Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Korçay Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Korçay Dövlət Təbiət Yasaqlığı

Azərbaycanın etalon təbiət komplekslərini, təbii sərvətlərini, o cümlədən flora və faunasını qorumaq və nisbətən az antropogen təsirə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını öyrənmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə yasaqlıqlar yaradılmışdır. Yasaqlıqlar həm də nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin yayıldığı yerlərdən ibarət, xüsusi mühafizə rejimli zooloji, botanik, meşə landşaft və torpaq obyektidir.

Korçay Dövlət Təbiət Yasaqlığının yerləşdiyi Göygöl Azərbaycanın qərbində, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Ərazisinin sahəsi 920 kvadratkilometrdir, onun 15 min 802 hektarı meşə sahəsidir. Göygöl, Maralgöl, eləcə də digər xırda göllər var. Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir.

Qeyd edək ki, Korçay Dövlət Təbiət Yasaqlığının bir hissəsi də Goranboy rayonunun ərazisindədir. Ümumi sahəsi 1.790 kvadratkilometrdir. Çoxlu sayda çayları və meşələri var. Çayları (Kürəkçay, Goranboy, Korçay) Kür hövzəsinə aiddir.

Korçay Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabrında Göygöl və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd ərazidə məskunlaşmış ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Dövlət yasaqlığının sahəsi 15.000 hektardır. Bitki örtüyü yovşanlı şoranlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən, həm də çoxillik kserofil bitki formasiyasından, Korçay vadisində seyrək yulğun kollarından, qarğı və qamışdan ibarətdir. Yasaqlığın kənarında Kür çayı boyu tuqay tipli meşələr yayılmışdır.

Ərazinin təbii landşaftı və coğrafi relyefi Korçay Qoruğunun relyefi ilə eynidir. Yasaqlığın qışı quraq, soyuq keçir. Yayı isə isti və quraq keçən iqlimə malikdir. Ümumilikdə iqlimi mülayimdir. Torpağı şabalıdı rəngdədir. Bu ərazidə efemerlər də yaxşı inkişaf edir. Yasaqlıqda müxtəlif növ heyvanlar var. Bunlardan ceyran, boz dovşan, tülkü, boz canavar; quşlardan isə çil kəklik, turacı göstərmək olar.

Əli SADIQOV,

"Respublika".