Qarakənd faciəsi
Tarix

Qarakənd faciəsi

31 ildir çözülməyən sirr

20 noyabr 1991-ci ildə ermənilərin Azərbaycanın Qarakənd ərazisində törətdikləri beynəlxalq miqyaslı sui-qəsd müstəqillik tariximizin ən faciəli səhifələrindən biridir. Otuz bir il bundan əvvəl Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 hərbi helikopterin Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulması nəticəsində heyət üzvləri və sərnişinlərin hamısı həlak olmuşdu. Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, keçmiş SSRİ xalq deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, vilayət prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, milli təhlükəsizlik idarəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, Azərbaycan televiziyasının əməkdaşları Alı Mustafayev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov, helikopter heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov və Gennadi Yarovenko ermənilərin həyata keçirdikləri sui-qəsdin qurbanı oldular.

Üstündən 31 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə kimi hələ də aydınlıq gətirilməyib, bir çox suallara hələ də cavab tapılmayıb.

Sonradan istintaq müəyyən etmişdir ki, 1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam aeroportunun uçuş zolağındakı iki helikopterin yanacaq çənləri doldurulub. Mİ-8 N69 helikopterini 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantey Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Nədənsə ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən saat 13:48 dəqiqədə birincinin yerinə havaya qalxıb. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42-də vurulub. Maraqlıdır ki, bu faciə haqqında xəbər Xankəndidə erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə saat 15:30-da verilib. Halbuki, həmin vaxt Azərbaycanda hadisənin baş verməsi haqqında heç bir məlumat olmayıb və demək ki, ermənilər bu sui-qəsdi əvvəlcədən planlaşdırıblar. Peşə fəaliyyətimlə əlaqədar olaraq Qarabağ münaqişəsinin başlandığı ilk günlərdən hadisələrin içərisində olmuşam və bölgədə baş verən faciəli günlərin şahidiyəm. Ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi terror və qətl hadisələri kortəbii baş vermirdi, bu cinayətlər planlı şəkildə törədilirdi.

Faciənin mahiyyətinə varmaq üçün münaqişənin alovlandırılması, qanlı müharibəyə çevrilməsi səbəblərinə diqqət yetirək. Məlum olduğu kimi, Azərbaycan 1991-ci ilin oktyabr ayının 18-də dövlət müstəqilliyini elan etdi. Çökməkdə və dağılmaqda olan keçmiş sovet imperiyası bu müstəqilliyi və azadlığı çox böyük qısqanclıqla, eyni zamanda qatı düşmən kimi qarşıladı, xalqın azadlıq və müstəqillik istəyini Qarabağda məskunlaşmış erməni separatçılarının əli ilə boğmağa başladı. Baxın, 1991-ci ilin oktyabr ayında azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, bir qədər sonra isə Cəmilli, Meşəli və digər kəndlər erməni işğalına məruz qaldı. Həmin kəndlərdən minlərlə insan öz evindən qovuldu və onlar məcburi köçkün kimi Ağdama üz tutdular.

