DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN PUTİN VƏ ZELENSKİ İLƏ TELEFON DANIŞIĞI PLANLAŞDIRIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparmağı planlaşdırır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə lideri İstanbulda beynəlxalq forumda çıxışı zamanı bildirib.

“Bazar günü mən Rusiya prezidenti Vladimir Putinlə taxıl böhranının həlli ilə bağlı danışmağı planlaşdırıram. Eyni məsələni Ukrayna prezidenti Volodimir Zelenski ilə də müzakirə edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Rusiya və Ukrayna prezidentləri ilə söhbətlər zamanı o, xüsusilə yoxsul ölkələrə taxıl tədarükü məsələlərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, “taxıl dəhlizi” bu ilin avqustunda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb. Bu günədək dəhliz vasitəsilə Ukrayna limanlarından 10 milyon tondan çox taxıl daşınıb.

 

BLİNKEN: FİNLANDİYA VƏ ISVEÇIN NATO-YA QƏBULU TEZLİKLƏ BAŞA ÇATACAQ

“ABŞ prezidentinin administrasiyası İsveç və Finlandiyanın NATO-ya rəsmi qəbulunun tezliklə başa çatacağına əmindir”. “Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib.

“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdır. Onların ordusu Kosovo və Əfqanıstan, İraq və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edib”, - deyə Entoni Blinken əlavə edib.

Dövlət katibi qeyd edib ki, Finlandiya və İsveç Silahlı Qüvvələri təşkilatın qüvvələri ilə problemsiz qarşılıqlı əlaqə qura biləcək.

Entoni Blinken NATO-nun yaxın gələcəkdə bu iki dövləti rəsmi olaraq üzv kimi qəbul edəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, ölkələr, o cümlədən Türkiyə qarşısında öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atıblar.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət edib. Türkiyə əvvəlcə həmin ölkələrin NATO üzvlüyünə qarşı çıxıb və onları terrorçuları himayə etməkdə təqsirləndirib, alyansın Madrid sammitindən sonra isə ekstradisiya məsələsi barədə Helsinkiyə və Stokholma sorğular göndərib.

 

BMT VƏ Aİ İRANDAKI EDAMLARI DƏRHAL DAYANDIRMAĞA ÇAĞIRIB

BMT İranda ölkə miqyasında etirazlarla əlaqədar edam cəzasına məhkum edilmiş 23 yaşlı gəncin edamını pisləyib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

BMT-dən verilən yazılı açıqlamada təşkilatın ekspertlərinin İranda edam hökmləri ilə bağlı narahatlıqlara diqqət çəkdiyi bildirilib. Açıqlamada qeyd olunub ki, İran rəsmiləri 23 yaşlı iranlı gənc və 12 nəfərə verilən edam hökmünü təsdiqləyib. Ekspertlər həmçinin İranı ölüm cəzasını ləğv etmək üçün moratorium qoymağa çağırıblar.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik də BMT-nin edam cəzasının tətbiqinin qəti əleyhinə olduğunu bildirib və İranı edamları dərhal dayandırmağa çağırıb.

Avropa İttifaqı da İranın etirazlar zamanı həbs edilən bir şəxsi edam etməsini pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.

 

ABŞ SENATORLARI VERGİ GÜZƏŞTLƏRİNİ LƏĞV ETMƏK İSTƏYİRLƏR

ABŞ-ın bir qrup demokrat senatoru hazırda rekord gəlir əldə edən ölkənin neft şirkətləri üçün vergi güzəştlərinin ləğvini təklif edib. “Report”un xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, artıq Robert Menendesin başçılıq etdiyi yeddi senator qanun layihəsi hazırlayır. Buna uyğun olaraq, vergi güzəştlərinin ləğv edilməsi, o cümlədən qazma əməliyyatlarına çəkilən xərclər, dərinsulu ərazilərdə yerin təkinin işlənməsi hüququna görə ödənişdən azad edilməsi təklif edilir.

“Ailələrin yüksək yanacaq qiymətlərindən əziyyət çəkdiyi bir vaxtda Amerika xalqı böyük neft şirkətlərinin baş direktorlarını və səhmdarlarını maliyyələşdirməməlidir”, - deyə Menendes bildirib.

 

BÖYÜK BRİTANİYA MALİYYƏ SEKTORUNDA İSLAHATLAR APARACAQ

Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra maliyyə sektorunda ilk islahatları həyata keçirəcək və bu, onu beynəlxalq miqyasda rəqabətədavamlı edəcək. “Trend” agentliyinin xəbər verdiyi kimi, bunu “Financial Times” nəşrinə müsahibəsində Böyük Britaniyanın maliyyə naziri Endryu Qriffit bildirib.

Maliyyə nazirinin sözlərinə görə, bu cür həlledici dəyişikliklər ilk dəfə olacaq və Böyük Britaniyaya bazarları daha səmərəli etmək üçün yeni imkanlardan, innovasiyalardan və metodlardan istifadə etməyə imkan verəcək. Maliyyə xidmətləri sənayesi isə beynəlxalq miqyasda rəqabətədavamlı sahə olacaq. O əlavə edib ki, islahatların əksəriyyəti 2023-cü ildə həyata keçiriləcək.

Söhbət bəzi pərakəndə bankların əməliyyat fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılması, məhdudiyyətlərinin,  sığortaçılara riskə əsaslanan nəzarətin yumşaldılması ilə bağlı dəyişikliklərdən gedir.

Xatırladaq ki, Krallıq bir neçə illik danışıqlardan sonra 2020-ci il fevralın 1-də Aİ-ni tərk edib. 1 yanvar 2021-ci ildə isə “Brexit”dən sonrakı keçid dövrü başa çatıb.

 

ABŞ-IN AŞAĞI PALATASI 858 MİLYARD DOLLARLIQ BÜDCƏNI TƏSDİQLƏYİB

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün  müdafiə büdcəsi layihəsini 858 milyard dollar həcmində təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, təşəbbüs artıq onu təsdiqləmək üçün kifayət qədər səs toplayıb.

Müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılıb. Təşəbbüs, digər məsələlərlə yanaşı, Ukraynaya təhlükəsizlik sahəsində azı 800 milyon dollar yardım və Rusiyaya qarşı Avropada irəli sürülən təkliflər üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.

Sənədə əsasən Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyalar tətbiq ediləcək, hərbi sahədə əməkdaşlığa qoyulan qadağa daha beş il müddətinə uzadılacaq və raketdən müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə qadağa qoyulacaq.

Büdcə layihəsi indi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün prezident Cozef Baydenə təqdim ediləcək.

 

XAMENEİNİN BACISI QIZI 15 İL AZADLIQDAN MƏHRUM EDİLİB

İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib. “Report”un məlumatına görə, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi dekabrın 9-da bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də həbs edilib.

Bundan başqa, Xameneinin bacısı oğlu Mahmud Muradxani də anası Bədri Hüseyni Xameneinin ötən gün yayılan bəyanatını şərh edib. O, anasının İran xalqı ilə həmrəylik üçün bu addımı atıdığını və  Xameneini tənqid etdiyini bildirib. O, ümumiyyətlə, hakimiyyəti bütövlükdə qəbul etmədiklərini və teokratik rejimə qarşı olduqlarını söyləyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.