mahmudov, 42-ci dəqiqədə isə Aleksey İsayev fərqləniblər. Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

 

Stolüstü tennis üzrə yarış yekunlaşıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında 2008 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.

Turnirdə 45 idmançı iştirak edib. Oğlanlar arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim Rəhimzadə ikinci, Ömər Aslanlı üçüncü, qızların fərdi yarışında isə Şəbnəm Mansurova və Aynur Ağayeva müvafiq olaraq, birinci və ikinci, Nigar İsmayılzadə isə üçüncü yerdə qərarlaşıb. Oğlanların qoşa yarışlarında Ömər Aslanlı və İsmayıl Məmmədov turnirin qalibi olublar. Hüseyn Musazadə, Nihad Rüstəmov dueti yarışı ikinci, Daniel Belov, Musa İsmayılov cütlüyü isə ilk üçlüyü tamamlayıblar. Qızların qoşa yarışlarında Banu Baytallı və Şəbnəm Mansurova birinci, Sürəyya Quluzadə, Nigar İsmayılzadə ikinci, Nübar Yarova, Xədicə Musayeva isə üçüncü pillədə qərarlaşıblar. Qoşa qarışıq yarışlarda isə Rüstəm Hacılı, Şəbnəm Mansurova birinci, Ömər Aslanlı, Sürəyya Quluzadə ikinci, Hüseyn Musazadə, Xədicə Musayeva üçüncü yeri tutublar.

 Nərgiz İSMAYILOVA,

“Respublika”.