Cənubdan səslər
Güneydən səslər

Cənubdan səslər

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

(əvvəli 17 noyabr tarixli sayımızda)

Ədəbiyyat böyük vüsətlə inkişaf edir, Cənubi Azərbaycanda ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, S.Rüstəm, M.Rahim, Q.Məmmədli, Q.İlkin və b. yaradıcı ziyalılara qoşulan Mir Mehdi Etimad öz həmkarları ilə bir sırada addımlayır, dövri mətbuatda çıxış edirdi.

Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü. Yaşadığı əsrdə baş vermiş mühüm tarixi hadisələrin şahidi, bəzən isə fəal iştirakçısı olan Etimad şahidi olduğu olayları, görüb-eşitdiklərini şair təxəyyülündən keçirərək misralara çevirir, "Mənazeyi ədəbi - Ədəb qaydaları", "Bədri Qeyu əlsabiyan - Gənclərin ziyalanması", "Hidayətül kəlam - Kəlamların göstərdiyi yol", "Təxtülsabiyan - Cavanlıq taxtı", "Ayineyi əxlaq - Əxlaqın aynası", "Gəlinlər bəzəyi", "Gül qönçəsi", "Çərşənbə bazarı" kimi daha çox nəsihətamiz ruhlu, bir-birindən maraqlı əsərlərini farsca və türkcə qələmə alırdı. Düşüncələrini real həyatda da tətbiq etmək üçün dövrünün ziyalı övladı bütün qüvvəsini, intellektini səfərbər edir və "Etimad mədrəsəsi"ni yaratmağa nail olur.

Ölkə məktəblərinin birinci sinif şagirdlərinin Ana dilində təhsil alması, milli ruhda böyüməsi üçün "Əlifbayi cədid - Yeni əlifba" dərsliyini yazır. Şairin əsərləri böyük maraqla oxunur və sevilirdi. Bu böyük sevginin nəticəsində "Mənazeyi ədəbi - Ədəb qaydaları" 8 dəfə, "Bədri Qeyu əlsabiyan - Gənclərin maariflənməsi" 10 dəfə, "Ayineyi əxlaq - Əxlaqın aynası" kitabı isə 20 dəfə nəşr olunur.

Təbii ki, ana yurdun şanlı-şövkətli tarixini, səttarxanlar, xiyabanilər, pişəvərilər yetirən əzmli bir xalqın milli-mənəvi dəyərlərini, aslanlar oylağını şirin Azərbaycan türkcəsində vəsf edən M.M.Etimadın "Yaşa Azərbaycan!" himnini dinləyən hər bir Vətən oğlu, Vətən qızı mübarizə və qələbə ruhunda köklənirdi. Təbrizdə fəaliyyət göstərən "Şairlər məclisi"nin ilk qurucularından biri, Güney Azərbaycanda dalğalanan azadlıq, milli-demokratik hərəkatlarının fəal iştirakçılarından olmuş Əli Fitrət üçün də Vətən eşqindən, yurd məhəbbətindən ali duyğu yoxdur. Vətən sevgisi ədib üçün bütün məhəbbətlərdən, sevgilərdən yüksəkdə durur, böyük şövqlə elini, dilini, Azəristanı vəsf edir, min canım olsa, yenə Azərbaycanın adına qurbandır, deyirdi:

Vətən uğrunda can vermək mənə eyni səadətdir,

Vətən mehrin ürəkdə bəsləmək fəxrü-şərafətdir.

Dilim Azər, elim Azər, məkanım Azəristandır,

Əgər min canım olsa, hər biri bu namə qurbandır.

"Şairlər məclisi"ndə birləşən qələm sahibləri daha cəsarətli, əzmli, səmimi və poetik cəhətdən mükəmməl misraları ilə Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi demokratik islahatları, quruculuq işlərini nəzmə çəkirdilər. Misralarından od-alov saçılan, təbi coşqun dağ çayları tək çağlayan, müstəqil fikirli, sərbəst düşüncəli, orijinal yaradıcılığı ilə heç kəsə bənzəməyən Bulud Qaraçurlu Səhəndin də ən böyük sevgisi Vətən, ən böyük istəyi ulu yurd, millət, xalq, ən böyük ülfəti doğma ana dili ilə ülfəti, mehri-məhəbbətidir.

İnsanları daim bir-birinə qardaş, dost görmək istəyən, ən böyük arzusu humanizm, sülh və azadlıq olan Səhənd inqilab mücahidlərinə, azadlıq fədailərinə müqəddəs amal uğrunda mübarizə apararaq qələbə qazandıqlarına görə onlara alqış deyir, iftixarla, fərəhlə vəsf edir.

1945-1946-cı illər Azərbaycan milli-demokratik hərəkatı B.Q.Səhəndin ruhunda, yaddaşında elə silinməz izlər buraxır ki, hərəkat irticaçı, mürtəce qüvvələr tərəfindən qan gölündə boğulduqdan sonra da onun təsirindən uzun müddət, əslində ömrünün sonunadək çıxa bilmir. Bu illərdə yaşadığı sevinc və kədər duyğuları, acılı-şirinli xatirələri "Araz" və "Xatirə" mənzum əsərlərində qələmə alır. Xalqın sevimli şair oğlu döyüş cəbhələrində can qoyan fədailərə, ölümün gözünə dik baxan şücaətli mücahidlərə "Fədailər marşı"nı da həsr edir!

