Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İnsan hüquqlarına dair ilk sənədin qəbulu: "Böyük Azadlıqlar Xartiyası (Magna Carta)"nı oxuculara təqdim edirik.

“Respublika”.

 

İnsan hüquqlarına dair ilk sənədin qəbulu: "Böyük Azadlıqlar Xartiyası (Magna Carta)"

Bəşəriyyətin təkamülünə səbəb olmaqla  tarixin gedişatını  dəyişdirən ən mühüm hadisələrdən biri də insan hüquqlarına dair ilk sənədin qəbul edilməsidir. Dünya tarixində ilk dəfə olaraq, İngiltərədə qəbul edilən "Böyük Azadlıqlar Xartiyası  (Magna Carta)" adlı bu sənəd  bəşəriyyətin formalaşmasında böyük rol oynayaraq bugünkü həyat tərzimizə təsir göstərmişdir.

Bu gün hər hansı bir dövləti cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan ali qanunlar toplusu olmadan -  konstitusiyasız təsəvvür etmək çətindir. Məlumdur ki, konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir.

Tarixən də  konstitusiya hər bir xalqın sabit inkişaf yolunu müəyyənləşdirən ali sənəd olmaqla yanaşı, dövlətin siyasi sisteminin mahiyyətini açmış, insan hüquq və azadlıqlarına, demokratikləşmə proseslərinə münasibəti özündə ehtiva etmiş,  qanunvericiliyin inkişafında əhəmiyyətli rol oynamışdır.

Bu gün dünyada hər bir kəs irqindən, cinsindən, dilindən, dinindən, siyasi baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir. Demokratik cəmiyyətin arzusunu reallaşdıran hər bir vətəndaş açıq şəkildə hüquq və azadlıqlarının təmin edilməsini tələb edə bilir. Lakin onların əksəriyyəti bu anlayışların haradan yaranması, hansı tarixi mərhələlərdən keçməsindən xəbərsizdir. Gəlin bəşəriyyətin təkamülü prosesində mühüm rol oynayan bu ideyanın tarixi inkişafına qısaca da olsa nəzər salaq...

İnsan hüquqları ideyasının tarixi kökü təxminən e.ə. VI-V əsrlərə gedib çıxır. Belə ki, hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlayıb. Həmin dövrün Roma və yunan mütəfəkkir və filosoflarının bu istiqamətdəki fikirlərini tam mənada müasir dövrün insan hüquqları anlayışları ilə eyniləşdirmək doğru olmasa da, lakin onlar öz mahiyyəti etibarilə indiki qanunların ilk rüşeymləri idi. Buna misal olaraq, ilk demokratlardan olmuş afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə bilərik. Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldarlara məxsus hüquqlar nəzərdə tutulurdu və qulların heç bir hüququ yox idi. Məhz bu paradoksallıq qədim dövrdə insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən islahatların, mövcud qanunların əsas çatışmayan məqamlarından sayılır. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar.

İnsan hüquqları sahəsində, tarixin gedişatına böyük təsir göstərən  ən mühüm irəliləyiş isə İngiltərənin Lamriminq qəsəbəsində baş vermiş hadisədən sonra öz inkişafında mühüm mərhələnin əsasını qoydu. İngiltərədə kral Plantagentin hökmranlığına nəinki sadə xalq, hətta iri feodal təbəqəsi də narazılıq edirdi. Səbri daşıran hadisə isə 1215-ci il iyunun 15-də baş verdi. Kral Conun ölkə sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirməklə bağlı tələbi feodalların ciddi narazılığına səbəb oldu. Krala qarşı mübarizə müvəffəqiyyətlə sona çatdı. Lakin onu hakimiyyətdə saxlayan baronlar öz haqq və imtiyazlarını təsdiq və təsbit edən sənədi krala təqdim etdilər. İlk insan hüquqlarını özündə əks etdirən sənəd kral hakimiyyətini məhdudlaşdıraraq hüquqi norma və prosedurların siyahısından ibarət idi. "Magna Carta" adlanan bu sənəd 63 maddəni özündə birləşdirmişdi (60 maddəsi sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilsə də, üç maddəsi  bu günədək qüvvədədir). Sənədin ən diqqətçəkən cəhəti isə ondan ibarət idi ki, bundan sonra baronların icazəsi olmadan heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edilə bilməzdi. Əslində, “Magna Carta” ilk dəfə konstitusiyalı hakimiyyətin qurulması prosesində atılmış ən mühüm addım idi.

