Dahiləri bir də belə tanıyaq!
Sosial həyat

Dahiləri bir də belə tanıyaq!

Nikolay Mixayloviç Prjevalski

Məşhur rus səyyahı, tədqiqatçı, coğrafiyaşünas Nikolay Mixayloviç Prjevalski... Onun haqqında əksəriyyətin bildiyi məlumat  yalnız Mərkəzi Asiya ekspedisiyalarına başçılıq etməsidir. Lakin onun tərcümeyi-halında  başqa daha maraqlı faktlar da var...

Məsələn, birinci ekspedisiya üçün lazım olan vəsaiti o, kart oyununda udubmuş. Eyni zamanda  səyahətlərinin bir hədəfi də hərbi kəşfiyyat olub. Hətta Polşa jurnalistlərinin  irəli sürdüyü fərziyyələrə görə, o, Stalinin əsl atası  olub...

Deyilənlərə görə, bir zamanlar Nikolay Prjevalski kart oyununa aludə olubmuş. Yaxşı vizual yaddaşı ona, tez-tez oyunda müvəffəqiyyət gətirirmiş. Bundan başqa, qumarın əsas qaydalarından birinə isə daha çox riayət edirmiş: heç vaxt özü ilə 500 rubldan çox pul götürməmək və həmişə 1000 rubl udan kimi oyunu tərk etmək.

Mərkəzi Asiyaya birinci ekspedisiyası üçün lazım olan pulu o, məhz qumarda udmuşdu. Coğrafi cəmiyyət üçün Prjevalski yeni ad idi və onun arzusunu reallaşdırmağa başqa üsulla vəsait tapmaq imkanı yox idi. Uduşun məbləği isə  kifayət qədər böyük idi - 12 min rubl. Prjevalski bundan sonra özü-özünə söz verir ki, daha heç vaxt pulla oynamayacaq.

30 yaşında  məşhurlaşan alim evliliyi "könüllü ilmə" adlandırırdı. O, hesab edirdi ki, insan yalnız azad olaraq xoşbəxt ola bilər. Bu səbəbdən də ömrünün sonuna kimi subay qalmağı seçdi.

 Nikolay Prjevalskinin adı ilə bağlı ən maraqlı versiya isə məşhur səyyahın əslində Stalinin atası olmasıdır. Deyilənlərə görə, guya Prjevalski Gürcüstanda olarkən orada 22 yaşlı Yekaterina Cuqaşvili ilə tanış olub, tezliklə onların oğlu İosif doğulubmuş. Lakin bioqrafları bu faktı təkzib edirlər.

Səyyahın ağır xəstəlik səbəbilə 49 yaşında qəflətən dünyasını dəyişdiyi bildirilir. Yaxın vaxtlara qədər bütün mənbələrdə onun ölüm səbəbi kimi qarın yatalağını göstərirdilər, lakin müasir ekspertlər isə başqa diaqnoz təyin ediblər - limfoqranulematoz...

 

Şarlotta Bronte

Şarlotta Bronte - Dünya ədəbiyyatında  özünəməxsus yeri olan və daha çox  "Ceyn Eyr” adlı romanı ilə məşhurlaşan bu xanım, qadın qələmini  təsdiqləmiş ən tanınmış ingilis yazıçılarındandır. O, bu əsəri sayəsində  dünya ədəbiyyatında öz sözünü deməklə yanaşı, roman həm də ingilis nəsr ədəbiyyatının əlifbası hesab olunur. Hətta ingilislər düşünürlər ki, bu romanı  oxumadan onların digər ədəbi nümunələri ilə tanışlıq, oxucu üçün çətin olar. Yazıçı yaradıcılığı ilə yanaşı, həm də  faciəli həyatı ilə də  yaddaşlarda qalıb... 

İngiltərədə keşiş ailəsində doğulan yazıçı, rahib atası,  içki aludəçisi olan qardaşı və dörd istedadlı bacısı ilə birgə  şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Bronte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşmüşdü.

Sonralar atası onları dolandıra bilmədiyinə görə yetimlər üçün ponsionata verir. Bir müddət sonra isə oxuduqları məktəbdə yayılan vərəm xəstəliyi səbəbindən Şarlottanın  bacısı Mariya, ardınca isə Elizabet rəhmətə gedir. Uşaqlarının ard-arda dünyalarını dəyişdiyini görən ata Şarlotta və Emilini pansionatdan çıxarmağa məcbur olur.

Ailədə atalarının sərt qaydaları ilə yaşamağa məhkum olan bacılar günlərinin çox hissəsini  kitabxanalarda mütaliə etməklə keçirirlər. Ədəbiyyata maraq göstərən bacılar şeir və hekayələr yazmağa başlayırlar. Həmin illərdə ingilis krallığının qadın yazıçılara qarşı olan kəskin münasibətini bildikləri üçün şeir kitablarını kişi adları altında çap etdirirlər. 

Bacısı Emili ilə birlikə Brüsselə gedən Şarlotta həm ingiliscə dərslər keçir, həm də alman dilini öyrənməyə başlayır. İki ilə yaxın müddətdə orada yaşayan Şarlotta məktəbin müdiri, professor Konstantin Hegerə vurulur. Ancaq professorun ailəli olması onu çox məyus edir. Və o yenidən evlərinə geri dönür.

