DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ANKARA TÜRKMƏNİSTAN QAZINI TRANZİTLƏ AVROPAYA TƏDARÜK ETMƏYƏ HAZIRDIR

Rəsmi Ankara Türkmənistandan Avropaya tranzitlə təbii qaz tədarük etməyə hazır olduğunu açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun Aşqabad səfərinin yekunlarına dair “Neytral Türkmənistan” qəzetində dərc olunan məlumatda bildirilib.

Nəşr qeyd edib ki, parlamentin spikeri ölkələr arasında ticari-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu vurğulayaraq, Türkiyənin Türkmənistan təbii qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bir neçə gün öncə Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop arasında görüş keçirilib.

 

AĞ EV: İRANIN NÜVƏ SAZİŞİ ARTIQ ABŞ-IN DİQQƏT MƏRKƏZİNDƏ DEYİL

İranın nüvə sazişinin bərpası artıq ABŞ-ın diqqət mərkəzində deyil, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük verməkdə davam edir. “Trend” agentliyinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bildirib.

“Birgə Hərtərəfli Fəaliyyət Planı hazırda diqqət mərkəzimizdə deyil. Hətta İrandakı etirazlardan əvvəl bu məsələdə iranlılardan çox uzaqlaşmışdıq. Onlar nüvə sazişi ilə birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edirdi. Və bütün səylərimizə baxmayaraq, etirazlara qədər onlarla müqavilə bağlaya bilmədik”, - deyə Con Kirbi vurğulayıb.

Eyni zamanda, Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlıdır.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Cozef Baydenin İranın nüvə silahı əldə etməsinə mane olmaq öhdəliyi baxımından heç nə dəyişməyib. Lakin prezident hələ də diplomatiyanın nəticəyə nail olmaq üçün ən yaxşı yol olduğuna inanır”, - deyə Con Kirbi əlavə edib.

 

İSTANBUL TERRORUNA GÖRƏ YENİDƏN HƏBS OLUNANLAR VAR

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə şənbə günü Bolqarıstan milli televiziyası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Həmçinin saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.

Bolqarıstan Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saatlıq nəzarətə götürülüb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb.

İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.

Eyni zamanda, qeyd edilir ki, terror aktı ilə əlaqəli olduğu güman edilən daha 8 nəfər Türkiyədə saxlanılıb. Saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onları gizlətməkdə şübhəli bilinirlər. Saxlanılan iki şəxsin terror aktını törədən Suriya vətəndaşı Əhlam Əlbəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə kömək etdikləri bildirilir.

 

NATO GƏMİLƏRİ BALTİK DƏNİZİNƏ DAXİL OLUB

NATO-nun Birinci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq”, - deyə qrupun rəhbəri Canett Moranq vurğulayıb.

Məlumata əsasən, Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman “HNLMS Tromp”, Danimarka freqatı “HDMS Esbern Snare” və Norveç tankeri “HNoMS Maud” daxildir.

Gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada “Ice Winds 22” beynəlxalq dəniz təlimində iştirak edəcəklər.

 

BƏŞƏR ƏSƏDDƏN TÜRKİYƏ PREZİDENTİNİN ÇIXIŞINA REAKSİYA

Suriya prezidenti Bəşər Əsəd Suriya və Türkiyənin tez bir zamanda masaya gəlməsinin və kəşfiyyat səviyyəsində danışıqların siyasi əməkdaşlığa və güc birliyinə çevrilməsinin vacib olduğunu bildirib. “Teleqraf.com” xatırladır ki, Türkiyə-Suriya münasibətlərinin normallaşması ilə bağlı bəyanatlar artıq bir-birinin ardınca gəlir.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya və Misirlə əlaqələrlə bağlı “Siyasətdə sonsuza qədər küskünlük yoxdur, yeri gələndə oturub dəyərləndirə, ona görə bir yeniləmə edə bilərsiniz” fikrinə Suriya tərəfi qarşılıq verib.

Suriya prezidenti Bəşər Əsəd deyib: “Qonşu ölkələrlə münasibətlərimizə yenidən baxa bilərik. Xüsusilə iyun seçkilərindən sonra biz bunu edə bilərik”.

