DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Sokrat

"Onsuz da öləcəyəm, siz sadəcə, bunu tezləşdirirsiniz". Bu sözlər edama məhkum olan Sokratın son sözləri idi... Tarixin xoşbəxt, həyatın isə bədbəxt insanlarından olan yunan filosofu Sokrat açıqsözlü və kobudluğu sayəsində özünə çoxlu düşmən qazanmışdı. Xüsusən, varlılar onu heç sevmirdilər. O, da sofistləri heç sevmirdi...

Afinada dünyaya göz açan bu filosofun atası Safroniks daşyonan, anası Fenareta isə mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət etmiş, Olimpiya oyunlarında yumruq döyüşlərinin iştirakçısı olmuşdu. Haqqında saysız-hesabsız əsərlər yazılmışdır. Fikirlərini şifahi şəkildə yayırmış.

O, məktəbi bitirəndən sonra daş yonmaqla atasının yolunun davamçısı olub. Filosofun fikrincə, o, anasının da sənətini davam etdirirdi. Fenaretanın mamaça olmağından danışan Sokrat deyirdi ki, o da anasının peşəsinə oxşar işlə məşğuldur. Sadəcə, anası adamlara, o isə fikirlərə doğulmaqda kömək edir.

Sokrat ailəli idi, uşaqları vardı. O, zahiri cəhətdən çox görkəmsiz və kobud biri idi. Ömrü boyu ailəsi ilə yoxsul həyat sürmüşdü. Buna görə də arvadı ilə tez-tez dava-dalaşları olurdu.

Geyimi kimi həyat tərzi də çox sadə olan filosof günlərini afinalılar, xüsusilə dostlarından və pərəstişkarlarından ibarət məclislərdə keçirərdi. Bu məclislər sayəsində  təlimlərini  yayırdı.

Deyilənlərə görə, günlərin birində  dahi filosofa vəhy gəlir. İçindən gələn bir səs ona deyir ki, insan öz könül dünyasını təmizləməklə, özünü dərk edib Allaha yaxınlaşa bilər. O gündən etibarən Allahı axtarmağa başlayan filosof, nəhayət, bir gün bu əhvalatı arvadına danışır. Lakin arvadı əvvəl onun dediklərinə inanmır. Düşünür ki, yəqin, başına hava gəlib. Amma sonra Sokrat bu barədə camaata danışacağını deyəndə arvadı belə deyir: "Sən bunu etməməlisən. İş-gücünü buraxıb camaata ağılmı öyrədəcəksən? Onlardan sənə heç bir fayda gəlməz. Bizə yazığın gəlsin. Mənə və uşaqlara zülm eləmək istəyirsən? Sənsiz də müəllimlər çoxdu". Amma Sokrat arvad sözünə qulaq asan kişilərdən deyildi. Xanımının sözləri onun israrını daha da artırır. Axırda bir gün meydana çıxıb bütün bunları camaata danışır. İnsanlar arasında təbliğat aparmağa başlayır. Onlar isə onu dəli sanıb heç bir məhəl qoymurlar.

Sofistləri heç sevməyən  Sokrat onları belə təqdim edirdi: "Qadın gözəlliyi dəyərdir. Onu satana əxlaqsız deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər". Bu sözlər onun sonralar elə sofistlərin sayəsində edama məhkum edilməsinə səbəb olub. Onu gəncləri pozmaqda  günahlandıraraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib. Ölümdən öncə keçirilən məhkəmədə belə, o, özünü müdafiə etməyə çalışmayıb. Hətta məhkəmədə son söz əvəzi: "Mən onsuz da bir gün o dünyaya gedəcəyəm, siz sadəcə bunu tezləşdirirsiniz. Mən əgər bir də dünyaya gəlsəm, yenə də eynən bu cür davranardım", - deyir. Sokrat o dövr üçün ən məşhur ölüm cəzalarından birinə məhkum edilir. Onun bədəninə iynə ilə zəhər vururlar. Lakin o, ölümqabağı çox deyib-güldüyündən "həkimlər" xüsusilə onun üçün normadan artıq zəhər hazırlamaq məcburiyyətində qalırlar. Sokratın ölümqabağı son sözü bu olub: "Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın". Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. Elə zəhər  də Asklepinin yardımı ilə icad edilib. Ona görə bir qurban kəsməyə dəyərdi...

 

Meri Şelli

Daha çox "Frankşteyn" romanı ilə  məşhurlaşan  bu ingilis yazıçısı  yaradıcılığı ilə yanaşı, keşməkeşli həyat hekayəsi ilə də yaddaşlarda qalıb. Maraqlıdır ki, rekord səviyyədə oxunan bu romanın müəllifi, dünya klassikləri arasında özünəməxsus yerə sahib olsa da  az tanınır. Hətta bəziləri həmin romanı  yazanın dodağından siqareti, əlindən qədəhi əskik olmayan, depressiv, aqressiv bir kişi olduğunu zənn edirlər. Halbuki, bu əsəri ərsəyə gətirən qadındır. Hətta, daha dəqiq desək, bu tükürpədici roman olduqca zərif, incə, 18 yaşlı bir qızın qələmindən çıxıb. Söhbət Meri Şellidən gedir...