İlk romanını “Korrer” ləqəbi ilə çap etdirən yazıçı, Brüsseldə müəllimlik etdiyi zamanlarda başına gələn hadisələri qələmə aldığı «Professor» romanı nəşriyyatlarda qəbul edilmir. Lakin bu uğursuzluq onu qətiyyən ruhdan salmır və o, əvvəlkindən də inadla öz üzərində işləməyə davam edir. Və bir müddət sonra, ona dünya şöhrəti gətirən «Ceyn Eyr» romanı işıq üzü görür və gözlənilməz müvəffəqiyyət qazanır. Çapından qısa müddət sonra roman Avropanın müxtəlif dillərinə tərcümə olunub, nəşr edilir.  Romanda Şarlotta öz həyatında baş vermiş, olan hadisələri geniş formada qələmə almışdır.

Bu romandan sonra artıq özünə xeyli oxucu toplayan, həmçinin maddi durumu da qaydasına düşən Şarlotta hər kəsin marağına səbəb olur. Belə ki, oxucular bu gənc yazıçının kimliyi ilə maraqlanmağa başlayırlar.

Sonralar Şarlottanın ailəsində ikinci ölümlər silsiləsi başlayır. Şarlottanın qardaşı ruhi sarsıntılar içərisində dünyasını dəyişir. Qardaşının ölümündən bir neçə ay sonra isə bacısı Emiliya lap cavan yaşında rəhmətə gedir. Sevimli bacısının itkisindən özünə gəlməyə macal tapmamış yazıçı bir qədər sonra kiçik bacısı Annanı da torpağa tapşırır.

Qoca atasından savayı itirməyə bir kimsəsi qalmayan yazıçı özünə qapanır, tez-tez qardaş və bacılarının qəbirlərini ziyarət edib saatlarla onlara göz yaşları axıdır.

Bir müddət sonra atasının yerinə keçən rahib Nikolasla ailə həyatı quran yazıçının həyatında heç bir dəyişiklik baş vermir. Dörd romana imzasını atmış 38 yaşlı yazıçı hamiləliyinin sonuncu ayında səbəbi  bilinməyən xəstəlikdən dünyasını dəyişir...

 

Modest Petroviç Musorqski

Tanınmış rus bəstəkarı Modest Petroviç Musorqski... Rusiyanın Karevo kəndində anadan olan bu bəstəkar məşhur  və varlı bir ailənin övladı olub.  Modestin atası böyük torpaq sahibi, anası isə peşəkar pianoçu  idi.

Musiqi ilə hələ  altı yaşında tanış olan gələcəyin bəstəkarı  piano dərslərini  də elə  anasından almışdır. Musorqski yeddi yaşında ikən Lizstin bəzi əsərlərini ifa edə bilirdi. Amma atası onun hərbçi olmağını istəyirdi. Bu səbəblə də onu Sankt-Peterburq hərbiyə hazırlıq məktəbinə yazdırır. 13 yaşında  hərbi məktəbə daxil olan Musorqski, 4 ildən sonra çətinliklə də olsa  məzun olur və  o zamanlar Rusiyanın ən məşhur alaylarından biri olan Preobrajenski Mühafizə Alayına qatılır.

Yeniyetməlik illərindən içkiyə  qurşanan bəstəkarın bu vərdişə düçar olmasının səbəbi hərbi məktəbdə keçirdiyi  çətin illərlə əlaqələndirilir. Musorqski varlı bir ailədən çıxsa da, 60-cı illərdəki torpaq islahatlarından sonra kəndlilərin bəzi üstünlüklər qazanması ilə bəstəkar ailə yardımından əl çəkməli olur.

Alaydakı musiqisevər zabitlərlə dostluq edən Modest digər məşhur rus bəstəkarı Borodinlə də burada tanış olur. Həmin il o, həmçinin Qlinkadan sonra ən əhəmiyyətli rus bəstəkarı hesab olunan Aleksandr Sergeyeviç Darqomıjskidən musiqi dərsləri almağa başlayır. Bu dövrdə Musorqski səliqəli saç düzümü və aristokrat rəftarı, danışığına qatdığı fransız sözləri və qeyri-adi piano ifası ilə qadınların diqqətini çəkən, alqış qazanan, ancaq hələ də özünü tam olaraq sənətə həsr edə bilməyən yeniyetmə idi.

Əslində, Musorqski məşhur bəstəkarlar arasında texniki cəhətdən ən zəif olan musiqiçi idi. Amma bu, heç zaman onun istedadına, musiqisinin gücünə təsir edə bilməyib. Cəmiyyətin eybəcərliklərini, iç üzünü cəsarətlə açıb göstərən bəstəkar çox zaman acı gülüşdən, istehzadan, satiradan güclü vasitə kimi istifadə edib.

Musorqski öz fəaliyyətində, yaradıcılığında hər zaman vətəninə, millətinə sədaqətini təsdiq edirdi. O, əsərlərində haqqı, ədaləti, həqiqəti üzə çıxarmağa çalışırdı. Musiqilərində ritm, quruluş olaraq rus xalq musiqilərinin təsiri hiss olunurdu.

Əsərlərinin müvəffəqiyyət qazanması ilə maddi vəziyyətini də düzəltmək istəyən Musorqski sələmçilərdən borc aldıqdan sonra daha da yoxsullaşır və günü-gündən daha çox içməyə başlayır.

Ömrünün son zamanlarında dostlarının yarımçıq əsərlərini tamamlayaraq pul qazanan bəstəkar, həmin ərəfələrdə   epileptik tutmalar səbəbindən dörd dəfə xəstəxanaya da düşür. Modest 42 yaşında olarkən böyük rus rəssamı İlya Repinin onun vəziyyətini tam açıqlığı ilə təsvir edən məşhur tablosuna poza verdikdən bir neçə gün sonra içkidən irəli gələn epilepsiya tutması ilə hərbi xəstəxanaların birində yoxsulluq içində gözlərini həyata əbədi olaraq  yumur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".