“Aydınlık” qəzetinin Suriyadakı mənbələrindən əldə etdiyi məlumata görə, Bəşər Əsəd bir neçə gün öncə Suriyanın ziyalıları ilə görüş keçirib. Bağlı qapılar arxasında keçirilən görüşdə diqqətçəkən məsələlərdən biri də Türkiyə-Suriya münasibətləri olub.

 

İRANDA POLİSİN TƏLƏBƏNİ QƏTLƏ YETİRMƏSİ ETİRAZLARI DAHA DA ALOVLANDIRDI

Güney Azərbaycanın Təbriz şəhərindəki Tibb Elmləri Universitetinin tələbələri Aylar Həqqini İran hakimiyyətinin qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər. “Report”xəbər verir ki, bu barədə Güney Azərbaycan mənbələri məlumat yayıb.

Bildirilir ki, ali təhsil müəssisəsinin dördüncü kurs tələbəsi, 23 yaşlı Aylar Həqqi noyabrın 12-da Təbrizdə İranın hərbi polisi tərəfindən qətlə yetirilib. Rejim qüvvələri onu çoxmərtəbəli binadan atıblar.

Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilib. Hakimiyyət qətlə yetirdiyi Ayların dəfninə də mane olmağa cəhd göstərib.

Hərbi polis qüvvələri mərasim iştirakçılarına hücum ediblər. Xüsusi təyinatlı polis bölmələri və təhlükəsizlik qüvvələri qəbiristanlığın giriş yollarını bağlayaraq bir çox etirazçının ora getməsini əngəlləyib. Mərasim iştirakçıları İran hökuməti əleyhinə şüarlar səsləndiriblər.

 

TRAMPLA BAĞLI ARAŞDIRMA XÜSUSİ EKSPERTƏ HƏVALƏ OLUNUB

ABŞ-ın baş prokuroru Merrik Qarland keçmiş prezident Donald Trampa qarşı aparılan “məxfi sənədlər” və “Konqresdə 6 yanvar hücumu” araşdırmaları üçün xüsusi ekspert təyin etdiyini açıqlayıb. “Teleqraf.com”un  xəbərinə görə, Kosovoda hərbi cinayətləri araşdıran Haaqa Məhkəməsinin keçmiş baş prokuroru Cek Smit Ədliyyə Nazirliyinin Trampla bağlı araşdırmalarına xüsusi səlahiyyətli ekspert təyin edilib.

Donald Trampın 2024-cü il seçkiləri üçün prezidentliyə namizədliyini açıqlamasının xüsusi səlahiyyətli ekspert təyinetmə qərarında ən mühüm faktor olduğunu bildirən Qarland, sözügedən təyinatın prokurorların qanuna uyğun olaraq araşdırmalarını davam etdirməsinə töhfə verəcəyini bildirib.

Məlumata görə, xüsusi səlahiyyətli ekspert Konqresə hücum çərçivəsində Donald Trampın rolunu araşdıracaq. Onun hesabatı nə vaxt hazırlayıb təqdim edəcəyi barədə xəbər verilmir.

 

ALMANİYADA ŞİRKƏTLƏR İSTEHSALI AFRİKA VƏ ASİYAYA KÖÇÜRMƏK NİYYƏTİNDƏDİR

Almaniyada bir sıra şirkətlər anti-Rusiya sanksiyalarının Avropanın iqtisadiyyatına təsirinin artması səbəbindən istehsalı Afrika və Asiyaya köçürmək niyyətindədirlər. “Report” agentliyi xəbər verir ki, bu barədə Fransanın “Le Monde Diplomatique” nəşri yazıb.

Nəşr qeyd edib ki, Almaniyadakı bəzi kimya şirkətləri artıq ölkədə istehsalını məhdudlaşdırır və istehsalı xaricə köçürür. Bu, xammal və elektrik enerjisinin qiymətinin rekord dərəcədə artması ilə bağlıdır.

Məlumata əsasən, 2022-ci ilin üçüncü rübündə Almaniyada kimya istehsalı 14 faiz azalıb. Əksər kiçik və orta firmalar üçün elektrik enerjisi və yanacaq haqqını ödəmək həlli mümkün olmayan çətin vəziyyət yaradıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.