Merinin anası dövrünün ən iddialı feministi Meri Uolstonkraft, atası isə radikal anarxist, yazıçı-jurnalist Uilyam Qodvin idi. Anası o doğulandan qısa müddət sonra ölmüşdü. Meri və digər iki bacısını atası ilə ögey anası böyütmüşdü. Qızların üçü də gözəl, savadlı idi. Həmin dövrün ən məşhur kitab evlərindən biri Merinin ailəsinə məxsus idi. Hər gün ora tanınmış filosoflar, jurnalistlər üz tuturdu. Bu isə Meri üçün  intellektual simalarla daim təmasda olmaq demək idi. Gənc qızın tanıdığı bütün kişilər ya şair idi, ya da yazıçı. Hətta başqa kişilərin bu xarakterdə  olduğunu zənn edirdi. Bir gün kitab evinə bir gəncin gəlməsi ilə onun büsbütün həyatı dəyişir. Həmin şəxs şair Persi Şelli idi. Persi və Meri saatlarla sevdikləri kitablardan, sənət adamlarından danışırdılar. Söhbətləri bitmək bilmirdi. Persinin 22, Merinin isə 16 yaşı vardı. Ədəbiyyatla başlayan bu tanışlıq sevgiyə çevrilir. Bir-birilərinə aşiq olurlar.  Halbuki, Persi həmin vaxt evli idi. Özü də həyat yoldaşı Persidən ikinci uşağı dünyaya gətirməyə hazırlaşırdı.

Bütün bu sevgiyə rəğmən Persi arvadından uzaq gəzirdi. Çünki onu bəsit, bayağı görürdü. İntellekt sarıdan isə tamamilə kasad hesab edirdi. Arvadının onun ideallarını, xəyallarını, hədəflərini dərk edəcək səviyyədə olmadığını düşünürdü. Bəlkə də haqlı idi. Qadının həyatı ailə-məişət, uşaqlar, biş-düşdən ibarət idi. Meri isə  ağıllı, mədəni idi. Bir gün gizli sevgiyə gün işığı sızır. Dedi-qodular ayaq açıb yeriməyə başlayır. Hər kəs Merinin evli kişi ilə sevgi macərasından danışırdı.

Bütün bunlar çılğın aşiqlərin vecinə deyildi. Amma bir gün qərar vermək vaxtı olduğunu anlayırlar. Tanışlıqlarından iki il sonra hər şeyi, hamını geridə qoyaraq qaçırlar. Qaçarkən yanlarında Merinin ortancıl bacısı da vardı. Hadisədən xəbər tutan Merinin böyük bacısı Feni həyatındakı ən böyük zərbəni alır. Çünki onun da Persidə gözü var idi. Hətta ona platonik eşq bəsləyirdi. Bu qaçışdan sonra arxalarınca lənət oxumağa başlayır. Ən maraqlısı isə o günə qədər sevginin azadlığını müdafiə edən, əxlaq anlayışını yerdən-yerə vuran atası qızının qarışdığı bu qalmaqala sərt reaksiya verir. Düz iki il onunla bir kəlmə belə kəsmir. Bütün baş verənlər az deyilmiş kimi, ardınca intiharlar başlayır. Əvvəlcə Persinin qoyub qaçdığı arvadı özünü gölə atır. Ardınca Merinin bacısı Feni özünü öldürür. Hər iki intiharın səbəbkarı kimi Meri və Persi  göstərilir. Onların sevgisinə lənət donu geyindirirlər. Baş verən bütün bədbəxtliklər bu iki sevgilini bir-birinə daha da bağlayır.

Bir gün tanınmış yazıçı Lord Bayron onları əylənmək üçün İsveçrədəki qəsrinə dəvət edir. Persi və Meri dəvəti qəbul edirlər. Keçmişlərindən,  qəlblərini qırdıqları, üzdükləri insanlardan qaçıb qurtulmaq istəyirmiş kimi həmin qəsrə sığınırlar. Əzəmətli qəsrdə beş nəfər olurlar. İlk baxışdan, hər şey gözəl görünür. Amma tutqun hava heç cür açılmaq bilmir; ya çiskinli olur, ya yağışlı, ya da buludlu. Bu şərtlərdə çölə çıxmaq onlar üçün çox da əlverişli deyildi. Vəziyyəti belə  görən Bayron bir oyun təklif edir. Oyunun qaydalarına görə, hər kəs bir qorxulu hekayə uyduracaq, sonra da bir-birinə danışacaqdılar. Təklif hər kəsin xoşuna gəlir və evə qapandıqları vaxtlardakı boşluğu bu cür doldururlar.

