Güneydən səslər

"Cənubdan səslər..."

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

Bu gün Güneydə türkcə yazmaq özü-özlüyündə bir savaşdır...

(əvvəli 20 noyabr tarixli sayımızda)

Kiyan Xiyavın "Tanqosuz Təbriz" adlı modern səpkili mini poemasında sərgilənən fikirlər də Hadi bəyin "Bu gün türkcə yazmaq, özü-özlüyündə bir savaşdır", - gerçəyini ifadə etməkdədir:

Dil-dil ötən bu dil dəm aldığım dildir, görürsənmi?

Bu dil Təbrizin ağzında quruyan Acı çayın dili

Bu dil Araz qulağında dalğaların batan səsi

Bu dil Urmu gölündə flaminqo qanadından

                                                düşən umud lələyi

Bu dil qəm pəncərəsində,

Mirzə Cəlilin gözündən qaçan işıq iyidir.

Və dil şovaliyyələrin qorxduğu dost

Və dil diktatorların qənimidir.

Və dil mənəm...

Ana dilinin yasaqlığından, elinin əsarət altında olmasından doğan kədər, üzüntüdür Məsud Haraya yenicə dünyaya gəlmiş qızına: "Sevimli qızım Burla Xatın! Sən yaşamımıza umud, işıq gətirdin qızım, Amma sənə laylalar oxuduğum dilin bu məmləkətdə, məktəblərdə yasaq olduğunu deməkdən utanıram", - söylədən... "Biz başıbəlalı bir millətin evladıyıq. Bizə düşman gərəkmir, içimizdə nə qədər özünü alçaq bilən varsa, düşmanımız var özümüzdən demək. Bizi dərd etdirən yara yabancı dırnaqlarıyla cızılmayıb, yaramız aramızda yaşayan içiboş olanlardan yaranıb. Qızım! Bu dərdlərə dərman tapmaq, artıq ağıllı olmağından, özünü, kimliyini iyi bilməyindən asılı olacaqdır. Bu uzun və daşlı yollara çıxmaq yürəyimin qıdıvıdısı deməkdir. Yolun açıq olsun və millətimizin gələcəyi aydınlıq", - tövsiyələrini dedirdən... Şərifə Cəfəri Dənizə uşaqlığından, özünü anlayandan işlək Ana dili üzərinə xəyallar qurmaqdadır:

Yaralı durnayam, göl arzusunda,

Vətən arzusunda, el arzusunda,

Anamdan doğulan gündən bu günə,

Xəyallar qurmuşam dil arzusunda.

Əlbəttə, istisnasız olaraq deyək ki, insanın duyğu və hisslərinin, ictimai-siyasi-fəlsəfi fikirlərinin, bütövlükdə daxili aləminin ifadə vasitəsi, eyni zamanda modern düşüncəsinin ana fəlsəfəsi dil, bu dildə yaşarılıq qazanmış sözlər, kəlmələrdir. Alman filosofu Haydegerin "Dil varlığın evidir" tezisini əsas götürən dr. Hüseyn Süleymanoğlu dəyərli müsahibəsində bu formulu Güney Azərbaycandakı mövcud duruma tətbiq edərək deyir ki, "əgər dil varlığın evidirsə, biz azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalmışıq. Bu ev-varlığı yenidən tikməliyik. Şair-yazarlarımızın görəvi (vəzifəsi) budur. Dilimizin sintaksisi Güneydə pozulmuşdur".

Yaranmış vəziyyətdən çıxış yolunu Hadi Qaraçay dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik, zorluq çəkməyəcəyi ortaq Azərbaycan dilinin, ortaq türkcənin yaradılmasında görür. Vətəndaş şair "XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyğun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır", - deyir... "Talanmış günəş" adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə bağlı həm Güneydə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü də vahid ədəbi dil məsələsinin gərəkliliyini açıq-aydın gündəmə gətirir. Həqiqətən gözdən qaçan bu məqamla bağlı onun bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndir...

"Elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz" gerçəyini dərindən dərk edən və dilçilik sahəsində müəyyən bilgiləri olan ziyalılar: Eyvaz Taha, Nadir Əzhəri, Nasir Mənzuri, Hadi Qaraçay, Hüseyn Şərqi Soytürk, Əli Daşqın, dr. Hüseyn Süleymanoğlu, Seyid Heydər Bayat, Hümmət Şahbazi, Bəy Hadi, Məsud Haray, Elşən Böyükvənd, Naser Merqati, Məlihə Əzizpur və b. türkcə yeni sözlər yaratmaq və alınma sözlərin türkcəyə uyğunlaşdırılması işi ilə də məşğuldurlar. Güney yazarları şeir və nəsr əsərlərində sırf burada Azərbaycan türkcəsinə uyğun olaraq yaradılmış evrənsəl, kürəsəl (dünyəvi), kürəsəlləşmə (qloballaşma), yazın (ədəbiyyat), yazınsal (ədəbi) "Hərb və sülh" ("Savaş və barış" - Tolstoy), bilimsəl (modern), özgürlük (müstəqillik), özgüvən (özünəinam), kişisəl (şəxsi), ortam (müstəvi), alan (sahə), içərmək ilgi (əlaqə), etgi (təsir), verimli (məhsuldar), nədən (səbəb), yerəl (yerli), gəlişmə (inkişaf), dartışma (mübahisə), birey kimi yeni sözlərdən yararlanırlar. Əksər qələm sahibi öz əsərlərində bəzi sözlər kimi, "ədəbiyyat" sözünü də birmənalı olaraq "yazın" kəlməsilə əvəzləmişdir. Güntay Gəncalp da ədəbiyyat sözünün "yazın" kəlməsilə əvəzlənməsini daha məqsədəuyğun və doğru sayır.

Görkəmli alman filosofu Habermas sözlərin: 1 - şüurlararası, 2 - əşya və fenomenlərlə, xarici dünya ilə əlaqə qurması, 3 - yazarın və ya danışanın hallarını və zehni təcrübələrini bəyan etməsi kimi üç missiyasının olduğunu göstərirdi... Şübhəsiz ki, ən ağıllı anlaşma və yaradıcılıq forması məhz bu üç amilin birlikdə gerçəkləşməsilə mümkünləşir. "Milli oyanış ədəbiyyatı" adlandırdığımız ədəbiyyat anlayışı şeirimizi siyasət, vətən və xalqa xidmət etməyə, qulluq göstərməyə yönəltdi. Əlbəttə, düşünməyə dəyər. H.Qaraçay hesab edir ki, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq özü-özlüyündə siyasi fəaliyyətdir. Həmçinin siyasi görüşlər və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını vurğulayan şair əsərlərdə siyasi mövzulardan istifadə etməyi pis və ya yaxşı bir hal kimi qabartmır, özəlliklə siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlmələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Alman filosofu Haydeger yazırdı: "Hər bir dildən bir söz atılarsa, o dildə danışan millətin bir qarış torpağı yox olur, o millətin düşüncəsi və dünyagörüşü daralır". Ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda uzun illər savaşıb mübarizə aparan böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandinin: "Hindistanda orta okulda və universitetdə yabancı dildə oxuma yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq" kəlamı isə Güney ziyalılarının vahid ədəbi dil uğrunda göstərdiyi çabalarında nə qədər haqlı olduqlarının təsdiqidir.

Esmira FUAD,

filologiya elmləri doktoru.