SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sağlamlığın "açarı" bu giləmeyvədə imiş

Payız və qış mövsümünün ən faydalı giləmeyvələrindən hesab edilən quşüzümü hələ qədim zamanlardan bəri bir çox müalicəvi xüsusiyyətlərinə görə "gənclik giləmeyvəsi" adlandırılır. Tərkibindəki bioloji aktiv maddələrə görə, heç bir giləmeyvə ilə müqayisə olunmayan bu bitkinin, indiyədək bir çox xəstəliklərə qarşı müsbət təsir etdiyi sübuta yetirilmişdir. Bu yaxınlarda isə onun daha bir faydası ortaya çıxıb. Belə ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan araşdırma zamanı quşüzümünün, həmçinin ürək-damar xəstəlikləri, insult və diabet riskini də azaltdığı məlum olub.

Milliyet.com saytının yaydığı xəbərə görə, gündə iki stəkan quşüzümü suyu insult və ya ürək xəstəlikləri riskini azalda bilər. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırma zamanı 56 iştirakçıya kontrollu diyetlər tətbiq olunub. Belə ki, iştirakçıların yarısına gün ərzində iki stəkan quşüzümü suyu içirdilib, qalanlarına isə normal qidalanma təklif edilib.

Səkkiz həftədən sonra onların qan təzyiqi, şəkəri və qan lipidləri ölçülüb. Nəticələrdə quşüzümü suyu içənlərin göstəricilərinin müsbət çıxdığı qeyd olunub.

Mütəxəssislər quşüzümünün tərkibində olan polifenolların çox güclü antioksidantlar olduğunu deyirlər. Onların fikrincə, quşüzümü bu baxımdan çox zəngindir. Qeyd edək ki, quşüzümündə alma, qaragilə, üzüm və zoğaldan daha çox polifenol mövcuddur.

Tərkibi C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavanoidlər, katexinlər, antosianlar, efir yağları və pektin kimi bir çox faydalı maddələrlə zəngin olan quşüzümü şirəsi, toksik maddələri orqanizmdən çıxarmağa imkan verir. Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır. Bundan əlavə, quşüzümü böyrək və bağırsaq sisteminin fəaliyyətinə də müsbət təsir göstərir. Onun tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır. Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümündən müntəzəm istifadə damarların elastikliyini artır.

 

Teflon tavalardakı təhlükə

Avstraliyanın Flinders Universitetinin tədqiqatçıları hazırda mətbəxlərin çoxunda istifadə olunan teflon (müasir yanmayan material) örtüklü tavalarla bağlı araşdırma aparıblar. Ortaya qorxunc nəticələr çıxaran alimlər, yüksək temperaturun qazanlarda kanserogen maddələrin ifrazına səbəb olduğunu söyləyirlər.

Araşdırma nəticəsində məlum olub ki, teflon heç də ziyansız material deyil. Bu materialdan hazırlanan qazan yüksək temperaturda qızdırıldıqda olduqca zərərli maddələrin ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığı üçün təhlükəlidir. Həmin maddələrin xüsusilə kanserogen (xərçəng əmələgətirən) təsirə malik olduğu bildirilir.

Qeyd edək ki, sözügedən materialdan tavalar istehsal edən şirkətlərin çoxu təsdiq edir ki, teflon 260 dərəcə Selsi və ya bundan artıq temperaturda qızdırıldıqda zərərli maddələr ifraz etməyə başlayır. Bu səbəbdən də mütəxəssislər təhlükədən qorunmaq üçün belə qazanlardan uzaq durmağı məsləhət görürlər. Bu cür qazanlar alarkən isə keyfiyyətinə diqqət yetirmək vacibdir. Belə ki, teflon örtüyü olan qazanları aldıqda yalnız keyfiyyətli və tanınmış şirkətlər tərəfindən istehsal olunmuş malların seçilməsi tövsiyə olunur.

Əgər teflon örtüyünün üzərində cızıqlar və ya istənilən digər zədələr əmələ gəlibsə, belə qazanı və ya tavanı dərhal tullamaq lazımdır. Teflon örtüyünün zədələnməsi nəticəsində qidaya ziyanlı maddələr keçir. Bu səbəbdən, teflon tava və qazanlarda qida hazırladıqda bıçaqdan, çəngəldən və s. metal əşyalardan istifadə etmək olmaz. Qidanın hazırlanması zamanı yalnız taxta, yaxud plastik alətlərdən istifadə etmək olar.

