DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏCƏB TAYYIB ƏRDOĞAN QURU ƏMƏLIYYATLARIN ANONSUNU VERDI

“Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bəyan edib.

Dövlət başçısının sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir. “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır”, - deyə o vurğulayıb.

Bununla yanaşı, Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.

Türkiyə prezidenti qeyd edib ki, terrorçular üçün beton tunellərin məzarlığa çevriləcəyi gün yaxındadır.

Eyni zamanda, Ərdoğan İraq və Suriya hökumətlərini narahat olmamağa çağırıb. O bildirib ki, atacaqları addımlar bu iki ölkənin ərazi bütövlüyünü təmin edəcək.

 

BMT İRAN ETİRAZLARINDA SAXLANILANLARI DƏRHAL AZAD ETMƏYƏ ÇAĞIRIB

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İran hakimiyyətini ölkədə dinc toplaşmaq hüququnu tanıyaraq saxlanılan şəxsləri dərhal azad etməyə çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ali Komissar İran hakimiyyətinə ölüm hökmünə təcili olaraq moratorium tətbiq etməyi tövsiyə edib.

“İranda ötən həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin ali komissarı vurğulayıb.

Volker Türkün məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox insan, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.

Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı etiraz aksiyaları hələ də davam edir.

 

ABŞ RUSİYADAN NEFT TƏDARÜKÜ İLƏ BAĞLI ƏMƏLİYYATLARA İCAZƏ VERİB

ABŞ Maliyyə Nazirliyi Rusiyadan Yaponiya, Bolqarıstan, Xorvatiya və Avropa İttifaqı ölkələrinə xam neftin tədarükü üçün əməliyyatların aparılması ilə bağlı ümumi lisenziyalar verib. “Report”un xəbərinə görə, Bolqarıstan, Xorvatiya və ya Avropa İttifaqının dənizə çıxışı olmayan üzv ölkələrə də xam neft idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir.

Yaponiyaya isə xam neftin tədarükü “Saxalin-2” layihəsindən icazə veriləcək. Belə ki, “Saxalin-2” layihəsində hasil edilən xam neftin dəniz daşınması ilə bağlı bütün əməliyyatlara 30 sentyabr 2023-cü il tarixinədək icazə verilir, bu şərtlə ki, “Saxalin-2” istehsalı olan məhsul Yaponiyaya tam idxal olunsun.

Eyni zamanda, ABŞ-ın fiziki və hüquqi şəxslərinə Rusiya neftinin marjinal və ya ondan aşağı qiymətə alınması şərti müqabilində dəniz yolu ilə daşınması üçün müəyyən xidmətlər göstərməyə icazə verilir.

Qeyd edilir ki, sözügedən qərar dekabrın 5-dən qüvvəyə minir. Maliyyə Nazirliyi həmçinin yaxın vaxtlarda Rusiyadan neftin qiymətinin yuxarı həddi ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair təlimat dərc etmək niyyətində olduqlarını da açıqlayıb.

 

İLON MASKIN SƏRVƏTI 100 MİLYARD DOLLARDAN ÇOX AZALIB

Dünyanın ən zəngin şəxsi olan İlon Mask 2022-ci il ərzində 100 milyard dollardan çox vəsait itirib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Qeyd olunur ki, il ərzində “Tesla” və “SpaceX” şirkətlərinin rəhbərinin sərvəti 101 milyard dollar azalıb. Bununla belə, o, 170 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxsi olmaqda davam edir.

İkinci yerdə 157 milyard dollar vəsaitlə “LVMH” brendinin sahibi Bernar Arno yer alır.

Agentliyin məlumatına görə, üçüncü yerdə 130 milyard dollar vəsaitlə hindistanlı iş adamı Qautam Adani qərarlaşıb. O, son bir ildə 53 milyard dollar vəsait əldə edib.

Bir müddət dünyanın ən zəngin şəxsi olmuş “Amazon” şirkətinin sahibi Ceff Bezos isə il ərzində 76 milyard dollar itirərək 116 milyard sərvətlə dördüncü pilləyə geriləyib.

 

İRAN, RUSİYA VƏ TÜRKİYƏDƏN SURİYA İLƏ BAĞLI BİRGƏ BƏYANAT

İran, Rusiya və Türkiyə Suriya ilə bağlı Astana formatı çərçivəsində noyabrın 22-23-də keçirilən 19-cu beynəlxalq görüşün yekunlarına dair birgə bəyanat yayıb. Bu barədə “Sputnik” informasiya agentliyinin məlumatında qeyd olunur.

Bəyanatda hər üç ölkənin terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə birgə işi davam etdirmək, Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozmağa, sərhədyanı hücumlarla qonşu ölkələrin milli təhlükəsizliyini təhdid etməyə çalışan separatçı qüvvələrə qarşı durmaq əzmində olduğu bildirilir.

Bununla yanaşı, bəyanatda Suriyanın ayrı-ayrı bölgələrində müxtəlif adlar altında fəaliyyət göstərən terrorçu qruplaşmaların və onların törəmələrinin fəaliyyətinin artması, o cümlədən mülki obyektlərə və məcburi köçkün düşərgələrinə günahsız insanların ölümü ilə nəticələnən hücumlar pislənilib.

Qeyd olunub ki, Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edən tərəflər bu bölgədə daimi təhlükəsizlik və sabitliyin yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü əsasında əldə edilə biləcəyinə razılaşıblar.

 

CON KİRBİ: ABŞ HÖKUMƏTİ YENİ SƏDRİN SƏFƏRlƏriNƏ MANE OLMAYACAQ

ABŞ hökuməti Nümayəndələr Palatasının yeni sədrinin Tayvana səfərinə mane olmayacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Növbəti spikerin kim olacağı, onun getmək istəyib-istəməyəcəyi ilə bağlı spekulyasiyaya yol vermədən deyim ki, Konqres üzvlərinin xarici səfərlərini dəstəkləyəcəyik”, - deyə Con Kirbi vurğulayıb.

Ağ Ev rəsmisi Konqres üzvlərinin xaricə səyahət etmək, o cümlədən Tayvana səfər etmək hüququna malik olduğunu bəyan edib. Kirbinin sözlərinə görə, Ağ Evin yeni spikerin mümkün səfərinə cavabı, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən heç bir fərqi olmayacaq.

Qeyd edək ki, palatanın hazırkı sədri Nensi Pelosinin avqust ayında Tayvana səfəri Çinlə ABŞ arasında ciddi gərginliyə səbəb olmuşdu.

 

NASA: “ORİON” GƏMİSİNİN AYA UÇUŞU PLANAUYĞUN DAVAM EDIR

“Artemis” Ay proqramının birinci mərhələsində bu planetə göndərilən “Orion” kosmik gəmisinin uçuşu insidentsiz və planauyğun olaraq davam edir. “Trend” agentliyinin məlumatına görə, bu barədə NASA-nın Ay proqramının birinci mərhələsinin rəhbəri Qovard Hu bildirib.

“Orion” ümumilikdə yaxşı nəticələr göstərir. Hərəkət sistemi əla işləyir. Günəş panelləri gözləniləndən daha çox elektrik enerjisi istehsal edir”, - deyə layihə rəhbəri vurğulayıb.

Qovard Hu həmçinin qeyd edib ki, kosmik gəmi buraxılış zamanı fiziki cəhətdən zədələnməyib və missiyanı başa vurduqdan sonra uğurla Yerə qayıda bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.