Günlər sonra hava açılır, günəş doğur, kişilər bu oyunu unudurlar. Persi və Bayron ilk fürsətdə ova çıxır, balıq tutmağa gedir, günlərini gəzib dolaşmaqla keçirirlər. Meri isə heç yerə tərpənmir, qəsrdə oturub qorxulu hekayələr uydurub yazmağa davam edir. Sona çatdıqda isə ortaya əfsanəvi "Frankşteyn" çıxır. Bax belə. Ədəbiyyat tarixində elə romanlar var ki, onun yazılma tarixçəsi  özündən də maraqlıdır...

Ömrünün bir neçə ilini beyin xərçəngindən əziyyət çəkən yazıçı 53 yaşında vəfat edib.

 

Paulo Koelyo

Psixiatriya xəstəxanası təkcə sıradan insanlar  üçün nəzərdə tutulmayıb. Bu yoldan bəzən dahi yazıçılar, filosoflar, şairlər də keçməli olub. Həmin yolu keçməyə məhkum olanlardan biri də hazırda yaşayan dahilərdən olan tanınmış Braziliya şairi və yazıçısı Paulo Koelyodur...

Yeniyetməlik dövründə dəlixanaya göndərilən bu yazıçı, dəfələrlə xəstəxanadan qaçsa da, yenidən oraya qaytarılıb. Nəhayət, 20 yaşında xəstəxanadan çıxıb. Yazıçı yaşadıqlarını belə qələmə alıb: "Tibbi sənədlərdəki səbəblər çox bayağı idi. Məktəbdə özünə qapanan və bədbəxt olduğum göstərilmişdi. Dəli deyildim, sadəcə, həqiqətən yazıçı olmaq istəyən 17 yaşlı uşaq idim. Bunu heç kim başa düşmədiyi üçün aylarla məni bir otağa qapadıb çoxlu sakitləşdirici dərmanlar içirdirdilər. Müalicəm sırf elektroşokdan ibarət idi. Bir gün bu yaşadıqlarımı yazmağa və beləcə, gənc insanları həyatlarının ən erkən mərhələlərindən etibarən öz xəyallarının uğrunda mübarizə aparmağa sövq  edəcəyimə söz verdim". 

Psixiatrik xəstəxanadan çıxdıqdan sonra bir müddət davamlı olaraq narkotikdən istifadə edən yazıçı sonralar  jurnalistika ilə məşğul olmağa başlayır. Yalan xəbərlər, dezinformasiyalar yazmaqla oxucuları aldadır.

Bu gün milyonlarla oxucusu olan, kitabları əldən-ələ gəzən,  həyatı əsərlərindən daha maraqlı olan Koelyonun  yazıçı olmaq üçün həm də cadu etdirdiyini bilirdinizmi? Yəqin ki, yox. Amma bu tam dəqiq məlumatdır. Belə ki, Koelyo məşhur olmaq üçün həm cadu etdirib, həm də şeytanla müqavilə bağlayıbmış...

Koelyonun bir müddət öncə çap olunan bioqrafiyası braziliyalı yazıçının çox qaranlıq və qorxunc həyatını açıq-aydın göz önünə gətirir.  Belə ki, bioqraflardan birinin dediyinə görə,  o bir zamanlar satanist imiş. Dünyanı dəyişdirməyi qarşısına məqsəd qoyan yazıçı illərlə cadu, ovsunlar etdirmək üçün  şeytanın məbədinə gedirmiş. Sadəcə, məbədə getməyib, həm də şeytanın sadiq müridi  olub. Yazar ola bilmək  arzusunun reallaşması üçün ruhunu şeytana satmağı belə sınayıb. Lakin  sonralar Koelyo çoxlu faciələr yaşadığı üçün qorxub, şeytanla müqaviləsini pozub. Əslində, bu məlumatlar o qədər də qəribə deyil. Çünki bir çox yazıçılar narkotik də istifadə edib, yalan da danışıb, bəlkə falçı yanına da gedib. Bütün bu deyilənlər absurd olsa da, görünən həqiqət odur ki, o, arzuladığı zirvəyə qalxmağı bacarıb.

Bioqrafları Koelyonun cinsi təcrübələrinin də çox dəhşətli olduğunu söyləyirlər. Hətta  yazıçının gənclik illərində insanlar arasında çılpaq gəzmək kimi iyrənc vərdişi də var imiş. Bütün qəribəliklərinə, iyrəncliklərinə baxmayaraq, bu gün  Koelyo dünyanın ən çox oxunan müəlliflərindəndir.

Ən qəribəsi isə budur ki, oxucuları yazıçının gündəliklərini bioqrafiyadakı seçmələrdən kənarda heç bir zaman oxuya bilməyəcək. Çünki yazıçı ölərsə,  bunların yandırılmasını vəsiyyət edib...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".