DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO FİNLANDİYA VƏ YA İSVEÇƏ HÜCUM OLARSA  BUNA REAKSİYA VERƏCƏK

İsveç və Finlandiyaya qarşı hər hansı hücum və ya aqressiv münasibət olacağı təqdirdə, NATO buna reaksiya verəcək. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə baş katib 29-30 noyabr tarixlərində NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

Bununla yanaşı, iki ölkənin NATO üzvlüyünün alyansı gücləndirəcəyini vurğulayan Yens Stoltenberq ABŞ və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.

“İki ölkə NATO-nun bütün fəaliyyətlərində iştirak edir - istər hərbi, istərsə də mülki. Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya aqressiv münasibət olarsa, NATO-nun reaksiya verməyəcəyi düşünülə bilməz”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıran Stoltenberq xatırladıb ki, iki ölkənin müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiyə istisna olmaqla, 28 üzv ölkənin parlamentləri tərəfindən təsdiqlənib.

Həmçinin qalan iki ölkənin də protokolları təsdiqləyəcəyinə inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşmasına ümidvar olduğunu qeyd edib.

 

İRANDA İNSAN HÜQUQLARI POZUNTULARINI ARAŞDIRAN MİSSİYA TƏSİS EDİLƏCƏK

BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən xüsusi sessiyada İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq.

Bununla yanaşı, bildirilir ki, missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.

BMT-nin İnsan Hüquqları Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.

 

UKRAYNA İLƏ RUSİYA ARASINDA ƏSİR MÜBADİLƏSİ HƏYATA KEÇIRILIB

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. “TRT” telekanalının məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəsmi “Telegram” kanalında qeyd edib.

Yermak bildirib ki, Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda və İlan adasında döyüşərkən əsir düşən əsgərlər azad olunub. O deyib: “Bu gün ikisi zabit olmaqla 50 ukraynalı əsgəri azad etdik. Onlardan 20-si Milli Qvardiya, 12-si Hərbi Dəniz Qüvvələri, 10-u Ukrayna Silahlı Qüvvələri, 6-sı sərhədçi, 2-si isə könüllü hərbçidir”.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 50 rus əsgəri azad edilib. Əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin verildiyi, həmin şəxslərin nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib.

 

BMT-NIN HESABATI: DÜNYADA HƏR 1 SAATDA 5-DƏN ÇOX QADIN ÖLDÜRÜLÜR

BMT-nin hazırladığı “Qadın və qızların gender əsaslı qətlləri” adlı hesabatda ötən il dünyada hər saatda 5-dən çox qadın və ya qızın qohumları tərəfindən öldürüldüyü bildirilib. “Report” xəbər verir ki, hesabatda bir çox qadın və qızlar evdə belə təhlükəsiz olmadıqları vurğulanır.

Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu qeyd olunan hesabatda zərif cinsin nümayəndələrinin öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilir.

Eyni zamanda, ötən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 min nəfəri, təxminən 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Hesabatda bir çox qadın və qızın evlərində belə, təhlükəsiz olmadıqları diqqətə çatdırılır.

Qadınlara və qızlara qarşı hər hansı zorakılıq aktının, o cümlədən gender əsaslı qətllərin qaçılmaz olmamasının vurğulandığı hesabatda zorakılığın qurbanı olan qadınların tez bir zamanda müəyyən edilməsi, dəstəklənməsi və qorunmasının vacibliyi diqqətə çatdırılıb.

 

Aİ RUSİYA QAZI İLƏ BAĞLI MÜQAVİLƏLƏRİ LƏĞV EDİR

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin energetika nazirləri Rusiya ilə alqı-satqı müqavilələrindən çıxmaq barədə razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair bəyanatında qeyd olunur.

Məlumata əsasən, bu müqavilələr Rusiyadan təbii qazın azı 15 faizini və ya 13,5 milyard kubmetrini almağa imkan verirdi.

Sənədə görə, yeni qaydalar Avropa İttifaqına üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq.

Bununla yanaşı, bildirilir ki, Aİ ölkələri gələn il qaz anbarlarının doldurulması üçün lazım olan 15 faizi başqa mənbələrdən alacaqlar.

 

TÜRKİYƏ ORDUSU ƏMƏLİYYAT ZAMANI 326 TERRORÇUNU MƏHV EDİB

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada başladığı “Pəncə-Qılınc” antiterror əməliyyatı çərçivəsində indiyədək 326 terrorçunu məhv edib. “Trend” agentliyinin məlumatına görə, bunu noyabrın 25-də jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Nazir vurğulayıb ki, hazırda əməliyyat bölgələrində həm hava, həm də quru əməliyyatları davam etdirilir.

Eyni zamanda, nazir Akar əməliyyatla bağlı son vəziyyətlə əlaqədar sualı cavablandırarkən deyib: “Terrora son qoymaq, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, etmişik və edəcəyik. Son dövrün ən böyük, ən əhatəli və təsirli hava əməliyyatı ilə başlayan “Pəncəli-Qılınc” əməliyyatı uğurla davam edir".

Məlumat üçün qeyd edək ki, “Pəncə-Qılınc” əməliyyatı noyabrın 20-də başlayıb.

Bir neçə gün əvvəl H.Akar öz açıqlamasında bu il ərzində Türkiyə ordusunun Suriya və İraqda 3600-ə yaxın terrorçunu məhv etdiyini açıqlamışdı.

 

UKRAYNADA MÜHARİBƏ ZAMANI 15 MİNDƏN ÇOX İNSAN İTKİN DÜŞÜB

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb. “Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.

Komissiya nümayəndəsinin sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ məlum deyil.

Eyni zamanda, Metyu Hollidey “Röyters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.

Bununla yanaşı, nümayəndə itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu diqqətə çatdırıb.

Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin əksəriyyəti müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.