Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası
Tarix

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır

(əvvəli 7 və 8 dekabr tarixli saylarımızda)

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Zəngibasar rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlı Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi olan Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.

1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və keçmiş DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçmiş DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.

İyulun 21-də ermənilərin Kalinino rayon mərkəzində yaşayan azərbaycanlılara silahlı hücumu nəticəsində 86 yaşlı Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarla insan yaralanmışdı. Bu barədə "Pravda" qəzetinin 7 yanvar 1989-cu il tarixli nömrəsində məlumat verilmişdi.

Avqustun 20-də Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən çıxarılmaları tələbi irəli sürülmüşdü.

Ermənistan EA-nın müxbir üzvü, "Qarabağ" hərəkatının liderlərindən olan akademik Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: "Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm".

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını "Qarabağ gündəliyi" (rusca) kitabında belə təsvir edir: "Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: "Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!".

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda "Azadlıq" meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini "qayda-qanunu bərpa etmək" adı altında yerlərə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.

Ermənistan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan "Kommunist" (rusca) qəzeti 13 dekabr 1988-ci il tarixli sayında dərc edilən "Fəlakət anı, məsuliyyət anı" məqaləsində həmin günlərdə törədilən qırğınlardan bəhs edərək yazırdı: "Noyabrın 26-da "Qarabağ" hərəkatı fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan (keçmiş Böyük Qarakilsə, indiki Vanadzor) sakini Şaumyan (əvvəlki adı Vartanalı olmuşdur) kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın fəallarının köməyi ilə yaradılmış "özünümüdafiə dəstələri" yollarda qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər".

Vartanalı və Kuybışev kəndlərində ermənilərin törətdikləri qırğınları ört-basdır edən rəsmi orqanlar yalnız "atışma olmuşdur, tələfat var" ifadələri işlətməklə kifayətlənmişdilər. Vartanalı kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanalı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 25-dən 26-na keçən gecə kəndə silahlı hücum etmişdilər. Həmin gün güclü qar yağır, boran əsirdi. Azərbaycanlılar əsasən kəndi tərk edib ətraf meşələrə çəkilməyə məcbur olmuşdular. Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. Lakin Vartanalı erməniləri bu cür insani hisslərdən uzaq idilər. Onlar azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər. Azğınlaşmış dəstəyə isə Vartanalı kənd sovetinin sədri J.Arakelyan bələdçilik etmişdi.

Vanadzor şəhərində yaşayan jurnalist Mane Papyanın 29 aprel 2015-ci il tarixində www.epress.am saytında "Sobıtiə v Quqarke. Kak qromili azerbaydjanüev v Armenii" başlıqlı yazısı yerləşdirilib. Mane Papyan faciəli hadisələrin baş verdiyi Vartanalı kəndinə gedərək hadisənin canlı şahidləri ilə söhbət edib. Həmin məqalədə Vartanalı qırğınlarının baş verdiyi zaman Kirovakan şəhər prokuroru olmuş Qriqori Şahverdiyanın jurnalistə verdiyi məlumatlardan aydın olur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistanda milli münasibətlər gərginliyinin pik həddinə çatıbmış. Şahverdiyanın dediyinə görə, 1988-ci ilin mart-noyabr aylarında Quqark rayonunda 634 azərbaycanlının işdən qovulması barəsində onun əlində rəsmi sənəd vardır. Qriqori Şahverdiyanın sözlərinə əsasən, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlə yetirilməsi faktı istintaq materiallarında öz əksini tapıb.

"Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, gecə vaxtı Quqark rayonunun Arçut kəndindən azərbaycanlıları aparan avtobuslara ermənilər yolda hücum etmişdilər.

Mane Papyan yazır: "Rəsmi məlumata əsasən o zaman Vartanalı kəndində 11 azərbaycanlı öldürülüb. Bu hadisə təkcə Ermənistanda deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurdu. Təqsirkarları aşkar etmək üçün Moskvadan 100 nəfərdən artıq istintaq qrupu gəlmişdi. Nəticədə Quqark rayon Partiya Komitəsinin bürosunda birinci katib Lavrenti Bağdasaryan, İcraiyyə Komitəsinin sədri Samvel Qazaryan və Şaumyan milisinin bütün əməkdaşları işdən azad edildilər.

