DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NORVEÇİN BAŞ NAZİRİ: TÜRKİYƏ TERRORLA MÜBARİZƏ APARMAQ HÜQUQUNA MALIKDIR

Norveçin baş naziri Yonas Qar Störe Türkiyənin terrorla mübarizə haqqının olduğunu bəyan edib. “Teleqraf.com”un xəbərinə görə, baş nazir bu barədə Almaniya Kansleri Olaf Şoltsla Berlində keçirilən birgə mətbuat konfransında bildirib.

“Türkiyənin terrorla təhdid olunduğu zaman mübarizə aparmaq hüququna malikdir”, - deyə Yonas Qar Störe vurğulayıb.

Jurnalistin Türkiyənin transsərhəd əməliyyatları ilə bağlı sualına baş nazir rəsmi Ankaranın öz təhlükəsizliyini təmin etmək səylərinə hörmətlə yanaşdıqlarını, lakin bütün tərəflərdən gərginliyə səbəb olacaq hərbi əməliyyatlardan çəkinmələrini istədiklərini dilə gətirib.

Eyni zamanda, ölkəsinin İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini vurğulayan Yonas Qar Störe bu iki ölkənin üzvlüyü ilə Avropanın kollektiv təhlükəsizliyə sahib ola biləcəyini qeyd edib.

 

AĞ EV UKRAYNAYA 37,7 MILYARD DOLAR YARDIMIN AYRILACAĞINA ÜMID EDIR

Ağ Ev ümid edir ki, Konqres Ukraynaya dəstək üçün ABŞ administrasiyasına daha 37,7 milyard dollar ayırmağa razı olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinq zamanı bildirib.

Məlumata əsasən, bir müddət öncə ABŞ administrasiyası Konqresə büdcə sorğusu göndərib və bu sorğuda o, xüsusilə Kiyevə müxtəlif yardımların göstərilməsi üçün daha 37,7 milyard dollar istəyib.

Con Kirbi bildirib ki, bu məbləğin 21 milyard dolları təhlükəsizlik yardımına və ya Ukraynaya silah tədarükü ilə bağlı Pentaqonun ehtiyatlarının artırılmasına xərclənməsi planlaşdırılır.

“Vəsaitlərin böyük hissəsi həm iqtisadi, həm humanitar, həm də hökumətə yardıma xərclənəcək”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

 

RUSİYA VƏ ÇİNIN HƏRBI TƏLIMLƏRI GƏRGINLIK YARADIB

Çin və Rusiya bombardmançıları Yapon və Şərqi Çin dənizində təlim uçuşları həyata keçirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Çinin “Hong-6K” və Rusiyanın “Tupolev” və “SU” tipli bombardmançı təyyarələrinin təlimlər çərçivəsində bir-birinin hərbi bazalarına eniş ediblər.

Məlumata əsasən, Yaponiya Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulmadığını açıqlayıb. Nazirlik bildirib ki, Çin təyyarələri Tsusima boğazı üzərindən Şərqi Çin və Yapon dənizlərinin şimalına uçublar.

Eyni zamanda, Rusiya təyyarələrinin ilk mərhələdə eyni ərazidə cənuba doğru hərəkət etdiyi, daha sonra istiqamətini şimala çevirdiyi qeydə alınıb.

Baş verənlərə cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri havaya qaldırılıb.

 

AVROPADA TƏBİİ QAZIN QİYMƏTİ YENİDƏN BAHALAŞIB

Avropada təbii qazın min kubmetrinin qiyməti oktyabrın ortalarından etibarən ilk dəfə 1650 dolları ötüb. “Trend” agentliyinin verdiyi xəbərə görə, günün əvvəlindən etibarən ümumi qiymət artımı 4 faizdən çox təşkil edib.

Açıqlamaya əsasən, Niderlandın TTF habında yanvar fyuçerslərinin dəyəri min kubmetrə görə 1666 dollara yüksəlib.

Qeyd edilir ki, Avropada qazın qiymətinin artmasına son dövrlərdə elektrik enerjisinin istehsalında külək enerjisinin payının azalması və havaların soyuması səbəb olub.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetrinin qiyməti 2900 dollara yaxınlaşmışdı.