İngiltərədə başlanmış bu ideya sonrakı əsrlərdə də öz inkişafına davam etdi. XVII əsrdə artıq krala qarşı həm feodalların, həm də demokratların üsyanları nəzərə çarpırdı. 1628-ci ildə yeni çağırılmış parlamentdə deputatlar kraldan “Magna Carta”ya əsasən kralın parlamentin icazəsi olmadan vergi toplanılmasını və həmçinin İngiltərə xalqının azadlığını təsdiq edən "Hüquqlar haqqında müştərək ərizənin (Petiton of Rights) qanuniləşdirməsini istədilər. Lakin tələbin qəbul edilməməsi parlamentin buraxılması ilə nəticələndi. Yalnız 1640-cı ildə kral I Karl yenidən parlamenti topladı. Bu dəfə də İngiltərədə analoji hadisələr müşayiət olunmağa başladı. Belə ki, parlament kralın bütün hərəkətlərinə nəzarət etməsi üçün qanunlar sisteminin yaradılmasını tələb etdi. Kralın bu tələbə qarşı çıxması hər iki tərəf arasında münasibətlərin pozulmasına və qarşıdurmaya gətirib çıxardı. 1649-cu ildə parlamentin qərarı ilə kral edam olundu və İngiltərə respublika elan edildi.

İngiltərə inqilabının mühüm cəhətlərindən biri də inqilab çərçivəsində radikal demokrat qrupunun ayılaraq ilk dəfə insan hüquqlarını dövlətin müdaxiləsindən qorumaq üçün yazılı konstitusiyanın qəbul olunmasını tələb etməsi oldu. Tarixdə levellerlər (bərabər hüquqların tərəfdarları) adlanan bu mübarizlər İngiltərədə qanun qarşısında bərabərlik, parlamentin ölkəni idarə etməsini, məhkəmədə öz əleyhinə şəhadətlik etmək hüququ, söz və din azadlığı, əmək və ticarət azadlığı, inhisarların ləğvi uğrunda mübarizəyə başladılar. Levellerlərin bu ideyaları "Xalq sazişi" adlanan sənəddə öz əksini tapmışdı. İlk bərabərlik carçıları dörd il mübarizə aparıb məğlub olmalarına baxmayaraq, onların ideyaları sonradan yaradılan yeni suveren dövlətlərin təməl prinsipləri içərisinə daxil oldu.

İngiltərədə inqilabi hərəkat XVII əsrin sonlarında özünün pik nöqtəsinə çatdı. 1689-cu ildə ingilis kralı "Hüquqlar haqqında Qanunu" (Bill of Rights) qəbul etdi. Bu qanuna əsasən parlamentin kral hakimiyyəti üzərində nəzarətinin gücləndirilməsi konstitusiyalı monarxiyanın qurulmasını təmin etdi.

Bütün bunlara baxmayaraq, insan hüquqları ilk dəfə XVIII əsrdə öz elmi izahını tapdı. Bu dövrün böyük mütəfəkkirləri Russo, Hobbs və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərir və deyirdilər ki, bu hüquqları onlardan heç kəs, hətta dövlət belə ala bilməz. Müasir dövrün insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların bazasını təşkil edən bu ideyaların daha da genişlənməsi özünü insan hüquqlarının inkişafı ilə bağlı çox vacib sayılan iki mühüm sənədin qəbulunda göstərdi. Bunun məntiqi nəticəsi  1776-cı ildə ABŞ-da  İstiqlaliyyət Bəyannaməsi, 1789-cu ildə isə  Fransada qəbul olunmuş insan və vətəndaşların hüquqları haqqında bəyannamədir. İstiqlaliyyət Bəyannaməsində deyilir: "Dövlətin başlıca vəzifəsi insan hüquqlarını müdafiə etməkdir". Bundan başqa, bəyannamədə göstərilir ki, xalq yalnız o hökumətə tabedir ki, həmin hökumət xalqın azad inkişafını təmin etməyə səy göstərir. Bu fikir öz dövrü üçün çox qabaqcıl ideya idi. İnsan və vətəndaşların hüquqları haqqında bəyannamənin ən mühüm xüsusiyyəti onun universal xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının deyil, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi. Burada göstərilirdi ki, insan hüquqlarının unudulması və ya ona biganəlik ictimai bəlaların və hökumətdə korrupsiyanın əsas səbəbidir. Bu fikir doğrudan da, tarixin inkişafı ilə öz təsdiqini tapdı. XX əsrin ortalarına kimi insan hüquqlarını hələ də bütün dünya ölkələri qəbul etmirdi. Bu yolda ilk addım BMT tərəfindən atıldı. 1948-ci il aprelin 10-da BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamə preambula və 30 maddədən ibarət idi. Burada göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir. Bu bəyannamədən sonra, 1996-cı il dekabrın 16-da BMT "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" paktlar qəbul etdi ki, bunlar hazırda insan hüquqlarına aid əsas sənədlər sayılır.

Bu gün bəzi ölkələrdə insan hüquqları faktiki olaraq pozulsa da, dünya ictimaiyyətində insan hüquqları və azadlıqları mədəniyyət fərqlərindən asılı olmayaraq, hər bir cəmiyyətin can atacağı ümumbəşəri bir dəyər kimi qəbul edilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".