Vətən uğrunda
Region

Vətən uğrunda

İkinci Qarabağ müharibəsində Vətən, torpaq yolunda qəhrəmanlıq  göstərib canından  keçən igidlərdən  biri  Şahin Afat oğlu  Tahirlidir. O, 17 sentyabr 2001-ci ildə dağlar diyarı Lerik rayonunun Züvüç kəndində dünyaya göz açıbdır.   Orta məktəbi başa vurduqdan sonra Mingəçevir Turizm Kollecinə qəbul olur. 2019-cu ilin oktyabr ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən ordu sıralarına  çağırılır və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə Vətənin keşiyində durur. Müharibədə  yüksək şücaətlər göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində  gedən döyüşlərdə   Şahin  sözün əsl mənasında tarix yazır. Şəhidlik zirvəsinə ucalmaqla xalqına, millətinə başucalıq  gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şahin Tahirli  ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və Şuşanın, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

 Şəhidin doğma kəndində  anım mərasimi keçirildi. Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, və şəhidin ailə üzvləri iştirak edirdilər. Mərasim iştirakçıları şəhidin məzarına baş çəkdilər, önünə gül, çiçək dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını bildirdilər. Çıxışlarda  Vətən sevdalısının şərəfli ömür və döyüş yolundan,  ərazi bütövlüyümüz uğrunda gedən  Vətən müharibəsində göstərilən şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə  Azərbaycan Ordusunun qazandığı zəfərdən  söz açdılar.

İcra başçısı  şəhidin ailə  üzvlərinin problemləri ilə yaxından maraqlandı və onların qayğılarını ətraflı öyrəndi. Bildirdi ki, Vətən yolunda canından keçib müqəddəs şəhidlik zirvəsinə  ucalan qəhrəmanların xatirəsi bizim üçün hər zaman əzizdir və onları sevgi və hörmətlə anmaq mənəvi borcumuzdur.

Şəhidin  atası  canını Vətəninə fəda edən hər bir şəhidin  xatirəsini daim uca saxladığı  üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını söylədi.

 Zəfər ORUCOĞLU.