Minnətdarlıq
Sosial həyat

Minnətdarlıq

Tək oğlum olan Vüsal Dəmirovun Vətən müharibəsində şəhid olması xəbərini eşidəndə ilk əvvəl  xeyli sarsıldım. Qızım və nəvəmlə birlikdə necə yaşayacağımız mənə son dərəcə ağır görünürdü. Ancaq Vüsalın Vətənimizin ərazi bütövlüyü uğrunda son damla qanına qədər rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalması və  döyüş yoldaşları ilə mənə çatdırdığı "anama deyərsiniz, ağlamasın, mən ona ucalıq haqqı qazandırmışam" - son sözü mənə qürur verdi.

7 yaşından atasız tək böyütdüyüm Vüsal ailəmizin bütün çətinliklərini öz üzərinə götürmüşdü. Ancaq həyatımızın bundan sonra necə olacağını bir an belə düşünmədim. Çünki xalqımızın sevimlisi olan Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bütün şəhid analarına əvəzsiz dayaq oldu. Prezidentimizin və Birinci vitse-prezidentimizin bu humanist və xeyirxah addımı dövlət siyasətinin aparıcı faktoruna çevrilərək bütün məmurlar və vətəndaşlar üçün yüksək dəyərləndirilir. Bu səbəbdən də bir şəhid anası olaraq heç bir problem və çətinliklə qarşılaşmıram. Rayon rəhbərliyinin və digər dövlət qurumlarının daim hörmətini hiss edirəm. Vaxtaşırı olaraq müraciət etdiyim rayon mərkəzi xəstəxanasının kollektivinin qayğısını və dəstəyini isə xüsusilə qeyd etmək istərdim. Çünki çoxsaylı səhiyyə işçilərinin hər biri məni son dərəcə mehribancasına qarşılayır, vəziyyətimlə ciddi maraqlanır və əllərindən gələn köməkliklərini göstərməyə çalışırlar. Bu səbəbdən də kollektivə qəlbən bağlıyam. Xəstəxananın baş həkimi Vidadi Rəhimovun Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi məni də son dərəcə sevindirdi. Şəhidim Vüsalın xatirə albomunda Prezidentimizin sərəncamları ilə ölümündən sonra təltif olunduğu medalları və əşyaları sırasında belə kollektivlərlə də şəklimi əziz bir xatirə kimi saxlayır və hər bir səhiyyə əməkdaşına təşəkkürümü bildirirəm.

Nüşabə DƏMİROVA,

İsmayıllı rayonu.