Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Neuralink"in beyin çipinin sınaqları başlayır

İlon Maskın "Neuralink" şirkətinin bir neçə ildir ki, üzərində çalışdığı beyin çipi ilə bağlı yeni xəbərlər gündəmə gəlib.  Belə ki, bu yaxınlarda keçirilən Neuralink Tell Fall 2022 tədbirində Mask bu barədə diqqətəlayiq açıqlamalar verib. O, 6 ay ərzində insanlar üzərində klinik sınaqlara start veriləcəyini və ən maraqlısı isə  gələcəkdə sözügedən implantı öz başına da yerləşdirəcəyini bildirib. 

Sözcü.com.tr veb saytında yayımlanan informasiyaya görə, hazırda şirkət öz beyin interfeysi texnologiyasını  uğurlu şəkildə meymunlar üzərində test etməyə davam edir. Məlumat  üçün qeyd edək ki, şirkətin əsas məqsədi insan beyninin kompüterə qoşulmasını təmin etməkdir. Bu, öz növbəsində fiziki məhdudiyyətli insanlara ətrafdakı digər insanlarla yenidən ünsiyyət qurmaq imkanı verəcək və bədənin hərəkət aktivliyini bərpa edə biləcək.

Artıq bir neçə ildir ki,  “Neuralink” öz texnologiyasını heyvanlar üzərində test edib. İnsanlar üzərində klinik testlərə başlamaq üçün isə ABŞ-ın səlahiyyətli orqanlarına lazımi sorğular göndərib.

Şirkətin beyin interfeysi texnologiyası cərrahiyyə əməliyyatı vasitəsilə həyata keçirilir. Proses çərçivəsində beyin toxumalarına mini elektrodlar inteqrasiya edilir. Bundan əlavə olaraq şirkət hazırda görmə qabiliyyətini bərpa edə biləcək göz implantı və zədələnmiş onurğa beyninə sahib insanların hərəkətetmə qabiliyyətlərini bərpa edəcək texnologiyalar üzərində də çalışır. Beyin-kompüter interfeysinin hazırlanmasının ilkin məqsədi müxtəlif fiziki məhdudiyyətlərə sahib insanların digərləri ilə fikir gücü vasitəsilə ünsiyyət yaratma imkanını təmin etməkdir. "Neuralink"in təşkil etdiyi yeni tədbir çərçivəsində beyin interfeysinə sahib olan meymunun fikir gücü vasitəsilə virtual klaviaturada çap etmək özəlliyi sərgilənib.

Meymunun beyninə inteqrasiya edilmiş beyin interfeysi neyron siqnallarını məlumatlara çevirir və daha sonra həmin məlumatları kompüterə göndərir. Təcrübələr göstərib ki, meymun  çap etmək bacarığına sahib olmasa da, o, ekrandakı virtual klaviatura üzərində sarı rənglə qeyd edilmiş düymələri təyin edə bilir.

Mask bildirib ki, bu texnologiyanın insanlar üzərində klinik testləri üçün səlahiyyətli orqanlara sorğular artıq göndərilib və təqribi olaraq 6 aydan sonra planlaşdırılan testlərə start verilməlidir. 

 

3D printerlə  ev çap edilib

Men Universitetinin Qabaqcıl Strukturlar və Kompozitlər Mərkəzinin (ACSS) tədqiqatçıları tərəfindən  ilk dəfə olaraq ABŞ-da 3D printer vasitəsilə  yaşayış evi çap edilib. BioHome 3D adı verilən evin  tamamilə bioloji xammaldan hazırlandığı bildirilib.

4 moduldan ibarət evin divarları, döşəməsi, tavanı taxta lifindən və bioqətrandan hazırlanmışdır. Bununla yanaşı, yüksək səviyyəli istilik izolyasiyasına sahib olan  BioHome 3D  təkrar emal üçün  də yararlıdır.

Mütəxəssislərin sözlərinə əsasən, dəqiq çap texnologiyası sayəsində çap edilən bu cür evlər ilk növbədə gələcəkdə inşaat tullantılarının aradan qaldırılmasına da kömək edə bilər.

Tədqiqatçıların verdiyi məlumata görə, sözügedən evin hazırlanması üçün cəmi 12 saat vaxt sərf edilib. Evdə elektrik şəbəkəsinin qoşulması bir mühəndis tərəfindən edilib və bu isə cəmi  2 saat vaxt aparıb.

