İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir
Siyasət

İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir

Son vaxtlar İranın regional siyasətinin əsas istiqamətləri sırasında Qafqaz ölkələri ilə bağlı müddəalar ön sıraya keçib. Azərbaycanın Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edərək ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar İranın ölkəmizə qarşı siyasətində zərərli nüansları ortaya çıxarıb. Sözdə Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran bu ölkənin rəhbərliyi təcavüzkar Ermənistanla hərtərəfli işbirliyi yaratmaqla ölkəmizə qarşı revanşist niyyətləri qızışdırmaqda davam edir.

Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Lakin İran tərəfi bu layihəni ilk gündən öz maraqlarına qarşı ciddi təhlükə kimi qarşılayıb. Bu ölkə Zəngəzur dəhlizinin açılmasını düyünə salmaq üçün ona öz ərazisindən paralel olan dəhlizin yaradılmasında israrlıdır. Azərbaycan İran layihəsini alternativ variant kimi qəbul etsə də, İran rəsmiləri Ermənistandan keçən birbaşa dəhlizi "qırmızı xətt" elan edib. İqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, keçən müddət ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsilə yaradıla bilər. Təəssüf ki, İran da bu mövqedədir.

İranın Ermənistanla sıx əlaqələri formalaşmaqda davam edir. Bu münasibətlərdə yalnız iqtisadi deyil, eyni zamanda siyasi amillər də əsas rol oynayır. Həm İran, həm Ermənistan məlum səbəblər üzündən müəyyən qədər təcrid olunmuş vəziyyətdədirlər. Eyni zamanda da hər iki dövlət Türkiyə ilə münasibətlərə ehtiyatla yanaşır. Belə ki, onlar regionda türkçülük ideyalarının yayılmasından və güclənməsindən narahatdırlar.

Qarabağın azad edilməsi, sadəcə, tarixi ədalətin bərpası deyildi, bu, həm də Azərbaycan-İran sərhədinin bərpası idi. Müstəsna əhəmiyyətli bu hadisə münasibətilə Prezident İlham Əliyev Azərbaycan və İran xalqlarını təbrik edib sərhəd xəttinin mühafizə strukturunun yenilənməsi barədə göstəriş vermiş, İran-Azərbaycan sərhədinin dostluq və qardaşlıq sərhədi olacağını söyləmişdi.

Rəsmi Bakı işğalın aradan qaldırılmasını ötən dövrdə Azərbaycanla "dostluq və qardaşlıq" münasibətlərindən danışan Tehran tərəfindən də sevinclə qarşılanacağını, əməkdaşlıq üçün açılan yeni imkanlardan İranın da yararlanacağını gözləyirdi. Lakin hadisələrin gedişatı göstərdi ki, Tehran tam fərqli düşüncədədir. İki ölkə arasında gərginliyin yaranmasının əsas səbəbkarı İrandır. Belə ki, İran işğalın aradan qaldırılmasından sonra Azərbaycanın daha da inkişaf edəcəyindən, güclü regional ölkəyə çevriləcəyindən təlaşa düşüb. Bu səbəbdən də bu ölkənin bəzi dairələri çirkli kampaniyalara, təxribat xarakterli bəyanatlar səsləndirməyə və praktiki addımlar atmağa başlayıblar. Azərbaycanın dost ölkələrlə müttəfiqlik və tərəfdaşlıq əlaqələrini genişləndirməsi İranı o qədər narahat etdi ki, bunu özünə qarşı təhdid hesab edən Tehran özünəməxsus şəkildə cavab vermək məcburiyyətində qaldı. Beləliklə, 30 il boyunca məscid və digər müqəddəs məkanlarda misli görünməmiş murdarlıqlar edən Ermənistanla əlaqələrinin önəmini gündəmə gətirərək bu ölkəni dəstəkləyən birtərəfli və ünvanlı bəyanatlar səsləndirməli oldu. Qafan şəhərində konsulluq açan İran bunun ardınca Təbrizdə Ermənistan konsulluğunun açılması barədə bəyanatlar səsləndirdi.

Noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın sualına cavab verərkən Azərbaycan-İran münasibətindən, orada yaşayan soydaşlarımızın problemlərindən də danışmışdır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təhsil və dil problemindən danışan dövlət başçısı demişdir: "İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu, necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bu məsələyə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir".

Dövlət başçısının bu fikirləri onu göstərir ki, Azərbaycan dövləti dünyanın harasında yaşayırsa-yaşasın bütün soydaşlarımızın, xüsusilə İran azərbaycanlılarının taleyinə biganə deyil və onların hüquqlarını qorumağa hər an hazırdır. İran bilməlidir ki, Azərbaycana hədə-qorxu gəlməyin onlar üçün heç bir faydası olmayacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".