Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Belə insanların əməlləri kimi beyinləri də fərqlidir

Aparılan araşdırmalar nəticəsində oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğu ortaya çıxıb.

"Forschung und Wissen" jurnalında dərc olunan informasiyaya görə, maqnit rezonans tomoqrafiyası (MRT) zamanı uşaqlıqda antisosial şəxsiyyət pozuntusu olan 40-45 yaş arası şəxslərin beyinlərinin səthinin daha dar və bəzi hissələrindəki pərdələrin incə olduğu müşahidə edilib. Elm adamları bu xüsusiyyəti antisosial davranışlarla əlaqələndirirlər. Lakin bu vəziyyətin  narkotik maddə asılılığı, aşağı İQ səviyyəsi, irsi  və ya əqli sağlamlıqla əlaqəli olub-olmadığı bəlli deyil.

700 könüllünün  MRT nəticələrini araşdıran tədqiqatçılar onları qrupa ayırıblar: antisosial davranışları mütəmadi olmayanlar; təkcə yeniyetmə dövründə antisosial olanlar;  bütün həyatı boyunca antisosial davranışlar göstərənlər.

Son qrupda olan və aralarında zorakı cinayət işləyənlərin də olduğu 80 nəfərin beynində struktur fərqliliyinin olduğu aşkarlanıb.

Məlumat üçün qeyd edək ki, sosiopat adı ilə də bilinən antisosial şəxsiyyət pozuntusuna sahib olan  insanlar, başqalarına birbaşa və ya dolayı yolla zərər verməkdən zövq alırlar. Onlar məqsədlərinə çatmaq üçün yalan danışmaqla yanaşı, cinayət də törədə bilərlər.

Alimlərin fikrinə görə, uşaqlıqdan başlayaraq yeniyetməlik dövründə də antisosial davranış pozuntuları göstərənlər, xəstəxanaya yerləşdirilmə riski olanlar, həyatlarının sonrakı dövrlərindəki fiziki və əqli sağlamlığı zəifləyənlər "bir növ əlil kateqoriyasında" ola bilərlər.

Londonun UCL universitetinin professoru,  araşdırma rəhbəri dr. Christina Carlisinin sözlərinə görə, belə insanların beyinlərində antisosial davranışların qarşısını ala biləcək sosial bacarıqlarının inkişaf etməsini çətinləşdirən  struktur fərqliliyi açıq-aydın özünü göstərir.

Araşdırmanın müəlliflərindən olan professor Essi Viding  isə bu qrupda yer alanların anlayış və köməyə ehtiyacı olan şəxslər  kimi qəbul edilməsinin və onlara həssaslıqla davranılmasının vacibliyini  vurğulayıb.

 

Siçanların bu qabiliyyəti də  var imiş

Yaponiyalı alimlər tərəfindən  elmi təcrübələrin "ulduzu"na çevrilən  siçanlarla bağlı maraqlı bir araşdırma aparılıb. Belə ki, genetik və bioloji baxımdan 90 faiz insanlara bənzəyən bu heyvanların musiqiyə də onlar kimi reaksiya verdiyi, hətta ritmə uyğun başlarını belə, yellədikləri ortaya çıxıb.

Yaponiyanın Tokio Universiteti tərəfindən aparılan araşdırma zamanı  10 laboratoriya siçanının boyun nahiyəsinə ən kiçik baş hərəkətlərinin səviyyəsini ölçə bilən simsiz miniatür akselerometr keçirilib. Eyni cihazın daha böyük versiyası  sınaqda iştirak edənlərə də  taxılıb. Məşhur bəstəkar və musiqiçilərin ifasında mahnılar səsləndirilərkən izlənilən gəmiricilərin  Ledi Qaqanın “Born This Way”, Queen-in “Another One Bites the Dust”, Maykl Ceksonun “Beat It”  və Motsartın “İki  pianino üçün sonata" kimi  4 fərqli tempdə ifa olunan musiqi parçalarına  reaksiya verdikləri müşahidə edilib.

Akselerometrlər siçanların da insanlar kimi musiqiyə  cavab reaksiyasının dəqiqədə 120-140 bpm (ortalama musiqi sürəti) olduğunu göstərib. Tədqiqat rəhbəri, professor Hirokazu Takahashi  əvvəlcədən heç bir musiqi səsi eşitməyən və ya təlim keçməyən bu heyvanların  insanlar kimi musiqinin ritmi ilə hərəkətlərini sinxronizasiya etməyi bacardığını  söyləyib. 