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,

Bir azadlıq istəyirəm, bir də azad bir Vətən.

Düşmənlərin gülləsilə qana batam gərək mən,

Vətən üstə parələnsin bədənimdə pirəhən,

Qoy mən ölüm, zalimlərdən pak olunsun bu Vətən.

Qarapapaq türklərinə məxsus qorxmazlıq, cəsarət, əyilməzlik, mərdlik özəllikləri milli xarakterində birləşdirən Qulu xan Borçalu bütün Azər elinin inqilab işığına bələnməsindən çölün, çəmənin, meşənin, düzün, Ana torpağın azadlıq günəşinin parlaq şəfəqləri altında bəxtinin güldüyündən, Odlar diyarının hər qarışının da gülüstana döndüyündən riqqətə gəlir, sevinc, fərəh duyğularını poetik misralara çevirir!

1945-1946-cı illər inqilabı Haşım Tərlanı da ruhlandırır və xalq hərəkatı şövqə gələn ürəyinin əsl ilham mənbəyi olur. "Mən tufanlar qucağında doğulmuşam, Mən üsyanam, əzəlindən budur peşəm" deyən üsyankar şair böyük sevinc hissləri yaşayır, hərəkatın amal və məqsədini tərənnüm edən "Qalibiyyət bayramı", "Vətən", "Şah gedər oldu", "Mənimdir", "Azərbaycan əncüməninə", "Görürəm", "Dədə Qorqud" və s. kimi şeirlər yazır. İrandakı mövcud durumu, yenə də al-qanlar içində çalxalandığını, tufanlar, qasırğalar içində olsa da, xalqın taleyinin üzünə gülməsini - Vətən səmasında inqilab günəşinin doğmasını, "Andımız qəhrəmanlıq, vicdanımız tərtəmiz, qanadımız inqilab, məqsədimiz azadlıq" deyərək şahlar məzarlığında azad həyat qurmağa durmadan can atan xalqının çabalarını alqışlayır. Rza şahın inqilabdan təşvişə düşərək ölkədən qaçmasını, onun məmləkətin var-dövlətini, sərvətini hərraca qoyan, tar-mar edən fərasətsiz nazir və əyanlarının dərbədər olmasına rişxənd edir, şahın xalqın əleyhinə yürütdüyü yarıtmaz siyasəti kəskin tənqid edir.

Qələbə ilə başa çatmış xalq hərəkatına, milli hökumətə, xalq fədailərinə Güney şairlərinin demək olar ki, əksəriyyəti söz qoşub, şeir yazıb. Həmin əsərlərin bir qismində qələbənin, istiqlalın doğurduğu fərəh hissləri, sevinc duyğuları ümumbəşəri hisslərlə birləşir, onların ruhunda beynəlmiləlçilik özünü göstərir. "Milli Hökumətin qurulması" şeirində şair Hüseyn Səhhaf dünyanın bütün millətlərinə sülh, əmin-amanlıq arzulayır, qələbə sevincini əsarətdə olan xalqların da yaşamasını diləyir.

1941-ci ilin avqustunda İranla sərhədlərin açılması, sovet qoşunlarının Cənubi Azərbaycana daxil olması, sovet Azərbaycanından bir qrup elm və mədəniyyət xadiminin Vətənin Güneyinə ezam olunması ədəbi mühitin daha da inkişaf etməsinə, yeni ziyalı ordusunun yaranmasına güclü təkan olmuşdur. Təbrizdə 1941-ci ildən nəşr olunmağa başlayan və az vaxtda xalqın böyük sevgisini qazanmış "Vətən yolunda" qəzetinin redaksiya heyətində Mirzə İbrahimov, Cəfər Xəndan, Ə.Məmmədxanlı, Q.Məmmədli, M.Rahim, Q.Musayev-İlkin, Həsən Şahgəldiyev, Rza Quliyev, Əvəz Sadıqov, İsrafil Nəzərov kimi görkəmli alim və yazıçılar fəaliyyət göstərirdilər. "Vətən yolunda" qəzetinin günaşırı nəşrini təşkil edən bu ziyalılar yerli ədəbi qüvvələrin, sənət ustalarının daha mütəşəkkil formada fəallaşması, ədəbi bilik səviyyəsinin yüksəlməsinə öz töhfələrini vermişlər.

Bu dövrdə yazıb-yaradan Güney şairlərinin yaradıcılığına başlıca olaraq Vətən mövzusu, xalqın azadlıq, istiqlal arzularının ifadəsi, Ana torpağa məhəbbət, ana dili uğrunda mübarizə motivləri xas olsa da, eşqi, məhəbbəti və gözəlliyi tərənnüm edən şeirləri də az yaranmırdı. Həyatın mənası, yaşamaq, gəlimli-gedimli dünyanın mahiyyətinə varmaq cəhdindən doğan və dərin məna kəsb edən fikirlər, fəlsəfi düşüncələrin hakim olduğu poeziya nümunələri Güney ədəbiyyatını rövnəqləndirir.

(davamı növbəti saylarımızda)

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.