DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Migel de Servantes

Bəşər tarixinin yetişdirdiyi dühalardan biri… Bütün zamanların və bütün insanların böyük şairi, yazıçısı və dramaturqu… Dünya ədəbiyyatına "Don Kixot" kimi əfsanə romanı bəxş edən Migel de Servantes Saavedranın talantının miqyasını, universallığını ancaq Karl Marks, Viktor Hüqo, Şekspir kimi nəhənglərlə müqayisə etmək olar. İspaniyanın ən tanınmış şairi, yazıçısı və dramaturqlarından olan bu dahi, elə məşhur romanı da həbsxanada yazıbmış…

Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində həkim Rodriqo de Servantesin ailəsində dünyaya göz açan Migel de Servantesin anası Donya Leonor de Kortina isə zadəgan nəslindən olub. Ailədə 7 uşaqdan dördüncüsü olan Migelin uşaqlıq illəri haqqında məlumat çox azdır. Bəzi bioqrafları onun Salamanki Universitetində oxuduğunu yazırlar, amma bu məlumatlar təsdiqini tapmır.

Yazıçı ömrünün çox hissəsini ailəsi ilə birlikdə şəhərləri dolaşaraq keçirib. Elə həmin illərdə də Cozefina adlı gənc bir qadınla tanış olub və bir-birlərini seviblər. Lakin Cozefinanın atası onların görüşmələrinə icazə verməyib.

Sonralar İtaliyadan köçən Servantesin Kastiliyanı tərketmə səbəbləri naməlumdur. Amma bəzi mənbələrdə onun bu addımı sevdiyi qızla əlaqələndirilir. Gələcək yazıçı uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş və türklərə qarşı döyüşmüşdür.

Hətta o və qardaşı Rodriqo gəmi ilə Neapoldan Barselonaya qayıdarkən əlcəzairli dəniz quldurları tərəfindən də əsir alınıb. Təsdiq olunmuş məlumatlara görə, qul kimi satılıb və təxminən 5 il Əlcəzairdə əsirlikdə qalıb. Əsirlikdən qaçmağa bir neçə dəfə cəhd göstərsə də, Migel sol qolundan yaralanıb və şikəst qalıb. Atası böyük çətinliklə, pul verməklə hər iki oğlunu əsirlikdən xilas edib. Əsirlikdən sonra isə hər iki qardaş Portuqaliyada xidmət etməli olub.

Sonralar dövlət xəzinəsinin mənimsənilməsi səbəbi ilə həbsə atılan Servantes, dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan "Don Kixot"u yazmağa başlayıb. Həbsxana həyatı uzun olmasa da, yazıçı klassik Qərb və dünya ədəbiyyatının ən məşhur romanını elə orada bitirməyə müvəffəq olub.

36 yaşında ancaq tanınmağa başlayan yazıçı, başına gələnlərdən sonra öz doğma vətəninə - Madridə qayıdaraq Katalina Palesios de Salasar adlı xanımla ailə həyatı qurub. Madriddə yaşayıb, yaradan yazıçı 68 yaşında qaraciyər serrozu səbəbindən elə orada da vəfat edib. Yazıçının yoxa çıxan cəsədinin qalıqları yalnız beş yüz ildən sonra, 2015-ci ildə Trinitarias monastrından tapılıb və yenidən dəfn edilib.

 

Rixard Vaqner

O, haradan bilərdi ki, günlərin birində dünyanı qan çanağına çevirmiş, milyonlarla insanın qatili olan Hitlerin sevimli bəstəkarı olacaq. Haradan bilərdi ki, əsərlərinin dinlənilməsi bir çox ölkələrdə yasaqlanacaq. Günlərin birində isə adı opera sənətində reformator olaraq əbədiləşəcək. Söhbət musiqisi ilə bütün dünyada 60 milyon insanın ölümünə səbəb olan dahi alman bəstəkarı Rixard Vaqnerdən gedir...

Leypsiqdə sadə bir polis məmurunun ailəsində dünyaya göz açan Rixard, evin son beşiyi, yeddinci övladı olub. Bir müddətdən sonra atasını itirdiyi üçün anası aktyor Lüdviq Qeyer ilə ailə həyatı qurub.

Uşaqlara atalıq etməyi boynuna götürən Qeyer, onların savadlanması ilə yaxından məşğul olmuşdur. Ancaq digər uşaqlara nisbətdə Vaqnerə xüsusi bir qayğı göstərmişdir. Atalıq böyük həvəslə onu daima özüylə teatr salonlarına apararaq uşağın hər hansı bir bacarığa yiyələnməsini səbirsizliklə gözləmişdir.

Deyilənə görə, Vaqner atalığına çox bənzəyirmiş. Hətta şayiələrə görə, guya Vaqner elə Lüdviq Qeyerin öz doğma oğlu olub. Ancaq bu məlumatın nə dərəcədə doğru olub-olmadığı bilinməsə də, hər halda gələcəyin bəstəkarı 14 yaşına qədər atalığının soyadını daşıyıb. Hətta atalığı can verəndə belə üzünü arvadına tutaraq: "Əzizim, bu uşaqda istedad var, mən onu görə bilirəm", - deyərək dünyadan köçüb...