"Ən uyğun baş hərəkət etdirmə tempi beyindəki  vaxt sabitinə  oxşar olan  nəyəsə  reaksiya sürətindən asılıdır. Bu isə  o deməkdir ki, eşitmə və motor sistemlərinin qarşılıqlı əlaqəyə girməsi və musiqi ilə hərəkət etmə qabiliyyəti heyvanlarda da mövcud  ola bilər," -deyə professor qeyd edib.

İnformasiya live.science.com veb saytında yayımlanıb.

 

Tarixi dəyişdirən kəşf

İsrail alimləri  tərəfindən qədim insanlarla bağlı tarixi nə az, nə çox, düz 600 min il daha əvvələ  çəkə biləcək  kəşfə imza atılıb. Belə ki, araşdırma zamanı ilk insanların yemək bişirməyə düşünüldüyündən çox erkən başladığı ortaya çıxıb. Alimlərin fikrinə əsasən, yeməklərin çeynənilməsi və həzm olunmasını asanlaşdıran  oddan istifadə insanların artımına səbəb olaraq bəşər tarixində dönüş nöqtəsi olub.

İlk insanların tam olaraq nə vaxt  yemək bişirməyə başlaması elm aləmini düşündürən və mübahisə doğuran  məqamlardandır. Çünki aparılan tədqiqatlar zamanı ocaq qalanan  yerlərin isinmək, yoxsa yemək bişirmək məqsədilə istifadə edildiyini müəyyənləşdirmək  olduqca çətin idi.

İndiyə qədər  yeməklərin bişirilməsində  oddan istifadəyə dair tapılan ən qədim dəlillər isə  Neandertallar və ilk Homo Sapienslərin yaşadığı dövrə, təxminən 180 min il əvvələ aiddir. Lakin sözcü.com veb saytının yaydığı araşdırmaya görə,  İsrailin şimalında, Gesher Benot Yaaqov bölgəsində tapılan balıq fosilləri bəşəriyyətin oddan ət bişirmək məqsədilə 780 min il bundan  əvvəl istifadə edə biləcəyini göstərir.

Tədqiqata rəhbərlik edən Tel-Əviv Universitetinin arxeoloqu İrit Zohar tapılan balıqların sümüklərinin bişmiş balıqdakı kimi yumşaq olduğunu vurğulayıb. Bundan əlavə, sözügedən ərazidə yanmış daş nümunələri də aşkar edilib.

Tədqiqatçılar odun isə təxminən 1,7 milyon il əvvəl Homo Sapiensdən çox öncə yaşamış olan Homo Erectuslar tərəfindən icad edildiyini güman edirlər.

 

Ölüm anında nə baş verir?

Bəşəriyyətin yarandığı gündən bəri hələ də sirr olaraq qalan mövzulardan biri də  ölüm anında baş verənlərdir. Bu anda və daha sonra baş verənləri araşdırmağa çalışan elm adamları, 25 illik tədqiqatın nəticələrini açıqlayıblar...

Nyu-Yorkda yerləşən NYU Langone Health tibb mərkəzindən dr. Sam Parnianın rəhbərliyi ilə ABŞ və Britaniya mütəxəssisləri 25 il ərzində 567 kişi və qadın xəstəni müşahidə ediblər. Xəstələrin ölüm anında beş fərqli reaksiya və təcrübə yaşadıqları ortaya çıxıb. Tədqiqata ürək xəstəlikləri səbəbilə həyatını itirən 50-dən çox xəstənin yaşadığı dörd fərqli təcrübə daxil edilib.

Mütəxəssislərin fikrincə, həyat mübarizəsində olan insanlar ölümün yaxınlaşdığı anda başqaları ilə necə rəftar etdiklərindən tutmuş, ən çox dəyər verdikləri insanlarla əlaqəli bir çox xatirələrə qədər beyinlərindən keçirirlər. Həmçinin müəyyən edilib ki, o anda bəzi insanlar özlərini harasa gedəcəklərinə inandırırlar. Ölümün astanasından qayıdan  xəstələrdən bəziləri isə  hətta cəhənnəmdə yandıqlarını belə hiss etdiklərini söyləyiblər. Lakin mütəxəssislər bunun kaliumun təsirindən qaynaqlanan yanma hissi ilə əlaqəli olduğunu deyirlər.

Ölümə yaxın olanların  yaşadığı dörd təcrübə aşağıdakı kimi sıralanıb: onu həyata qaytarmaq üçün  hansı müdaxilələrin edildiyini hiss etmək; müalicə edən tibb işçilərinin səsini eşitmək; reanimasiyada olduğunu fərq etmək; həyatın bir kino lenti kimi göz önündən keçməsi.

Tədqiqatçıların sözlərinə görə, bütün bunlar  demək olar ki,  ölənə yaxın hər bir kəsin hiss etdikləridir.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".