Təbii ki, Azərbaycanın o vaxtkı rəhbərləri münaqişənin alovlanmasının qarşısını almağa cəhd göstərirdilər. Lakin bu istənilən səviyyədə deyildi. Həmin vaxt keçmiş SSRİ prezidenti, əlləri dirsəyinə qədər xalqımızın qanına batmış, ermənilərin əlində oyuncağa çevrilən M.Qorbaçov qanunsuz silahların əhalidən yığılması haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən Qarabağdakı azərbaycanlı kəndlərinin əhalisinin əlində olan-qalan quş tüfəngləri də yığıldı, ermənilərə isə bu barədə heç bir söz deyən tapılmadı. Əksinə, həmin dövrdə erməni silahlı dəstələri yaradılır, silah-sursatla təmin edilir, azərbaycanlılara, sözün əsl mənasında, divan tutulurdu. Qarabağ artıq od-alov içində idi. Ermənilər yolları kəsir, azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır, mal-qaranı sürüb aparır, insanları qətlə yetirirdilər. Cəzasız qaldıqları üçün Qarabağda yaşayan ermənilərin qanuna zidd, separatizm meyilləri, düşmənçiliyə, dini ayrı-seçkiliyə qarşı yönəlmiş hücumları, təxribatları hər gün daha da artırdı. Bir daha qeyd edim ki, 1991-ci ilin payız ayları başlayanda Qarabağda onlarla azərbaycanlı kəndi artıq boşaldılmışdı. Qanlı qırğını dayandırmaq üçün 1991-ci ilin sentyabr ayının 26-da Rusiya Prezidenti Boris Yeltsin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti Ayaz Mütəllibov Qarabağa gəldilər. Həmin vaxt onları qarşılayanlar arasında jurnalist kimi iştirak edirdim. Xocalı aeroportu ermənilər tərəfindən mühasirəyə alınmışdı, hər tərəfdə Rusiyanın, Qazaxıstanın və Ermənistanın bayraqları dalğalanırdı. Erməni qızları əllərindəki duz, çörək və şərbətlə Rusiya və Qazaxıstan prezidentini sevinclə qarşıladılar. Bu vaxt Azərbaycan prezidenti kənarda qaldı. Xankəndinin mərkəzində ermənilərin böyük bir mitinqi keçirilirdi. Erməni kütlə Rusiya və Qazaxıstan prezidentlərini sürəkli alqışlarla qarşılayaraq qonaqları Muxtar vilayətin İcraiyyə Komitəsinin binasına dəvət etdilər. Azərbaycan prezidenti Ayaz Mütəllibov həmin binaya buraxılmadı. O, məcbur olub vilayət təşkilat komitəsinin tikanlı məftillərlə əhatələnmiş binasına getdi. Ermənilər buraya gəlmiş azərbaycanlı jurnalistləri söyür, təhqir edir, təpikləyir və bizi iclasın getdiyi binadan uzaqlaşdırmağa çalışırdılar. Həmin vaxt ermənilər azərbaycanlı jurnalist Nadejda İsmayılovanı qadın olmasına baxmayaraq, vurur və binadan çıxmasını tələb edirdilər. Bir türk jurnalistini isə ermənilər girov götürdülər. Bu haqsızlığa və ermənilərin törətdiyi cinayətlərə hüquq-mühafizə orqanları tərəfindən heç bir ölçü götürülmədi. Həmin iclasda Azərbaycan hökumətini təmsil edən nümayəndələr iştirak etmirdi. Qapalı keçirilən görüşdən bir neçə saat sonra, B.Yeltsin və N.Nazarbayev mitinq iştirakçılarının qarşısına çıxaraq çıxış etdilər. Həmin çıxışı ermənilər çox böyük sevinc və sürəkli alqışlarla qarşıladılar. Sonra nələr baş verdi?! Həmin mitinqdən sonra beş ay müddətində Qarabağdakı bütün azərbaycanlılar yaşayan kəndləri və qəsəbələri ermənilər zorla, silah gücünə boşaltdılar, yüzlərlə ev yandırıldı, əhalinin var-dövləti qarət edildi.

1991-ci ilin yay aylarından başlayaraq Qarabağ və ətraf rayonlarda bütün quru yollar bağlanmışdı. Ermənilər həmin yollara nəzarət edirdilər. Həmin vaxt bölgədə fövqəladə vəziyyət və komendant saatı tətbiq olunmuşdu. Buna baxmayaraq, ermənilər azərbaycanlılar yaşayan kəndlərə gedən yollarda terror aksiyaları həyata keçirir, pusqu qurur, maşınları, avtobusları gülləbaran edirdilər. Bölgədə çox çətin və ziddiyyətli vəziyyət yaranmışdı. İnsanlar fövqəladə vəziyyətə arxayın olsalar da, ermənilər sabitliyi demək olar ki, hər gün pozurdular. Kəndlər bir-bir işğal olunurdu. 1991-ci ilin noyabrın 18-də Xocavənd kəndi işğal edildi. Ağdamın mərkəzi meydanı məcburi köçkünlərlə dolmuşdu. Həmin dövrdə Ağdamda da vəziyyət olduqca gərgin idi. Noyabrın 20-də səhər dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Ağdama gəldilər və kəndlərdən qovulmuş əhali ilə görüş keçirildi. Zal tamamilə dolu idi. Rəyasət heyətində Tofiq İsmayılov əyləşmişdi. Digər rəsmilər də zalda idi. Qarabağda fövqəladə vəziyyət rejiminin komendantı Jinkin də ordaydı. Tofiq müəllim ona sual verdi ki, "siz hərbi komendantsınız, bölgəyə cavabdehsiniz. İnsanlar isə erməni vəhşiliyindən danışır. Niyə tədbir görmürsünüz?" Hərbi komendantla Tofiq İsmayılovun çox sərt söhbəti oldu. Xocavənd istiqamətində getmək qərarı həmin iclas zalında verildi. Qəfil qərar idi və əvvəlcədən belə söhbət yox idi. Təxminən bir iclas keçirildi. İclasdan çıxanda gördüm ki, İsmət Qayıbov və Məhəmməd Əsədovun əyinlərində yüngül kürk və kürklərinin altında silah var idi. Aeroporta yola düşəndə çox adam gördü ki, ruslara məxsus hərbi UAZ böyük sürətlə Xankəndiyə tərəf getdi. Onların kim olduğunu müəyyənləşdirmək mümkün deyildi.

