Yurd həsrətinə son qoyulur
Sosial həyat

Yurd həsrətinə son qoyulur

Azərbaycanın hərbi-siyasi üstünlüyü nəticəsində bir güllə atılmadan, qan tökülmədən erməni işğalından azad edilən Laçın şəhərində, Zabux və Sus kəndlərində təcavüzün ağır nəticələri aradan qaldırılır, düşmənin taladığı və dağıtdığı yurd yerləri yenidən dirçəldilir, həyat əhəmiyyətli infrastruktur yenidən qurulur, əhalinin öz evlərinə qayıdışı üçün tikinti-quruculuq işləri sürətlə aparılır.

Dövlət başçısının rəhbərliyi ilə isğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı olması üçün icra edilən layihələr həm işğalın ağır nəticələrini aradan qaldırır, həm də bu yerlər əsl gülüstana çevrilir. İşğaldan azad edilən hər üç yaşayış məntəqəsində az müddət ərzində çox genişmiqyaslı quruculuq, bərpa işləri aparılır və yaxın zamanlarda əhali öz doğma yurdlarına qayıdacaqdır.

Laçın rayonunun Sus kəndi Qarabağ yaylasında, Həkəri və Zabux çaylarının sahilində yerləşir, adının mənası da elə sulu yer deməkdir. Kənd 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmiş, erməni qəsbkarlar kəndi talan edərək burada qeyri-qanuni məskunlaşma aparmağa cəhd etmişlər. İşğala qədər kənd əhalisi əsasən heyvandarlıq, əkinçilik və bağçılıqla məşğul olub. Həkəri çayı boyunca tut, alma, gilas bağları olub. 2006-cı ilin məlumatına əsasən kənd əhalisinin sayı 250 nəfər olub.

Otuz ilə yaxın məcburi köçkün həyatı yaşayan və bu illər ərzində doğma yurd yerlərini bir an belə unutmayan Vəli Hüseynov Sus kəndində anadan olub. Ömrünün ən gözəl çağlarının doğma kəndində keçdiyini deyən Vəli Hüseynov bildirir ki, bu yay möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Laçın şəhərinin, Zabux və Sus kəndlərinin dövlətimizin nəzarəti altına keçdiyi ilə bağlı müjdəli xəbərini böyük sevinc hissi ilə dinlədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin. Qürur duyuruq, sevinirik ki, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Həmsöhbətim doğma kəndlərində qanunsuz yaşamış ermənilər haqqında deyir ki, nəinki Zabux və Sus kəndlərində, ümumiyyətlə Laçın rayonunda heç vaxt erməni yaşamayıb. Onlar Laçın rayonu işğal olunandan sonra orada qanunsuz məskunlaşdılar. Oraya köçürülmüş ermənilər yaxşı bilirdilər ki, o torpaqlar onlara məxsus deyil. Ora bizim dədə-baba yurdumuzdur və biz tezliklə o torpaqlara qayıdacağıq.

Başqa suslular kimi Vəli Hüseynovun ailəsi də illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir. Doğma yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı ağsaqqal arzularını dilə gətirərək deyir ki, üç övladım, iki nəvəm var. Arzumuz, istəyimiz Laçına qayıtmaqdır. Kəndimizin əhalisi tarixən heyvandarlıqla, bağçılıqla məşğul olub. Öz torpağımıza qayıdaq, heyvan da saxlayacağıq, əkin də əkəcəyik, bağ-bağat da salacağıq. Kəndimizə, yurdumuza qayıtmaq üçün hazılaşırıq.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Sus kəndindən olan keçmiş məcburi köçkün Əhmədovlar ailəsinin də sevinci aşıb-daşır, kəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ailə başçısı Tofiq Əhmədov kəndlərinin təbiətindən, gözəlliklərindən bəhs edərək deyir ki, kəndimiz Həkəri çayının kənarında dağ döşündə yerləşir. Kəndin üst tərəfində meşə, o biri tərəfdə isə meyvə bağları bu yerlərə xüsusi gözəllik verirdi. Otlaqlarımız, biçənəyimiz, əkin yerlərimiz var idi. Bulaqlarımızın buz kimi suyu olurdu. Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam. 30 ildir yurdumuza, oradakı gözəlliklərə həsrət qalmışdıq. Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma kəndimizə qayıdacaq və ata-baba yurdumuzda əbədi yaşayacağıq.

Tofiq kişi məcburi köçkünlük illərində çox çətinliklər çəkdiklərini, lakin ən böyük çətinliyin yurd həsrəti, Laçından ayrı düşmək olduğunu deyir. Çətinliyimiz çox olub. Laçın işğal olunandan sonra qardaşlarımla bir-birimizdən ayrı düşdük. Əvvəlcə Bərdədə yaşadıq. Sonra dövlət tərəfindən bizə fin evləri tikildi. O qəsəbədə bir neçə il yaşadıq. Bütün çətinliklərə sinə gərdik. Sonra Taxtakörpü ərazisində gözəl şəraiti olan qəsəbə salındı. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində xeyli iş görüldü. Ulu öndər Heydər Əliyev biz laçınlıları heç zaman tək qoymadı, hayımıza, harayımıza yetişdi, köməyini əsirgəmədi. Bax, elə ona görə də bütün çətinliklərin öhdəsindən gələ bildik. Sonra Prezidentimiz İlham Əliyev 50 illik yubileyini bizimlə birlikdə qəsəbədə keçirdi. Həmin görüş bizə dözüm verdi, xoş gələcəyə, doğma yurd yerlərinə qayıdacağımıza hər birimizdə güclü inam yaratdı.

Sus sakini indi ailəsi ilə birlikdə doğma kəndlərinə qayıdacaqları günü gözlədiyini bildirərək deyir ki, bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə sağlamlıq arzulayırıq. Səbirsizliklə gözlədiyimiz vaxt gəlib çatıb. İndi kəndimizə qayıdacağımız günü gözləyirik. Əminik ki, orada sakinlər üçün gözəl şərait yaradılır və hər kəs öz yurduna dönəcək. Laçın üçün, öz kəndimiz Sus üçün çox darıxmışam. Laçına qayıdanda ilk növbədə, kənd qəbiristanlığına gedib qohumlarımın qəbirlərini ziyarət edəcəyəm. Bulaqlarımızdan su içib, üzümə su vuracağam, sonra evimizə gedəcəyəm.

Sadə insanlarla söhbət edəndə bir daha şahidi olduq ki, onların qəlbində, sözlərində dövlətimizin başçısına çox güclü inam və qətiyyət var. Bu inamın və qətiyyətin mahiyyətində isə Azərbaycan Prezidenti İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə apardığı mübarizə dayanır. İstər ölkədaxili, istərsə də xarici ölkələrdə keçirdiyi bütün görüşlərdə, beynəlxalq tədbirlərdə, 44 günlük Vətən müharibəsində Prezidentin çıxışlarının əsas məğzi Ermənistanın işğalı ilə bağlı olmuşdu. Bütün bu illər ərzində hər kəlməsində dəyişməz mövqe göstərən, xalqımızın işğalla barışmadığını bəyan edən Prezidentin dediyi sözlər, verdiyi vədlər sonadək dəyişməz qaldı. Prezidentə güclü xalq məhəbbətinin də sirri burdadır. Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Dövlətqaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq. Sus sakinləri də öz kəndlərinə qayıtmağa hazırlaşırlar. Bu dəfə, köç karvanı onları ayrı düşdükləri yurd yerlərinə aparacaq...

Salman ALIOĞLU,

"Respublika".