LAVROV: EHTİMAL EDİLƏN NÜVƏ MÜHARİBƏSİ RİSKİ BÖYÜKDÜR

“Nüvə gücünə malik dövlətlər arasında toqquşmanın nüvə müharibəsinə çevrilməsi ehtimalı böyükdür”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bəyan edib.

XİN başçısının sözlərinə görə, Rusiya və ABŞ prezidentləri 2021-ci ilin iyununda nüvə silahını işə salmamaqla bağlı bəyanat vermişdilər. “Çünki nüvə müharibəsinin qalibi olmayacaq. Mən dedim ki, hətta nüvə dövlətləri arasında hansısa savaş da yolverilməzdir. Çünki kimsə ənənəvi vasitələrlə müharibəyə başlamaq qərarına gəlsə, bu toqquşmanın nüvə müharibəsinə çevrilmə ehtimalı yüksəkdir”, - deyə Rusiyanın XİN başçısı vurğulayıb.

Eyni zamanda, Sergey Lavrov bildirib ki, rəsmi Moskva Qərbin Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməklə bağlı ritorikasını narahatlıqla izləyir. O deyib: “Qərbin özü, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa ukraynalıların əli ilə Rusiyaya qarşı apardıqları müharibədə birbaşa iştirakını artırmaq üçün hər şeyi edir. Bu isə olduqca təhlükəli tendensiyadır”.

 

AVROPADA İNFLYASİYA HƏLƏ DƏ YÜKSƏK OLARAQ QALMAQDADIR

Avroməkanda inflyasiya 2021-ci ilin iyul ayından bəri ilk dəfə olaraq yavaşlasa da, hələ də Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən beş dəfə çoxdur. Bu barədə “Report” agentliyin “Assoşieyted Press”ə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, avropalı istehlakçıları alıcılıq qabiliyyətindən məhrum edib və iqtisadçıları tənəzzülü proqnozlaşdırmağa məcbur edib. Belə ki, 19 ölkədə istehlak qiymətləri indeksi noyabrda bir il əvvəllə müqayisədə 10 faizə çatıb.

“Rusiya müharibə səbəbindən Ukraynaya təbii qaz tədarükünü böyük ölçüdə azaltdığı üçün inflyasiya yüksək enerji qiymətlərindən, həmçinin xammal və ehtiyat hissələrin tədarükündə yaranan problemlər və “COVID-19” pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra tələbatın bərpasından qaynaqlanır” - deyə agentliyin məlumatda vurğulanıb.

Avropa İttifaqının statistika xidmətinin məlumatına görə, enerji qiymətlərindəki artım oktyabrda 41,5 faizdən noyabrda 34,9 faizə qədər azalıb. Mütəxəssislərin fikrincə, azalma Avropanın qaz anbarlarının doluluq səviyyəsinin yüksək olması və mülayim havanın istilik mövsümündə yanacaq çatışmazlığı qorxusunu azaltması ilə bağlıdır.

 

2022-ci İLİN ƏN BAHALI ŞƏHƏRLƏRİ MƏLUM OLDU

Nyu-York və Sinqapur bu il digər meqapolisləri üstələyərək yaşayış üçün ən bahalı şəhərlər sırasında birinci yerdə qərarlaşıblar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Economist Intelligence Unit” analitik mərkəzi yayıb.

Analitiklərin araşdırdığı 172 şəhərin hamısında bu il yaşayış minimumu kəskin - orta hesabla 8,1 faiz artıb. Ən bahalı şəhərlər 2021-ci ildə altıncı yerdə olan Nyu-York və Sinqapur olub. 2021-ci ilin ən bahalı şəhəri olan Təl-Əviv isə ikinci pilləyə enib.

Rusiyanın paytaxtı Moskva dünya üzrə son bir ildə yaşayış minimumunun ən çox artdığı şəhərlər siyahısına başçılıq edir. Belə ki, Moskva 59 pillə irəliləyərək 96-cı yerdən 37-ci yerə yüksəlib.

Məlumata əsasən, bu araşdırma beynəlxalq şirkətlərdə çalışan işçilər üçün dünyanın müxtəlif şəhərlərində yaşayış xərclərini müəyyən etmək məqsədi daşıyır.

Bildirilir ki, bunun üçün yerli qiymətlər ABŞ dollarına çevrilir. Bununla da, şəhərin reytinqdəki mövqeyi əsasən milli valyutanın məzənnəsinin dinamikasından asılı olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.