Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

CABİR LÜTFİ

1958-ci ildə Tehranda dünyaya gəlib. Sonra ailəsi ilə birlikdə ata-baba yurdu Sarab şəhərinə köçüb. İbtidai təhsilini Sarab kəndində alan Cabir Lütfi yeniyetmə çağlarında yenə Tehrana qayıdıb.

Şeirə, ədəbiyyata erkən yaslarından həvəs göstərsə də, o, 2006-cı ildə Tehranda Həkim Nəbati ədəbi dərnəyi ilə tanış olduqdan sonra şeir yazmağa baslayıb.

2018-ci ildə təxəllüsünü Sarabın Bozquş dağlarından alan Cabirin ilk şeir toplusu "Bozquş çiçəkləri" adı ilə nəşr edilib.

Cabir Lütfi Bozquş Kərəc şəhərində yaşayır.

Qarabağda

Yer tapmayacaq gizlənə, yer-göy qovuşubdur,

Ağlar qalacaq müddeyi düsmən Qarabağda.

Millət ayağa dursa qaçar erməni eldən,

Bir də geri dönsə verəcək can Qarabağda.

***

Azad olacaq məscidu-mənbər bütün eldə,

Məsciddən itil get çölə, heyvan! Qarabağda.

Quran səsi məsciddən ucaldı, geri qaçdı,

Çaylarda axar su yerinə qan Qarabağda.

***

Bir də Xocalı faciəsi təkrar olunmaz,

Qanə batacaq yırtıcı şeytan Qarabağda.

Yüz il Qarabağ xəritəsinə nəqşə çəkənlər,

Avarə qalıb, xanəsi viran, Qarabağda.

***

Babək balası başlarınızdan qala tiksə,

Onda alacaq yer-göyü tufan Qarabağda.

Bozquş çalacaqdır zəfər himni, el oyansın,

Məsciddə oxur sovtıla Quran Qarabağda...

 

NADİR PAŞA

1959-cu ildə Qaradağ mahalının Mirzalı kəndində doğulub. Orta təhsilini Təbrizdə alıb. 1979-cu ildə Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra, 1986-cı ildə əsgəri xidmətə çağırılıb və 2 il İran-İraq savaşında istirak edib.

Nadir Paşa 1988-ci ildə döyüşlərin birində əsir düşüb. 26 ay Bağdad və Tikrit zindanlarında əsir qalandan sonra azad olunub. Bu hadisə onun həyatında həm fiziki, həm də ruhi cəhətdən dərin izlər buraxıb. Atası Aşıq Məşi (1931-2016) Cənubi Azərbaycanın adlı-sanlı ustad aşıqlarından biri olub.

Nadir Paşa sazlı-sözlü bir ailədə boy atdığı üçün uşaqlıq çağlarından musiqi və şeirə böyük maraq göstərib. İlk qosmasını 14 yaşında yazıb. Onun bir sıra şeirləri 1979-cu ildən bəri İranda və Azərbaycan Respublikasında fərqli toplu və dərgilərdə çap olunub.

 "Sevinirəm, yaşayıram" adlı ilk şeirlər kitabı 2016-cı ildə Təbrizdə işıq üzü görüb.

ZƏFƏR NƏĞMƏSİ

Deyirdim bəs yalnız xatirələrdə,

Bir də nəğmələrdə qaldı Qarabağ.

Otuz qarlı-qışlı dağları aşıb,

Qolun boynumuza saldı Qarabağ…

***

Füzulinin ruhu sevindi bir də,

Ucaldı Şuşada Xanın xoş səsi.

Çaqqallar qaçdılar aslan önündən,

Yayıldı hər yana zəfər nəğməsi.

***

Babəkin qəhrəman mərd oğulları,

Quduzları qovdu vətən düzündən.

Yaşa, ey qəhrəman möhtəşəm ordu,

Sizlə başı uca dayanmış Vətən...

***

Zəfər bayrağını göylərə qaldır,

Qoçaqlar diyarı can Azərbaycan

Sənin sarsılmayan türk oğulların,

Yolunda hər zaman keçəcək candan.

 

KÖVRƏK

HÜSEYN

Hüseynəli Mehdi oğlu Məhdəvi Həsənbəyli - Kövrək Hüseyn 1960-cı ildə Qaradağın Həsənbəyli kəndində anadan olub. Yeniyetmə çağlarından saza, sözə maraq göstərib, nəhayət, bir aşıq və şair kimi yetişib və el şənliklərində çıxış etməyə baslayıb.

Əsərlərini "Kövrək Hüseyn" təxəllüsü ilə yazıb-yaradan Hüseyn Məhdəvinin "Ay keçən günlərim" adlı şeir toplusu 2011-ci ildə Tehranda nəşr edilib.

Kövrək Hüseyn hazırda Kərəc şəhərində yaşayır.

Azərbaycanım

Həsrətindən ürəyimiz göynəyir,

Ey əziz vətənim, Azərbaycanım.

Yağılar əliylə iki bölünüb,

Nisgilli vətənim, Azərbaycanım.

***

Tarixin qədimdir, adın böyükdü,

Götürdüyün şələ bir ağır yükdü.

Neçə düsmənlərin boynunu bükdü,

Qeyrətli vətənim, Azərbaycanım.

***

Qaradağ, Qarabağ iki qardaşdı,

Etdiyimiz dava haqlı savaşdı.

Erməni silahın tərgidib qaçdı,

Ey şanlı vətənim, Azərbaycanım.

***

Mən Kövrək Hüseynəm, sevindim bu gün,

Birlik zəfər çaldı, açıldı dügün.

Dostların şad oldu, düsmənin qəmgin,

Ey əziz vətənim, Azərbaycanım!..

 

MƏHƏMMƏD

QAFFARİ ŞEYVƏR

1966-cı il iyunun 24-də Əhərin əzəmətli Şeyvər dağının ətəyində yerləşən Zandabad kəndində dünyaya göz açıb... İlk və orta təhsilini də Əhər şəhərində alıb. Məhəmməd Qaffari Şeyvər dağından ilham alaraq iyirmi yaşından etibarən şeir yazmağa baslayıb.

Məhəmməd Qaffari şeirlərini "Şeyvər" təxəllüsü ilə yazır və Əhərdə yaşayır.

Şuşada çalına oyun havası

Xalqın öz eşqində vurubdu bəzək,

Qismət ola Qarabağda biz gəzək,

O lalələr dərya vurmuş çəməndə,

Qəvvas olub orda doyunca üzək...

***

Meydan quraq, toy havası qoxusun,

Dəstə-dəstə müğənnilər oxusun,

Aşıqlar sazının telin toxusun,

Yağı düsmənlərin bağrını əzək!..

***

Şuşada çalına oyun havası,

Sınıq könüllərin dərman-davası,

Şeyvərin bu şeiri düşmənin yası,

O al bayraqlara dəstə gül düzək...