İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Bakı şəhər halqası sprint yarışına evsahibliyi edəcək

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarışları keçiriləcək. Yarışlara Azərbaycan ilə yanaşı, Avstraliya, Belçika, Braziliya, ABŞ və Qətər də evsahibliyi edəcək. Azərbaycan Qran-Prisi 2023-cü il aprel ayının 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

 

Ülvi Məmmədov dünya çempionatına qatılacaq

Dekabrın 8-10-da Polşanın Lüblin şəhərində Dünya Fudokan Federasiyasının (WFF) təşkilatçılığı ilə kişilər arasında dünya çempionatı keçiriləcək. Mundialda ölkəmizi Ülvi Məmmədov (84 kq) təmsil edəcək. Qeyd edək ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan karate-do üzrə 25-ci Avropa çempionatında böyüklər arasında bürünc medala sahib olmuşdur.

 

Respublika kuboku yarışı

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında respublika kuboku yarışı start götürüb. Yarışda ümumilikdə 500-dən çox idmançı iştirak edir. Turnir "low kick" və "Full Contact" versiyası üzrə keçirilir. Respublika kuboku yarışı 2023-cü il üçün milli heyətləri müəyyənləşdirmək məqsədi daşıyır.

 

Karate üzrə turnir keçiriləcək

Karate üzrə milli komandanın 19 üzvü İtaliyanın Jesolo şəhərində rəsmi və beynəlxalq turnirdə iştirak edəcək. 21 yaşadək gənclər arasında keçiriləcək XXX "Venice Cup" turnirində millimizin iki üzvü iştirak edəcək. Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi döyüşəcək.

Dekabrın 9-11-də Jesoloda "Karate1 Youth League" turnirində isə yığmamızın 17 karateçisi 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında keçiriləcək yarışda mübarizə aparacaqlar. Nüfuzlu yarışa 58 ölkədən 2660 idmançı qatılacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".