DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYA ƏRDOĞAN VƏ ƏSƏDIN GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏYƏ ÇALIŞIR

Rəsmi Moskva Türkiyə və Suriya prezidentləri arasında Rusiyada görüş təşkil etmək üzərində işləyir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Bu ərəfədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünün mümkünlüyünü açıqlamışdı. Bundan sonra Türkiyənin “Hürriyyet” qəzetinin iqtidar dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi prezidentlərin görüşünün Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta biləcəyini bildirib.

Eyni zamanda, Aleksandr Lavrentyevin sözlərinə görə, prezidentlərin Rusiyada görüşünün mümkünlüyü həmişə mövcuddur və rəsmi Moskva bunu dəstəkləyir.

“Bir daha deyirəm - Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və bu istiqamətdə işləyirik”, - deyə Lavrentyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib.

 

NÜVƏ SİLAHI OLMAYAN DÜNYA UĞRUNDA KONFRANS OLACAQ

Dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində Nüvə Silahı Olmayan Dünya Uğrunda Beynəlxalq Qrupun birinci konfransı keçiriləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə dekabrın 3-də Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Baş nazir Fumio Kişida həm nüvə, dünyanın dörd bir yanından olan indiki və keçmiş siyasi liderlərin köməyi ilə və təmsil etdikləri ölkələrin mövqelərindən asılı olmayaraq, fikir mübadiləsi aparacağı, nüvə silahı olmayan dünyaya aparan konkret yol haqqında səmimi müzakirələrin olacağı qrupun yaradılmasını elan edib”, - deyə nazirliyin məlumatında qeyd olunur.

Məlumata əsasən, iclasın ilk günündə ABŞ-ın keçmiş prezidenti Barak Obama və BMT-nin baş katibi Antoniu Quterrişin videomüraciətlərinin olacağı gözlənilir.

Bununla yanaşı, tədbirin iştirakçıları arasında BMT-nin tərk-silah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.

 

ABŞ-DA UKRAYNAYA YARDIMLA BAĞLI GİZLİ GÖRÜŞ KEÇİRILƏCƏK

ABŞ senatorları dekabrın 7-də Ukraynaya yardımın artırılmasını müzakirə etmək üçün gizli görüş keçirəcəklər. “Teleqraf.com”un xəbərinə görə, bu, Ağ Evin Kiyevə daha 37 milyard dollar ayırması təklifi fonunda baş tutacaq.

Bu vəsaitlər ilin sonunda birləşdirilmiş qanun layihəsinə daxil edilməsi və hökumətin maliyyələşdirilməsi üçün dekabrın 16-dək təsdiqi planlaşdırılır.

Administrasiyanın nəhəng maliyyə paketi ilə bağlı razılıq əldə edib-etməyəcəyi və ya keçənilki səviyyədə federal agentlikləri maliyyələşdirmək üçün müvəqqəti qətnamə ilə razılaşmalı olub-olmayacağı hələ bilinmir.

Eyni zamanda, ABŞ-ın İnzibati Büdcə İdarəsinin direktoru Şalanda Yanqın Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Ukraynaya özünü müdafiə etmək və həssas əhaliyə yardım almağa davam etmək üçün ehtiyac duyduğu maliyyə, silah və dəstəyi təmin edəcəyini qeyd edib.

 

YAPONİYADA POLİSƏ 2 MİN DƏFƏ ZƏNG EDƏN TƏQAÜDÇÜ HƏBS EDİLDİ

Yaponiyada 67 yaşlı yerli sakin 9 gün ərzində polisə 2 min dəfədən çox zəng edərək işçiləri təhqir edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, hadisə Saitama prefekturasının Kavaquti şəhərində baş verib.

Məlumata əsasən, telefonla danışan şəxs bütün polisləri işdən çıxarmağın lazım olduğunu qışqıraraq onları “böyük axmaqlar” və “vergi oğruları” adlandırıb.

