İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Sərbəst güləş üzrə çempionata yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilib. Çempionat FHN-in İdman-sağlamlıq klubunun idman arenasında təşkil olunub. Yarışa nazirliyin 16 qurumundan 100-ə yaxın idmançı qoşulub.

Çempionatda Nihad Məlikov (57 kq), Həsən Seyidov (61 kq), Cəlal Süleymanov (65 kq), Azər Şiriyev (70 kq), Tural Əkbərov (74 kq), Elmir Qəmbərov (86 kq), Ramin Əsədov (97 kq) və Camal Abdulov (125 kq) qızıl medala sahib olublar.

Komanda hesabında isə Dövlət Yanğından Mühafizə Xidməti birinci, Xüsusi Riskli Xilasetmə Xidməti ikinci, Mülki Müdafiə Qoşunlarının komandaları isə üçüncü pillədə yer alıblar. Qalib gəlmiş komandalara və idmançılara kubok, medal, eləcə də  diplomlar təqdim olunub.

 

Gimnastlarımız qızıl medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir. Sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz Maqsud Mahsudov və Hüseyn Abbasov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar. Daha əvvəl isə tamblinq gimnastikası üzrə 17-21 yaş kateqoriyasında çıxış edən millimizin üzvü Tofiq Əliyev gümüş medala sahib olub.

 

Taekvondo üzrə yığma komandamızdan uğurlu başlanğıc

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu keçib. Mübarizəyə dörddəbir finaldan başlayan Zəhra İsayeva (29 kq) finalda rəqibini məğlub edərək çempion tituluna yiyələnib. Yığmamızın digər üzvü Xuraman Cavadzadə (37 kq) bütün mərhələləri uğurla keçib, lakin final görüşündə gümüş medala layiq görülüb. Yığmamız Avropa birinciliyinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb.

Çempionat noyabrın 28-dək davam edəcək.

 

Şahmat hakimimiz beynəlxalq titula sahib olub

Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində 64-cü Şahmat Bəstəçiliyi Konqresi keçirilib. WFCC-nin (World Federation for Chess Composition) qərarı ilə ölkəmizin nümayəndəsi Elmar Abdullayevə şahmat bəstəçiliyinin üçgedişli bölməsi üzrə beynəlxalq hakim titulu verilib.

Qeyd edək ki, 36 yaşı olan E.Abdullayev Şirvan şahmat məktəbinin yetirməsidir. O, Azərbaycanla yanaşı, Gürcüstan, Mərakeş və Rumıniyada ümumilikdə 7 yarışda hakimlik edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".