ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Gil adası Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Gil adası Dövlət Təbiət Yasaqlığı

Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə kimi yasaqlıqların yaradılması prosesi davam etdirilmiş, xeyli müddət fasilədən sonra, yəni 2003-cü ildə bu işlər yenidən başlanılmışdır. Dövlət təbiət yasaqlıqlarının qorunması və bərpası işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət təbiət yasaqlıqlarında təbiət komplekslərinə və onların komponentlərinə zərər yetirə bilən hər hansı fəaliyyət qadağan edilir.

Gil adası Dövlət Təbiət Yasaqlığının yerləşdiyi Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubani mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. Əsası 1923-cü il may ayının 7-də qoyulmuş rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyasından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Rayonun Xəzər dənizi boyu uzunluğu 106, cənub sərhədi Bakı şəhəri boyu üzrə 103 kilometrdir, 11 inzibati ərazi vahidi, 114671 nəfər əhalisi var.

Gil adası Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus adadır. Uzunluğu 2,5, enli yeri isə 0,3 kilometr təşkil edir. Sahəsi 400 hektardır. Adada məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Bu adanı dənizin sahilindən 3,5 kilometr məsafə ayırır. Ada Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisinə aiddir və Ələt körfəzində yerləşir. Süxurları əsas etibarilə gildən təşkil olunub, hündürlüyü 6 metrdir.

Gil adası Dövlət Təbiət Yasaqlığı 1964-cü ilin fevral ayında yaradılıb. Gil adasında çoxlu sayda dəniz quşları, əsasən Xəzər qağayısı qorunur. Ərazidə 10.000-dən artıq qağayı var, burada xeyli miqdarda quş yuvaları mövcuddur. Bu ərazi ən çox balıq ehtiyatlarının olması ilə seçilir. Adada iri bir quş koloniyası da var. 1998-ci ildə neftin çirklənməsi nəticəsində adanın sahil zolağı çox zərər çəkmişdir. Həmin dövrdə bu ərazilərdə aparılan monitorinqlər bataqlıq quşlarının, o cümlədən qaşqaldaq quşunun 90 faizi, Böyük Qarabatdağ, Qırmızıbaş dalğıc, Fitçi-cürə, Xəzər qağayısı və beləliklə, bütövlükdə 30.000 baş quşun tələf olmasını göstərdi. Hazırda bu istiqamətdə aparılan işlər öz nəticəsini vermiş, yasaqlıqda vəziyyət xeyli yaxşılaşmışdır.

Əli SADIQOV,

"Respublika".