İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Şahmat üzrə Azərbaycan birinciliyinə start verilib

Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında rapid və blits üzrə ölkə çempionatlarına start verilib. Çempionatda 22-si kişi, 14-ü qadın olmaqla, 36 şahmatçı turnirdə gücünü sınayacaq.

Yarışda Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, bu il 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanmış Abdulla Qədimbəyli və Gövhər Beydullayeva kimi ölkənin aparıcı şahmatçıları iştirak edirlər.

İki gün davam edəcək 9 turluq rapid yarışından sonra şahmatçılar daha bir gün blits oynayacaq və sonda iki turnirin nəticələrinə uyğun olaraq Azərbaycan çempionlarının adları müəyyən olunacaq. Ölkə birinciliyi dekabrın 25-30-da Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatlarına seçim xarakteri daşıyır.

 

Turnirin daha iki iştirakçısı təsdiqlənib

Dünya şahmatının elitası yenidən "Vugar Gashimov Memorial"ında bir araya gəlir. Bu il keçiriləcək superturnirdə özbəkistanlı dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədovun iştirakı təsdiqlənib. On şahmatçının iştirak edəcəyi turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış dekabrın 17-dən 24-dək "Fairmont Baku" hotelində baş tutacaq. Mötəbər yarışda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracu da mübarizə aparacaqlar.

Qeyd edək ki, dördqat Azərbaycan çempionu olan Rauf Məmmədov 3 dəfə komandalar arasında Avropa çempionatının qalibi olub, 2015-ci ildə isə blits üzrə Avropa çempionu adını qazanıb. "Vüqar Həşimov" klubunun lideri olan Rauf Məmmədov 2021-ci ildə Avropa kuboku yarışında bürünc medal əldə edib. Nodirbek Abdusattorov isə 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan rapid üzrə dünya çempionatının və bu il keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında Özbəkistan millisinin heyətində qızıl medala sahib olub.

 

Cüdo üzrə ölkə çempionatı keçirilir

Bakı İdman Sarayında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının birinci günündə  4 çəki dərəcəsində qaliblər müəyyənləşib. Qadın cüdoçuların yarışında XIII Avropa Gənclər Olimpiya Festivalının qalibi Şəfəq Həmidova (48 kq) və Aytac Qardaşxanlı (63 kq), kişilərin mübarizəsində isə Nazir Talıbov (60 kq) və Zelim Tckayev (81 kq) qızıl medala sahib olublar. 

Dekabrın 5-dək davam edəcək çempionatda 395 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

 

Yubileyə həsr olunmuş yoldaşlıq oyunu

Dekabrın 6-da "Dalğa Arena"da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təsis olunmasının 30 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Oyunda AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların nümayəndələrindən və çalışdırıcılarından təşkil olunmuş kollektiv qarşılaşacaq.

 

Nərgiz İsmayılova,

"Respublika".