Beləliklə, baxmayaraq ki, teflon örtüyü olan tava və qazanlar çox geniş istifadə olunur, onlara dünyada olan münasibət birmənalı deyil. Məhz bu səbəbdən də çuqun, minalanmış və keramika örtüyü olan qazan və tavalardan istifadə etmək məsləhət görülür.

 

Bənövşəyi pomidor xərçəngin çarəsi ola bilərmi?

Elm adamları aslanağzı növünə aid olan çiçəkdən əldə etdikləri iki geni birləşdirərək bənövşəyi rəngli yeni pomidor növü, "super pomidor" yetişdiriblər. Digər meyvə və tərəvəzlərdən fərqli olaraq 10 qat daha çox antioksidantla zəngin olan pomidor, xərçəngə qarşı böyük ümid bəxş edir. Posta.com.tr veb saytının yaydığı xəbərə görə, geni dəyişdirilmiş bitkinin yaxın zamanlarda ABŞ-da satışa çıxarılacağı planlaşdırılır.

Böyük Britaniyanın "Norfolk Plant Sciences" şirkətinin tədqiqatçıları tərəfindən yetişdirilən pomidor aslanağzı çiçəklərindən əldə edilən genlər ilə çarpazlaşdırılıb. Qeyd edək ki, sözügedən bitkinin genlərində yüksək səviyyədə diabet, xərçəng, iltihab əleyhinə çox güclü təsir göstərən antosiyanin (bənövşəyi piqment) maddələr mövcuddur.

Xərçəng xəstəliyi olan siçanlar üzərində aparılan araşdırma zamanı bitkinin bu xəstəliyə qarşı effektiv təsir etdiyi və gəmiricilərin ömrünü 30 faiz uzatdığı məlum olub.

Bənövşəyi pomidor təxminən 15 ildir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Heyvan və Bitki Sağlamlığı Təftiş Xidməti (APHIS) tərəfindən araşdırılmışdır. Lakin ilk dəfədir ki, geni dəyişdirilmiş bu bitkinin kommersiya məqsədilə istifadəsi üçün lisenziya verilib və yaxın zamanda toxumlarının satışa çıxarılması planlaşdırılır.

Super pomidorun bənövşəyi rəngi böyürtkən və zoğalın təkibində olan antioksidant təsirə malik antosiyaninlər kimi tanınan piqmentlərdən qaynaqlanır. Antosiyaninlər isə bədəndəni potensial olaraq zərərli oksigen molekullarından təmizləyən flavonoidlər adlı kimyəvi maddələrdir.

 

Qulaqcıqlar eşitmə itkisinə yol açır

"BMJ Global Health" jurnalında dərc olunan xəbərə görə, bir milyarddan çox yeniyetmə və gənc eşitmə itkisi riski altındadır. Belə ki, Karolinska Universitetinin alimləri gənclərin konsert zamanı və ya qulaqcıq vasitəsilə çox yüksək səsli musiqi dinləməsi səbəbindən kar olma təhlükəsi ilə qarşı-qarşıya olduğunu söyləyirlər.

Yüksək səsli musiqinin 12-34 yaş arası 20.000 insanın eşitmə qabiliyyətinə təsiri ilə bağlı 33 araşdırmanın nəticələri təhlil edilib. Nəticədə qulaqcıqdan istifadə edən iştirakçıların 24 faizinin musiqi dinləyərkən son dərəcə yüksək səs səviyyəsinə üstünlük verdiyi ortaya çıxıb. Bundan əlavə, insanlardan 50 faizinin isə müntəzəm olaraq 112 desibelə qədər musiqi dinlədiyi məlum olub.

Alimlərin sözlərinə görə, 85 desibeldən yuxarı səs səviyyəsi eşitmə qabiliyyətinə zərərvermə riskini artıtır. Onların fikrincə, qulaqcıqlarda çox yüksək səsli musiqi daxili qulağa, eşitmə sinirinə zərər verməklə tük hüceyrələrinin sayını azalda və nəticədə karlığa səbəb ola bilər.

Yer kürəsində 12-34 yaş arasında təxminən 2,8 milyard insanın olduğunu nəzərə alsaq, 1,35 milyard gəncin eşitmə itkisi ilə üz-üzə olduğu görünür.

Araşdırmaya rəhbərlik edən Lauren Dillard, "bu problemin qarşısını almağın ən yaxşı yolunu dinləmə müddətini və səsi azaltmaqda görür. "Təəssüf ki, insanlar yüksək səslə musiqi dinləməyi sevirlər". Tədqiqatçı həmçinin bildirib ki, gənclər smartfon və qulaqcıqların parametrlərini daha yaxşı öyrənməlidirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".