Bildirilir ki, orta hesabla hər zəng altı dəqiqə davam edib və ümumilikdə o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə 27 saat danışıb.

Nəticədə təqaüdçü həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Məlum olub ki, həmin şəxs uzun müddətdir ki, polisə oxşar zənglər edirmiş.

 

İSVEÇ TÜRKİYƏ QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİYİ YERİNƏ YETİRMƏYƏ BAŞLADI

İsveç PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinən ilk şəxsi - Mahmut Tatı Türkiyəyə ekstradisiya edib. “Report” agentliyinin məlumatına görə, bu barədə dekabrın 3-də “NTV” telekanalı xəbər yayıb.

Bununla da İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan memorandumun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Türkiyədə 6 il 10 ay həbs cəzası almış Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq istəsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü gecə saatlarında Mahmut Tat İstanbula gətirilib, oradan da hökmün icrası ilə bağlı prosedurların həyata keçirilməsi üçün istintaq təcridxanasına göndərilib.

İsveçin terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiya etməsi NATO ölkələrinin xarici işlər nazirlərinin və müvafiq iki ölkənin xarici işlər nazirlərinin Buxarestdə baş tutmuş görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra reallaşıb.

 

BMT: GENDER BƏRABƏRLİYİNİN TƏŞVİQİ DÜNYA İQTİSADİYYATINI ARTIRACAQ

“Dünyanın əmək qabiliyyətli əhalisinin yarısını təşkil edən qadınlar öz potensiallarını tam həyata keçirməsələr, gender bərabərsizliyi böyük iqtisadi problemə çevriləcək. İş yerində gender bərabərliyinin təşviqi 2025-ci ilə qədər dünya iqtisadiyyatını 12 trilyon dollar artıra bilər”. “Report”un verdiyi xəbərə görə, bunu şənbə günü Tokioda keçirilən Qadınlar Naminə Ümumdünya Assambleyasının iclasının açılışında “BMT Qadınlar” təşkilatının icraçı direktoru Sima Sami Baxus bildirib.

İcraçı direktorun sözlərinə görə, son illər dünyada qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşması tendensiyası müşahidə olunsa da, pandemiya bu prosesə mənfi təsir göstərib.

Eyni zamanda, Sima Sami Baxus qeyd edib ki, bağçalar bağlandıqdan sonra qadınlar övladlarına baxmaq məcburiyyətində qalıblar və nəticədə onlar arasında iş saatının azalması yaşanıb.

“Mövcud tərəqqi tempində gender bərabərliyinə nail olmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq üçün bizə 300 il lazım olacaq”, - Baxus vurğulayıb.

 

“TWITTER” AVROPADA QADAĞAN EDİLƏ BİLƏR

Avropa İttifaqının qaydalarına əməl edilməyəcəyi təqdirdə, “Twitter” sosial şəbəkəsinə ittifaq ölkələrində qadağa tətbiq edilə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu daxili bazar üzrə Avropa komissarı Terri Breton müsahibəsi zamanı bəyan edib.

“Sosial şəbəkə İlon Mask tərəfindən alındıqdan sonra onu yaxından izləyirik. Əminəm ki, onlar Avropa qaydaları ilə işləyəcək”, - deyə komissar bildirib. “Aydın məsələdir ki, “Twitter” qaydalara əməl etməsə, onları cərimələyə bilərik. Qaydaların pozulması davam edərsə, sosial şəbəkə Avropada qadağan ediləcək”, - deyə Terri Breton əlavə edib.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə “Financial Times” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, Terri Breton sosial şəbəkənin hazırkı sahibi İlon Maskdan əvvəllər bloklanmış istifadəçilərin bərpa olunması siyasətindən və dezinformasiyanın “aqressiv” təşviqindən əl çəkilməsini, həmçinin miqyaslı müstəqil auditə razılıq verilməsini istəyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.