Vartanalı kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan 9-cu sinifdə oxuyan Alim İsgəndərovun ermənilər tərəfindən qayadan atılaraq öldürüldüyünü müxbirə söyləmişdir.

Vartanalı kəndinin sakini olan Samvel adında bir qatil kəndi tərk edərək dağlara çəkilən azərbaycanlıları neçə güllələdiyini, onları sıldırımlı qayalardan necə tulladığını müxbirə fəxrlə danışıb. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs etsə də, sonradan azad etmişdi. Mane Papyana verdiyi müsahibəsi zamanı Samvel vaxtilə azərbaycanlıları qətlə yetirdiyi silahların fonunda şəkil çəkdirib.

Vartanalı sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürüldüklərini və sonra isə yandırıldıqlarını etitaf edib: "Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altında Şaumyana gəldilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın".

Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırdılar. Rima Sarqsyan azərbaycanlının yandırıldığı yeri də müxbirə göstərir.

Azərbaycanlılara qarşı Vartanalıda soyqırımı törədilməsindən dərhal sonra ermənilər onların evlərini zəbt etmiş, daha sonra isə kəndin qəbiristanlığını vandalcasına dağıtmışdılar. Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanalı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Qazax rayonuna çatmışdılar. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarla vartanalılı vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Ümumiyyətlə, həmin dövrdə Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilmişdir.

Vartanalı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyandır) 1925-ci ildə Tiflisdə ermənicə çap olunan "Ançyaliç" ("Keçmişdən") əsərində erməni silahlı dəstələrinin Böyük Qarakilsə şəhərinin yanındakı Vartanalı türk kəndində törədilən qırğınlardan bəhs etmişdir. 1918-ci ildə Vartanalıda törədilən qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdı. 1918-ci ilin Novruz bayramı günlərində ermənilər Vartanalı kəndinin kişi cinsindən olan bütün sakinlərini qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar. Qadınlar, körpələr meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə Vartanalı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmamışdır.

Kirovakan şəhərinin sabiq prokuroru Qriqori Şahverdiyanın verdiyi məlumata əsasən, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlə yetirilməsi faktı istintaq materiallarında öz əksini tapmışdır. Onun sözlərinə görə, Kirovakanda ən çox hallandırılan qətllərdən biri Telman Hüseynovun qətli olmuşdur. O, 1988-ci il noyabrın 27-də gecə saat 22 radələrində bıçaq və balta ilə öldürülmüşdü. Yerli istintaq orqanları cinayəti azyaşlı Usik Marutyanla Tigran Evinyanın üzərinə yıxmışdılar ki, sonra onları rahatca həbsdən azad edə bilsinlər. Halbuki, pəhləvan cüssəli, idmançı Telman Hüseynovu iki azyaşlının qətlə yetirməsi mümkün olan iş deyildi. T.Hüseynovun əsl qatilləri kənarda qalmış, cinayət iki azyaşlının ayağına yazılmışdı.

1988-ci il noyabrın 28-də Spitak rayonunun erməni rəhbərləri azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gələrək bildirmişdilər ki, onların təhlükəsizliyinə təminat vermirlər, ona görə də əgər iki saat ərzində kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər. Özləri ilə 34 avtobus və 40 yükünü özüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar. Əhalini zorla avtobuslara mindirərək kəndlərdən çıxarırlar. Həmin avtobusları Spitak rayonun ərazisindən kənarda - Quqark rayonunun Həmzəçimən (Mrqahovit) kəndi yaxınlığında silahlı dəstələr gözləyirdilər. Pusquda durmuş quldurların avtobusları atəşə tutması nəticəsində 3 nəfər - Balacayev Şahin Səyyad oğlu, Balacayev Teymur Məsim oğlu və Balacayeva Sürəyya Hüseyn qızı həlak olmuş, 7 nəfər ağır yaralanmışdı.

(davamı növbəti saylarımızda)

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru.