CƏNUBDAN SƏSLƏR...
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

İKİNCİ QARABAĞ SAVAŞI GÜNEY ƏDƏBİYYATINDA

(əvvəli 1 dekabr tarixli sayımızda)

Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, qəsbkar hücumları nəticəsində bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalq mənən bir-birindən uzaq düşmədi. Bu həsrəti daim yaşayan Güney Quzeydən heç bir vaxt ayrılmadı... Hər zaman yanında və arxasında olduğunu təsdiqlədi.

44 günlük savaşda yazılmış yeni şərəf tariximizə həsr etdikləri şeir və poemalardan örnəkləri o taylı-bu taylı Azərbaycanın oxucularına çatdırmaq günün ən aktual məsələsidir... Qeyd etməyi özümə borc bilirəm ki, Arazın o tayında - Güney Azərbaycandakı yazar soydaşlarımızdan ustad Şəhriyarın "Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar! Bir uçaydım bu çirpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşən elinən, Bir görəydim ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı?", Bulud Qaraçurlu Səhəndin "Görəsən sonu varmı bu ağır nisgillərin? Baharı-yazı yoxmu bu boranlı ellərin? Görəsən bu ayrılıq çatacaqdırmı başa? İki qardaş bir daha yaşayacaqmı qoşa?", Huşəng Cəfərinin "Gecə ta sübh açılıncan mələdim, bilmədiniz heç", Mənsur Qoşaçaylının "Çörək kimi aradan parçalanmışam, əşi mən!", Məhəmmədtağı Zehtabinin "Özümə məxsus olan başqa elim vardı mənim, Elimə məxsus olan başqa dilim vardı mənim!", Aşıq Məhbub Xəlilinin "O taylısan, Gilənar, bu taylısan Gilənar..." yanğısında, Həsən Dəmirçi, İbrahim Savalan, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə həbs edilən Məhəmməd Eyni, İbrahim Gənci, Vədud Əsədi və digər soydaşlarımızın milli mücadiləyə həsr etdikləri ömür yolunda Güney dərdi ilə yanaşı, Quzey Azərbaycanın Qarabağ ağrısı, yurdları yağılar tərəfindən yağmalanan soydaşlarımızın fəryadı, Xocalı harayı da eşidilir.

Çağdaş dövrün ən məhsuldar modernist şairlərindən Rəsul Qədiri də fəryadı, ahı göylərə yüksələnlərdən biridir... "Xarıbülbül" haqqında dillərdə əzbər olan əfsanəni Rəsul Qədiri ilə çağımızın ünlü şairi Bəhram Əsədiyə danışdım... Rəsul bəy "Xarıbülbül" əfsanəsi haqqında eyniadlı poema, Bəhram Əsədi isə şeir yazdı... Maraqlıdır, Qarabağda bitən bu əsrarəngiz gülü əfsanələşdirən o möhtəşəm xanım - Ağabəyim ağa (Ağabacı) Qarabaği həm də siyasi xəttinə sadiq bir diplomat imiş... Vətənindən ayrı, qürbət diyarda yaşamağı seçən Ağabəyim ağa 30 illik həsrətə məkanca İran ərazisindəki - Güney Azərbaycandan olan yurddaşlarının və ümumən məzlumların, haqqı tapdalananların hüquqlarını qorumaq, ölümə məhkum olunanları dar ağacından xilas etmək missiyasını da yerinə yetirib. Çünki o, Fətəli şahın ən çox sevdiyi, lakin vüsalına yetə bilmədiyi qadın, ağıl və fərasətinə, müdrikliyinə heyran qaldığı, məhz bu üzdən sözündən çıxmağı rəva görmədiyi insan olub...

