Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

Yasaqlıq təbiətin mühafizə edilən ərazilərindəndir. Bununla bərabər yasaqlıqlarda qoruma rejimi tətbiq olunursa, burada istirahət evləri, turist bazaları da tikilə bilər. Lakin hər bir istirahət edən şəxs yasaqlıqda onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Bununla belə, yasaqlıqda balıq tutmaq, ov etmək, giləmeyvələr yığmaq üçün ya qismən icazə verilir, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqlarda bütün təbii kompleks deyil, onun bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, faydalı qazıntı və istirahət əhəmiyyətli mənzərəli yerlər mühafizə olunur.

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayonun ərazisi 153.940 hektardır. Onun 66 700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd var. Xəzər dənizinin sahili boyunca yerləşmişdir.

Lənkəran Azərbaycanın çox qədim yaşayış məntəqələrindən biridir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir. Rayonun ərazisi relyefinə görə əsasən düzənlik, müəyyən qədər isə dağlıq hissədən ibarətdir. Yasaqlıqdan başqa Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları.

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın sahəsi 10 700 hektardır. Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsəd bu ərazidəki su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşlarını qorumaqdır. Kiçik Qızılağac körfəzi müxtəlif növ balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Burada quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, ərsindimdik, qırmızıdöşqaz məskunlaşıb. Məməlilərdən isə canavar, tülkü, çaqqal, qamış pişiyi, su samuru, qutan, bağ quşu və digər növlərə təsadüf edilir. Əraziyə əsasən yayı quraq keçən mülayim-isti, yarımsəhra və quru bozqır, qismən də mülayim iqlim tipləri hakimdir. Burada havanın orta illik temperaturu 14 dərəcə, ən isti ayın orta temperaturu isə 25 dərəcə təşkil edir.

Əli SADIQOV,

"Respublika".