Ağdam aeroportuna çatanda hərbi vertolyot artıq uçuşa hazır idi. Hər kəs vertolyotun göyərtəsinə daxil olaraq öz yerini aldı, jurnalistlərə çatanda yer az olduğundan Osman Mirzəyev elan etdi ki, yalnız Azərbaycan Televiziyasının müxbiri və operatoru gedəcək. Bu proses təxminən iki saata yaxın vaxt apardı. Hesab edirəm ki, həmin müddətdə vertolyotun hərəkət istiqaməti haqqında ermənilərə məlumat çatdırılmışdır. Keçmiş Martuni rayonundan həmin yerə gəlmək üçün ermənilərə yarım saat vaxt lazım idi. Bu istiqaməti ermənilərə işarə verən kim ola bilərdi?!. Xarici ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri?! Qeyd edək ki, helikopterin vurulması ilə bağlı həmin dövrdə saysız-hesabsız fərziyyələr və şayiələr dolaşırdı.

Növbəti gün səhər saat 11-dən sonra hadisə yerinə getməyə icazə verdilər. Aydın idi ki, qəza yerində təmizləmə işləri aparılıb və ermənilər bütün izləri silmək istəyiblər. Çox dəhşətli mənzərə idi. Açıq-aydın görünürdü ki, helikopter yerdə partladılıb yandırılmış, cəsədlər isə tanınmaz hala salınmışdır. Cəsədlərdən bir neçəsi isə helikopterin düşdüyü yerdən təxminən 500-600 metr kənarda tapıldı. Çox ehtimal ki, onlar sağ olduqları üçün az da olsa uzağa gedə bilmişdilər. İstintaq qrupu tərəfindən dindirilən bir çoban hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Çoban qəzanın necə baş verməsi ilə bağlı bildirmişdi ki, helikopter atəş nəticəsində yerə düşüb və yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bu da onu sübut edirdi ki, orada helikopter partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Göy otun üstündə olan cəsədlər yanmaqdan qapqara otlar isə gömgöy idi.

Bu sui-qəsd erməni quldur dəstələrinin törətdiyi cinayətlərin qarşısını almağa çalışan Azərbaycanın yüksək çinli dövlət nümayəndələrinə qarşı törədilmişdi. Helikopterin qara qutusunun hara, necə və kimlər tərəfindən aparıldığı məlum olmadı. Respublikamızın hüquq-mühafizə orqanlarına Qarabağda istintaq aparmaq qismət olmadı. Çünki bu hadisədən sonra azərbaycanlıları Xankəndiyə buraxmadılar. Ermənilərin bu cinayəti törətməkdə əsas məqsədi Qarabağı Azərbaycanın nəzarətindən tam çıxartmaq idi. Hadisələr idarəolunmaz səviyyədə inkişaf edir, ölkəni qarışıqlıq bürüyür, hökumətdə parçalanmalar gedir, ermənilərin törətdiyi terror hadisələri isə günü-gündən artırdı. Belə bir məqamda Qarabağda istintaq əməliyyatları həyata keçirmək imkansız idi.

Təəssüf ki, dünyanın taleyini müəyyən edən, haqdan və demokratiyadan dəm vuran, başqa xalqlara dərs keçmək həvəsində olan dövlətlər həmin dövrdə Azərbaycan xalqının başına gətirilən müsibətlərə və faciələrə göz yumdular. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri, Qalib Ali Baş Komandan İlham Əliyev bütün dünyaya sübut etdi ki, Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməyə, ədaləti bərpa etməyə qadirik.

Salman ALIOĞLU,

"Respublika".