Bethovendən və Şekspirdən ilhamlanan Vaqner atalığının vəfatından sonra çox keçmir ki, anasının təkidi ilə piano müəlliminin yanına gedir. Ancaq müəllim uşaqdan qətiyyən razı deyildi. Onu qabiliyyətsiz və bacarıqsız adlandırırdı. Hətta qammaları bilməməkdə onu günahlandırırdı. Vaqner isə inadkarlıqla qammaları gördüyünü və onlarla danışdığını söyləyir. Müəllim təəccüb və dəhşət içində uşağın havalandığını düşünür. Lakin illər keçir yaradıcılığında bir sıra uğursuzluqlara baxmayaraq, Vaqner dahi bir bəstəkara çevrilir.

O, Hitlerin də sevimli bəstəkarı idi. Faşist Almaniyası öz qanlı aksiyalarını, edamlarını Vaqner musiqisinin sədaları altında gerçəkləşdirirdi. Cəllad fobiyası xalqın yaddaşında elə silinməz iz salmışdı ki, Vaqner uzun illər hamının yaddaşında sevilməyən, qara qüvvəli bəstəkar kimi əbədiləşmişdi. İsraildə XX əsrə qədər Vaqner musiqisi yasaqlanmışdı. Bəstəkar şarlatan obrazına bürünmüşdü.

Bəstəkarın ilk evliliyi kirayə götürdüyü evin qonşuluğunda yaşayan Minne Planerlə olur. Lakin çox keçmir ki, xanımının maddi tələbatını ödəyə bilməyən Vaqner bu izdivacdan təngə gələrək boşanmağı qərara alır. Hətta deyilənlərə görə, arvadının onu müflis etdiyini hiss edən bəstəkar, günlərin birində qəzəbindən özünə və həyat yoldaşına bıçaq xəsarəti də yetirir. Xoşbəxtlikdən hər ikisi də sağ qalır.

Vaqnerin həyatında ən uğurlu tanışlıq Kozima adlı xanımla olur. Uşaq kimi Kozimaya vurulan 50 yaşlı bəstəkar özünü onsuz təsəvvür etmir. Bu qadından onun iki övladı dünyaya gəlir. Deyilənlərə görə, övladları dünyaya gələnədək cütlük qeyri-rəsmi yaşayıb. Aralarındakı münasibət isə sonradan rəsmiləşdirilib.

69 yaşında ürək tutmasından vəfat edən bəstəkar çox sevdiyi həyat yoldaşı elə Kozimanın qollarında da dünyadan köçür. Son sözləri isə "Mənim saatım" kəlməsi olur...

 

Mikelancelo Merisi de Karavacco

İtaliyanın məşhur rəssamı, barokko cərəyanının ilk böyük sənətçisi - Mikelancelo Merisi de Karavacco... Qısa ömür sürməsinə baxmayaraq o, bir çox yenilikləri və dahiyanə üslubu ilə yanaşı, qeyri-sabit xarakteri, davakarlığı ilə də yaddaşlarda qalıb.

Milanda dünyaya göz açan Mikelancelo Merisinin atası Fermo Merisi memar, anası Lusiya Aratori isə aşağı səviyyəli kübar ailədən olub. Rəssam 5 yaşında ikən atası taundan vəfat edib.

12 yaşından rəssamlıq sənətinə yiyələnməyə başlayan Karavacco, gənc ikən Milandan Romaya köçməyə məcbur olub. Deyilənlərə görə, səbəb bir dava və ya qətldə ittiham edilməsi ilə əlaqəlidir. Yeniyetmə yaşlarından davakar və qəribə xarakterə malik olan rəssam yaşlandıqca və karyerasında çətinliklərlə qarşılaşdıqca daha da narahat və qeyri-sabit şəxsiyyətə çevrilib. Romadakı ilk illərinə dair günümüzə qədər kifayət qədər məlumat gəlib çatmayıb. Məlum olan budur ki, tez-tez ev dəyişdirib, ev sahibləri ilə yola getməyib. İstifadə etdiyi rənglərdəki ağır metalların zərərli tərkibinin və gərgin əməyinin də xarakterinə təsiri az olmayıb.

Deyilənlərə görə, rəssam cinsi azlığın nümayəndələrindən olub. Hətta tablolarında da cavan və yaraşıqlı oğlanları (bəzən zahiri görkəminə görə qadından fərqlənməyən) təsvir etməkdən belə çəkinməyib.

Qeyri-adi eksperimentləri ilə fərqlənən rəssam, real model əsasında təsvirə üstünlük verdiyi üçün ölüləri narahat etməkdən də çəkinməyib. Belə ki, "Lazarın dirilməsi" əsərini çəkərkən yeni dəfn olunmuş ölünü belə qəbirdən çıxartdırıb. Digər naturaçılar artıq çürüməkdə olan cəsədi əllərində tutaraq poz verməkdən imtina etdikdə isə Karavacco qılınca əl atmış, sözünə qulaq asmayanları cəsədin dalınca qəbirə göndərəcəyi ilə hədələyibmiş.

Ömrünün ən gözəl çağlarını sürgün həyatı yaşayan rəssam, papanın onu əfv edəcəyi günü səbirsizliklə gözləsə də, ömrü buna imkan vermir. Belə ki, həyatı boyu ipə-sapa yatmayan, davakarlığı ilə ad qazanmış rəssam 39 yaşında müəmmalı şəkildə ölür.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".