Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası
Tarix

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır

(əvvəli 7, 8 və 9 dekabr tarixli saylarımızda)

Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan biri də Cəlaloğlu (Stepanavan) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişlər. Gərgər kənd sakini, Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın Ermənistanın halına ağladığı bir vaxtda, 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı.

Yuxarıda adıçəkilən "Fəlakət anı, məsuliyyət anı" məqaləsində azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də olsa aydınlıq gətirilmişdi. Məqalədə yazılır: "Qarabağ" komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycanlıların) kütləvi surətdə çıxarılmasına "fətva" verdilər. Bu cür "missiya" ilə bəzi "xadimlər" Kirovakanda, Stepanavanda, Artaşatda (Qəmərlidə) evləri bir-bir gəzirdilər". Əlbəttə, azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yeğeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər.

"Fəlakət anı, məsuliyyət anı" məqaləsinin bir yerində qeyd edilir: "Komitənin (yəni "Qarabağ" komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, "Qarabağ" komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq Nəzarəti Komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər". Amasiyanın beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın 1-dək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər.

1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.

Hərbçilərin və "BTR"lərin müşayiəti ilə Amasiya rayonunun Oxçoğlu kəndindən yola salınan 15 ailənin ev əşyalarını qonşu Axuryan (keçmiş Düzkənd) rayonunun Kaps (keçmiş Qanlıca) kəndində ermənilər maşınları boşaltmış, talan etmiş, sonra isə od vurub yandırmış və yük sahiblərini ölümcül döymüşdülər. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun əməkdaşlarının məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə cəlb edilməmişdi.

Həmişə milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi 1988-ci il dekabrın 7-də baş verən Spitak zəlzələsindən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələyədək Ermənistanın Amasiya, Spitak, Quqark, Stepanavan rayonlarında 20 mindən artıq azərbaycanlı blokada şəraitində girov kimi qalmışdı. Zəlzələ ərəfəsində Quqark rayonunun Haydarlı kəndində olmuş "Krasnaya zvezda" qəzetinin xüsusi müxbiri mayor O.Vladıkin 7 dekabr 1988-ci il tarixli "Ədavət fəalları" məqaləsində yazırdı: "Haydarlının girəcəyində yolu tankla kəsmiş zabit və silahlı əsgərləri gördüm. Leytenant Vitali Naklonnı nəql etdi ki, onların vəzifələri ermənilərlə azərbaycanlı əhalisi arasında toqquşmaya yol verməməkdən ibarətdir. Zabit deyir: Bütün bunlara baxmaq ağırdır. Onlar (yəni azərbaycanlılar) faktiki olaraq blokadadırlar. Nəqliyyat işləmir. Elektrik cərəyanı verilmir. 20 gündür ki, çörək və digər ərzaq məhsulları gətirilmir. Onlar gecə-gündüz tankın yaxınlığında olurlar. Uzaqlaşmaqdan qorxurlar".

Müvafiq sənədlər və şahid ifadələri əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsd nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşdur.

1990-cı il avqustun 9-da Azərbaycan Respublikasının Ali Soveti Qaçqınlar Cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş prokurorunun müavini V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi: "Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyəti üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır...

Ermənistan prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində cəmi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir.

SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir".

Əslində, SSRİ Prokurorluğu bununla da öz işini bitmiş hesab etmişdi.

Məhz SSRİ hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət verməmələri nəticəsində azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə qovuldular. Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında" qərar qəbul etmişdi.

Əslində isə Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdu.

Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.

Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29,8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kvadratkilometr təşkil edirdi.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (kütləvi qırğınlar, terror aktları, deportasiyalar, soyqırımları törətməklə və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında dövlətin Qərbi Azərbaycanla bağlı strategiyasını açıqlamışdır: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

2020-ci ilin payızında Azərbaycan ordusunun həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız Ermənistan ordusunun işğalından azad edildi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış prosesinə başlanılıb. Növbəti hədəf Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın öz tarixi-etnik torpaqlarına qayıtmasıdır.

Bu yaxınlarda fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması, onun ətrafında cəmləşən ziyalılar tarixi torpaqlarımızla bağlı dövlətimizin siyasi və strateji hədəflərinin reallaşması üçün öz gücünü səfərbər etməlidirlər. Tarixi torpaqlarımızın taleyi kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı üçün prioritet məsələ olmalıdır.

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru.