Hamımızın bir Vətəni var - Azərbaycan
Tarix

Hamımızın bir Vətəni var - Azərbaycan

Azərbaycan bütün azərbaycanlıların - istər Azərbaycanda yaşayan, istərsə də ölkədən kənarda yaşayanların vahid, bütöv Vətənidir. Biz vətəndaş olaraq dünyanın istənilən nöqtəsində yaşaya bilərik. Lakin azərbaycanlı kimi heç vaxt nə dilimizi, nə dinimizi,  nə də milli adət-ənənəmizi unuda bilmərik. Cismən uzaqlarda olsaq da, ruhən, qəlbən Azərbaycandayıq,  Azərbaycanlayıq. Əsrlərin, qərinələrin burulğanında hərbi münaqişələrə, müxtəlif siyasi proseslərə, qonşu xəyanətinə məruz qalsaq da, parçalansaq da yenə də azərbaycanlı ruhunda qalmışıq. Qanımızda,  canımızda, əməlimizdə milli mənliyimiz,  milli xarakterimiz formalaşıb. Qəlbimiz Vətənlə, Azərbaycanla bir döyünüb.

Ölkəmizin XX əsrin sonunda müstəqillik qazanması ən böyük tarixi nailiyyətimiz oldu. 1989-cu ildən başlayan sovet rejiminə qarşı milli azadlıq hərəkatı xaricdə yaşayan və illər uzunu həsrət qaldığımız soydaşlarımızla birləşməyimizdə böyük rol oynadı. Tikanlı məftillər arasından həsrətlə boylandığımız, əlimiz çatmayan, ünümüz yetməyən həmvətənlərimizlə qismən də olsa qovuşmaq,  görüşmək imkanımız oldu. Artıq dünya sərhədlərini rahat şəkildə keçərək, qürbətdə yaşayan soydaşlarımızla qovuşub, əlaqə qura bildik. Dövlət olaraq onların hər bir uğuruna sevinib,  dar günlərində kömək əlimizi uzadıb, dəstək olduq. Bu mənada, ölkəmiz bütün dünya azərbaycanlılarının vahid bir dövlətinə, vətəninə çevrildi.

Noyabr ayının 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı dünyada yaşayan azərbaycanlıların hazırkı durumu, onlara dövlətin diqqət və qayğısını xüsusi vurğulamışdır. Cənab Prezident demişdir: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün əlimizdən gələni edəcəyik".

Bu gün dünyanın hər yerində milyonlarla azərbaycanlı yaşayır. Bu insanlar yaşadıqları ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında yaxından iştirak edir, bu ölkələrin istər iqtisadi, istərsə də mədəni həyatında aparıcı qüvvəyə çevrilirlər. Müxtəlif ölkələrdə yaşasalar da, azərbaycanlı olduqlarını unutmurlar.

Bu gün  İranda yaşayan azərbaycanlıların sayı 35 milyon,  Türkiyədə 3 milyondan çox, Rusiyada 2 milyondur. Ümumilikdə, dünyada yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan qat-qat çoxdur. Eləcə də İranda. Əsasən İranın Ərdəbil, Urmiya, Təbriz, Zəncan və digər ərazilərində sıx yaşayan soydaşlarımız bu ərazilərə nə sonradan gəlib, nə də sonradan məskunlaşıblar.  Bu torpaqlar cənublu qardaşlarımızın öz doğma yurd-yuvalarıdır. Farslardan sonra bu ölkədə ən çox sayda yaşayan azərbaycanlılardır. Elə ən çox problemi, çətinliyi olan da onlardır. Bu insanların nə öz dillərində məktəbləri, nə mədəni mərkəzləri, nə də muzeyləri var.

2016-cı ildə İranın Prezidenti olmuş Həsən Ruhani İranın şimalındakı Qərbi Azərbaycan ostanına səfər edərkən Məhabad şəhərində çıxışı zamanı - "milli azlıqlar öz dillərini öyrənmək imkanına sahib olmalıdırlar", demişdir. Bu gün isə statistik rəqəmlərə nəzər salanda görürük ki, İranda yaşayan, təxminən 120 min erməni vətəndaşının  50-dən çox məktəbi var. Onu da qeyd edək ki, hələ ötən əsrin 60-cı illərində İranda 16 erməni məktəbi olub. Bu ölkədə yeganə, öz dillərində təhsil alan etnik azlıq ermənilərdir. Hətta ermənilərin İsfahan şəhərində muzeyləri də var.

İranda yaşayan azərbaycanlılar ölkə əhalisinin 40 faizini təşkil edir. Azərbaycanlılara isə etnik azlıq demək ən azından haqsızlıq, ədalətsizlikdir.  Sual olunur: o zaman tarixən öz doğma, dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların öz dillərində niyə bir dənə də olsun  məktəbləri yoxdur? Tarix boyu türklərə düşmən kəsilən fars rejimi Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza ana dilində məktəb açmağa, danışmağa icazə vermədiyi halda, erməni məktəblərinin, muzeylərin açılması hansı sevgi və qayğını göstərir? Nədən qaynaqlanır bu münasibət?

Tarixə nəzər salsaq görərik ki, cənub mövzusu Azərbaycan xalqının yaddaşında həmişə nisgili, həsrəti ifadə edib. Bu gün də belədir. Ölkədə baş verən çaxnaşmalar səbəbindən Azərbaycan dövləti öz soydaşlarının taleyindən narahatdır. Hər dəqiqə onların yanında, pozulmuş hüquqlarının, azadlıq və müstəqilliklərinin müdafiəsindədir. Azərbaycan tolerant dövlət kimi hər zaman ərazisində yaşayan bütün xalqlara qarşı diqqət və qayğı ilə yanaşmışdır. Hər bir xalqın nümayəndəsini öz vətəndaşı bilməklə yanaşı, onun problem və çətinliklərini də özününkü bilmiş və həllinə çalışmışdır. Eyni zamanda,  ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlının üzləşdiyi problem və çətinliklərin aradan qaldırmasında dövlətimiz öz dəstəyini göstərir.

Ramidə YAQUBQIZI,

"Respublika".