Xarıbülbül haqqında mövcud olan müxtəlif əfsanələrdən birini Azərbaycan xalqı Şuşa xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağa Qarabağinin Vətəni üçün etdiyi fədakarlıq nümunəsinə əsasən yaradıb. Əfsanəyə görə, İran şahı Ağa Məhəmməd Şah Qacar Qarabağ xanlığına hücum edib Şuşanı işğal edir. Şah Qacarın sui-qəsd nəticəsində öldürülməsindən sonra, Qarabağ xanlığı ilə İran arasında ixtilafın daha da dərinləşməməsi üçün məsələnin sülh yolu ilə həlli baş tutur, yəni Fətəli şahın istəyi qəbul edilir, İbrahim xanın qızı Ağabəyim Ağa ona ərə verilir. Ağabəyim ağanın ağlına belə gəlməyənlər başına gəlir, gənc qızın həyatında arzuolunmaz evlilik hadisəsi baş verir. Nəticədə xilasedicilik missiyasını zərif çiyinlərinə götürən bir Azərbaycan qızının 1801-ci ildən 1832-ci ilədək - düz 30 il, yəni ömrünün sonunadək Vətən həsrətinə dözüb yaşaması, doğmalarının, ata evinin intizarını çəkməyə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin, qız-gəlinin, ağbirçək anaların göz yaşlarının axmasının qarşısını alır. Fətəli şah sevdiyi qızın qəmini azaltmaq, kədərli baxışlarını sevindirmək üçün nə etməli olduğunu sorduqda, Ağabəyim Ağanın dilindən: "Elə bir bağ salınsın ki, Şuşada bitən hər bir ot, gül, ağac burada da bitsin!" istəyini eşidir. Təbii, ən qısa zamanda onun arzusuna əməl olunur. Şuşanın dağ-dərəsindən, meşələrindən karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ağac, gül, çiçək bu bağda da əkilir, becərilir. Nəhayət, Azərbaycana tamah salan İranın tam da ortasında bağ hazır olur. Bu unikal bağın adını Fətəli şah "Vətən bağı" qoyur. Amma Ağabəyim Ağa şahla birlikdə ilk dəfə "Vətən bağı"nı gəzərkən burada Xarıbülbül gülünün bitmədiyini görür. Bağbanlar məlumat verirlər ki, dəfələrlə Qarabağdan, Cıdır düzündən Xarıbülbül gülünü gətirib əksələr də, bu nadir gül "Vətən bağı"nda bitmir ki, bitmir. Həmin vaxtdan etibarən Xarıbülbül Şuşaya, Qarabağa sədaqət rəmzi sayılır...

Türkçü, Turançı şair Rəsul Qədiri qələmə aldığı "Xarıbülbül" poemasında bu məsələləri də bədii sözün qüdrətilə poetikləşdirib, eyni zamanda Qarabağın digər Xarıbülbülünün - Ağabəyim ağanın da diqqətçəkən, könüllərdə yaşayan, ürəklərdə heykəlləşən möhtəşəm obrazını yaradıb... Poemadan bircə örnəklə fikrimi qətiləşdirirəm:

Şah sevincək mələkəni çağırtdırdı,

Bağda birgə gəzişdilər, danışdılar, gülüşdülər.

Xanım öncə bağı görüb heyran oldu,

Yenə Şuşa! Düşdü onun xəyalına,

Bir an üzü xəndan oldu, Sevinc ilə Şahdan sordu:

- Nədir adı bu cənnətin?

Şah köksünü önə verib,

Sinəsini arıtlayıb cavab verdi:

- "Vətən bağı" adı verdim bu bağçaya.

***

Bütün bağı o baş-bu baş gəzişdilər,

Amma birdən xanım dedi:

- Şah sağ olsun!

"Xarıbülbül" sataşmadı gözlərimə!

Birinci və İkinci Qarabağ savaşının, Vətən müharibəsinin qəhrəmanları haqqında, müharibə gerçəklikləri barədə yazılmalı, onların heyrət doğuran igidlikləri həm Güney, həm də Quzey Azərbaycanda poeziyanın, nəsrin əsas mövzusuna çevrilməli, bu şirbiləkli, aslan ürəkli oğullar bədii əsərlərin baş qəhrəmanı olaraq canlandırılmalıdırlar...

El bir olsa, dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar, - deyiblər ata-babalarımız... Və bu el birliyinə aparan yollar və qəhrəmanlar, Qarabağ uğrunda savaşın dünəni və bu gününü gələcək nəsillər tarix kitablarından, çəkilən filmlərdən və yazılan əsərlərdən öyrənəcəklər. Yazılanlar qalır, sətirlər arasında məhz sözə çevrilən gerçəklər yaşayır...

 

Esmira FUAD,

filologiya elmləri doktoru.