DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NED PRAYS: TÜRKİYƏ ABŞ-IN ÖNƏMLİ MÜTTƏFİQİDİR

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müdafiə büdcəsinin yekun mətnindən “F-16” qırıcılarının Türkiyəyə satışını məhdudlaşdıran bəndlərin çıxarılması ilə bağlı diqqətçəkən açıqlama verib. “Teleqraf.com” xəbərinə görə, mətbuat katibi Türkiyənin ABŞ-ın önəmli müttəfiqi olduğunu bildirib.

“Türkiyə NATO-nun mühüm müttəfiqi və təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin üzləşdiyi böyük təhlükələrlə mübarizə aparması üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”, - ABŞ rəsmisi vurğulayıb.

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Cozef Baydenin bu məsələni müzakirə etdiklərini bildirən Ned Prays daha aşağı səviyyələrdə də danışıqlar aparıldığını qeyd edib.

Bununla yanaşı, jurnalist yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınan senator Bob Menendezin Türkiyəyə “F-16” satışının qarşısını alacağını bildirdiyini soruşduqda Ned Prays Türkiyənin mühüm NATO tərəfdaşı və alyansda ən çox təhlükə ilə üzləşən ölkə olduğunu xatırladıb.

 

İRANDA AKSİYALARA GÖRƏ İLK ÖLÜM HÖKMÜ İCRA EDİLİB

İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub. “Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, dar ağacından asılan ilk etirazçıdır.

Məlumata əsasən, məhkəmə onu “Allaha düşmənçilik etməkdə” təqsirli bilib. Möhsün Şekari Tehranın əsas avtomobil yolunu bağlamaqda və “Bəsic” yarımhərbi dəstəsinin üzvünü bıçaqla yaralamaqda ittiham olunur.

Verilən xəbərə görə, sentyabrın 17-də başlayan etiraz aksiyalarının 11 iştirakçısı barəsində də edam hökmü çıxarılıb. Bildirilir ki, İnqilab Məhkəmələri tərəfindən çıxarılan ölüm hökmləri Ali Məhkəmə tərəfindən təsdiq edilməlidir.

İran Hüquq Müdafiəçilərinin İnformasiya Agentliyinin açıqlamasına görə, Tehranın hərbi-polis qüvvələri tərəfindən azı 475 aksiya iştirakçısı öldürülüb, 18240-ı isə saxlanılıb. Həmçinin təhlükəsizlik qüvvələrinin 61 əməkdaşı da etirazlar zamanı həlak olub.

 

 

RUSİYALI SİLAH BARONU İLƏ ABŞ-IN TANINMIŞ İDMANÇISI DƏYİŞDİRİLİB

Həbsdə olan amerikalı basketbolçu Brittni Qraynerlə rusiyalı biznesmen Viktor But mübadilə olunub. “Trend” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın və Rusiyanın islah müəssisələrində cəza çəkən məhbusların dəyişdirilməsi proseduru Əbu-Dabi hava limanında baş tutub.

Qərb mediası Viktor Butu “silah baronu” və "ölüm taciri" adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.

Xatırladaq ki, Qrayner 4 avqust 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib və Rusiyada 9 il həbs cəzası, 1 milyon rubl cəriməyə məhkum edilib.

Viktor But isə 2008-ci il martın 6-da Tailandda həbs olunaraq ABŞ-a ekstradisiya edilib. Amerika məhkəməsi iş adamını ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə silah satmaqda təqsirli bilib. But özünü təqsirli bilməsə də, 25 il müddətinə azadlıqdan məhrum edilib.

 

DÜNYANIN ƏN VARLI AİLƏLƏRİNİN REYTİNQİ AÇIQLANIB

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nahyanın ailəsi dünyanın ən zəngin ailəsi kimi tanınıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə cümə axşamı “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. “Bloomberg” agentliyinin məlumatına görə, Əl Nahyanların sərvəti təxminən 300 milyard dollardır.

Əbu-Dabili ailə müxtəlif sahələrdə 27 mindən çox işçisi olan “Royal Group”un sahibidir. Ailə İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” şirkətində və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə həmçinin eyniadlı şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koh ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) daxildir.

 

HƏKİMLƏR: SAAKAŞVİLİ CƏMİ BİR NEÇƏ AY YAŞAYA BİLƏR

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili istintaqa müayinə üçün qan verməkdən imtina edib. “Teleqraf.com” xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi İstintaq Xidmətinin nümayəndəsi Vasili Kakaşvili açıqlama verib.

“Mixeil Saakaşvili bu gün istintaqa qan nümunəsi verməkdən imtinasının səbəbini səhhətində yaranan problemlə əlaqələndirib”, - V.Kakaşvili vurğulayıb. Onun sözlərinə görə, istintaq eks-prezidentdən əlavə qan nümunələri tələb edib, çünki onun zəhərlənə biləcəyinə dair iddia irəli sürülüb.

Eyni zamanda, həkimlər Saakaşvilini müalicə edə bilməyəcəklərini açıqlayıblar. Onlar Gürcüstanın keçmiş prezidentinin vəziyyətini ağır kimi qiymətləndirirlər. Həkimlər hesab edirlər ki, Saakaşvilinin səhhəti eyni sürətlə pisləşərsə, cəmi bir neçə ay yaşaya bilər.

Qeyd edək ki, bir müddət öncə tibbi ekspertizanın rəyi dərc edilib və Saakaşviliyə on fərqli diaqnoz qoyulub. Onun orqanizmində sağlamlıq üçün təhlükəli olan yüksək həcmdə barium, vismut və civə aşkar edilib.

 

TÜRKİYƏ VƏ ABŞ-IN KƏŞFİYYAT RƏHBƏRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan arasında telefon danışığı olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Açıqlamaya əsasən, tərəflər Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında həyata keçirdiyi əməliyyatları müzakirə ediblər.

Eyni zamanda, Uilyam Börns MİT rəhbərinə Türkiyənin Suriya və İraqın şimalında ehtimal edilən quru əməliyyatı və həmin ərazilərdəki ABŞ hərbçilərinin təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.

Bununla yanaşı, qeyd edək ki, ABŞ-ın rəsmi qurumları telefon danışığı barədə hər hansı məlumat yaymayıb.

 

RUMINİYA VƏ BOLQARISTAN ŞENGEN ZONASINA QƏBUL EDİLMƏYİB

Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib. “Report”un məlumatına görə, bu barədə “BTV” telekanalı məlumat yayıb.

Bildirilir ki, Aİ ölkələrinin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.

Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.

Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev Şuranın qərarını şərh edərkən onu “siyasi” adlandırıb, ölkənin Şengen zonasına daxil olmaqla bağlı işi davam etdirməyə hazır olduğunu bildirib.

Bolqarıstan və Rumıniyanın müraciətlərinə rədd cavabı verilməsini şərh edən Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Shinas “Twitter” hesabında “problemin həlli üçün bir yol tapılmalıdır” deyə yazıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.