ABŞ-ın Men ştatında aşağı gəlir səviyyəsinə sahib kirayəçilər öz gəlirlərinin 50%-ni məhz yaşayış evlərinə xərcləyirlər. Bundan əlavə, orada aşağı qiymət göstəricisinə sahib yaşayış evlərinə böyük tələbat var. Tədqiqatçıların fikrincə, 3D printerlər vasitəsilə çap edilən belə yaşayış evləri bu problemin həlli ola bilər. Məlumatda həmçinin qeyd edilib ki, BioHome 3D adi evlərlə müqayisədə daha ucuz qiymətə başa gəlir. Lakin onun dəqiq qiyməti barəsində məlumat verilməyib.

İnformasiya muhalif.com.tr veb saytında yayımlanıb.

 

Ayda məskunlaşmaq artıq reallaşa bilər

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agetliyindən (NASA)  verilən məlumata görə, yaxın gələcəkdə Ayda yaşamaq ideyası artıq reallığa çevrilə bilər. Belə ki, Artemis adlı Ay proqramına rəhbərlik edən Howard Hu bildirib ki, insanlar bu onilliyin sonuna kimi daimi şəkildə Ayda məskunlaşa biləcəklər.

"Science" jurnalında dərc edilən informasiya əsasən, agentlik 2024-cü ildə Artemis-2 missiyası çərçivəsində  Aya uçuş planlaşdırır. Daha sonra,  2025-ci ildə isə Artemis-3 missiyası çərçivəsində  astronavtların artıq Ay səthinə ayaq basa biləcəkləri nəzərdə tutulur.

"Biz insanları Ay səthinə göndərməyi planlaşdırırıq. Onlar orada nəinki yaşayacaq, həm də elmlə məşğul ola biləcəklər. Artemis missiyaları nəqliyyat sisteminin yaradılmasına da imkan verəcək",- deyə Howard Hu qeyd edib.

93 milyard dollara başa gələn  Artemis proqramı uzun illər ərzində hazırlanıb. Onun əsas məqsədi insanların Marsa uçuşlarından öncə onların Ayda həyat şəraitlərini təmin etməkdir. Howard Hu həmçinin qeyd edib ki, planlaşdırılan mərkəzi tədqiqat bazası Ayın cənub qütbündə yerləşə bilər. İlk növbədə orada su ehtiyatının olub-olmadığını təyin etmək lazımdır. Bu, çox vacib faktordur. Belə ki, Ayın cənub qütbündə su ehtiyatının olacağı halda o, Mars uçuşlarının reallaşdırılmasında çox yardımçı ola bilər.

Məlumat üçün qeyd edək ki, Artemis-1 missiyası çərçivəsində göndərilmiş Orion kosmik gəmisi hazırda Ayətrafı uçuş səyahətindədir.

 

 

Bu şəhərdə pilotsuz avtobuslar istifadəyə verildi

Cənubi Koreyanın avtomobil  nəhəngi Hyundai  tamamilə avtopilot əsasında çalışan avtobusların kommersiya məqsədli istehsalına start verib. Seul şəhərində istifadəyə verilən bu cür avtobusların hərəkət etməsi üçün artıq  xüsusi olaraq yol xətti də təşkil edilib.

TechXplore.com veb saytının yaydığı xəbərə görə, sözügedən layihə test mərhələsində olduğu üçün  avtobuslarda gedişlər hələlik pulsuz həyata keçirilir. Lakin pilotsuz avtobuslardan istifadə etmək istəyənlər xüsusi mobil tətbiq vasitəsilə özləri üçün yer rezerv etməli olacaqlar. Rezerv etmiş istifadəçilər   pilotsuz avtobuslar üçün nəzərdə tutulmuş 2 dayanacaqdan birində gözləyə bilərlər. 3.4 km uzunluğunda olan marşrut üzrə 2 avtobusun hərəkət etməsi nəzərdə tutulur. 

Dairəvi formaya və böyük ölçülü şüşələrə sahib olan pilotsuz avtobuslar, xarici görünüşünə görə bir növ oyuncaq avtobusları xatırladır. Məlumatda qeyd edilib ki, bu cür dizayn bilərəkdən seçilib. Belə ki, ənənəvi avtobusların xarici görünüşləri artıq çox köhnəldiyi üçün onlara gələcəyin nəqliyyat  növlərini xatırladan müasir dizayn verilib. Bundan əlavə olaraq sözügedən avtobuslar kompozit materiallardan hazırlanıb. Bu isə öz növbəsində onların istehsalat xərclərini aşağı salmağa və həmçinin istehsalat proseslərinin sürətləndirilməsinə imkan verir. Ətrafda olanları müəyyən edə bilən  pilotsuz avtobuslar həmçinin  işıqforları, piyadaları və yolda baş verə biləcək  mümkün maneələri də təyin edə bilir. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".