DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-NUN BAŞ KATİBİ: UKRAYNADAKI MÜHARİBƏ NƏZARƏTDƏN ÇIXA BİLƏR

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynadakı müharibə Rusiya ilə Şimali Atlantika Alyansı arasında silahlı qarşıdurmaya səbəb ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, baş katib bu barədə Norveçin “NRK” telekanalına müsahibəsində bəyan edib.

“Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevriləcək. Lakin əminəm ki, biz bundan yayınacağıq”, - deyə baş katib bildirib.

Jurnalistin Yens Stoltenberqin çiyinlərində olan məsuliyyətlə bağlı sualına baş katib belə cavab verib: “Hiss edirəm ki, hər şey çox ciddidir. Bu, Avropa və Norveç üçün taleyüklü vaxtdır. Əgər bir səhv olarsa, bu, dəhşətli şəkildə nəticələnə bilər”.

Eyni zamanda, NATO-nun baş katibi Kiyevə yardım məsələsinə toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb.

 

ALMANİYA VƏ İRAN ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə  çağırılıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə İran XİN-dən açıqlama verilib. Səfir Hans Udo Muzelin Almaniya rəsmilərinin İranın daxili vəziyyəti ilə bağlı “müdaxilə xarakterli, ölkədəki qarışıqlıq və qeyri-sabitliyə dəstəkçi” münasibətlərini davam etdirmələrinə cavab olaraq XİN-ə çağırıldığı bildirilib.

Məlumata əsasən, rəsmi Tehran noyabrın 14-də Kansler Olaf Şoltsun və noyabrın 28-də Almaniya İnsan Haqları Şurasında alman rəsmilərinin İranla bağlı açıqlamalarına cavab olaraq Muzeli XİN-ə çağırıb.

Eyni zamanda, bildirilir ki, Almaniya XİN-i də dekabrın 9-da İranın Berlindəki səfirini nazirliyə çağıraraq, Möhsün Şikarinin edam edilməsinə görə hökumətin etirazını bildirib.

Xatırladaq ki, bir müddət öncə Almaniya prezidenti Frank-Valter Ştaynmayer İranda nümayişçilərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların mühakimə olunmasına çağırış edib.

 

BVF: 2023-CÜ İLDƏ QLOBAL İQTİSADİ ARTIM DAHA DA AZALACAQ

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva 2023-cü ildə qlobal iqtisadi artımın 2,7 faizə qədər azalacağını proqnozlaşdırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə o, Çində “bir üstəgəl altı” formatında keçirilən dəyirmi masanın yekunlarına dair çıxışı zamanı bildirib.

“Qlobal iqtisadi artım 2022-ci ildə kəskin şəkildə 3,2  faizə düşüb və biz gələn il 2,7 faizə qədər daha da yavaşlamanı proqnozlaşdırırıq”, - deyə BVF-nin icraçı direktoru vurğulayıb.

Eyni zamanda, Kristalina Georgiyevanın sözlərinə görə, qlobal böhranın əsas səbəbləri pandemiya və Rusiya-Ukrayna müharibəsi, eləcə də yüksək inflyasiyadır.

 

YAPONİYA RUSİYA İLƏ SƏRHƏDDƏ HİPERSƏSLİ RAKETLƏR YERLƏŞDİRMƏK İSTƏYİR

Yaponiyanın Müdafiə Nazirliyi Saxalin və Kuril adaları ilə həmsərhəd olan Kyuşu və Hokkaydo adalarında hipersəs raketlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “NHK” telekanalı hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Yaponiya bu məqsədlə 2026-cı ilə qədər quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir.

Yeni yaradılacaq bölmə hipersəs başlıqları ilə ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğuları idarə etməli olacaq.

Hipersəs raketlər müəyyən hündürlüyə çatdıqdan sonra blok daşıyıcı raketdən ayrılır və hədəfi planlaşdırır. Onların qarşısını almaq isə adi raketlərdən daha çətin hesab olunur.

Qeyd edək ki, Yaponiyada ucqar adaları qorumaq üçün 2018-ci ildən bu cür hipersəs silahlarının hazırlanması davam etdirilir.

 

BARAK OBAMA: DÜNYA NÜVƏ SİLAHINDAN AZAD OLMALIDIR

“Gələcək nəsillər naminə dünya nüvə silahının tamamilə aradan qaldırılmasına çalışmalıdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama dekabrın 10-da Yaponiyanın Xirosima adasında keçirilən Nüvə Silahsız Dünya Uğrunda Beynəlxalq Qrupun (IGEP) birinci konfransının iştirakçılarına videomüraciətində bildirib.

Barak Obamanın sözlərinə görə, gələcək nəsillər naminə nüvə silahlarından azad dünya üçün səy göstərilməlidir. O, 2016-cı ilin mayında Xirosimaya səfərini heç vaxt unutmayacağını vurğulayaraq deyib: “Bu mənim bütün dünyada nüvə silahı təhlükəsinin azaldılmasına dair öhdəliyimi gücləndirən bir an oldu”.

İclasın ilk günündə ABŞ-ın keçmiş prezidenti Barak Obama və BMT-nin baş katibi Antonio Quterreşin videomüraciətləri nümayiş olunub. Tədbir iştirakçıları arasında BMT-nin tərk-silah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.

Qeyd edək ki, dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində Nüvə Silahsız Dünya Uğrunda Beynəlxalq Qrupun birinci konfransı keçirilir.

 

SERBİYA VƏ KOSOVO QARŞIDURMASI YENİDƏN ARTIB

Kosovo polisi ölkənin şimalında gücünü artırdıqdan sonra Serbiya təhlükəsizlik qüvvələrini Kosovoya göndərmək niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Serbiyanın baş naziri Ana Brnabiç məlumat verib.

Bununla yanaşı, hökumət başçısı Kosovonun Brüssel razılaşmasını pozduğunu iddia edib. “Baş nazir Albin Kurtinin qərarlarına görə silahlı qarşıdurmanın astanasına çatmışıq. A.Kurti hər gün risk edir və qeyri-sabit vəziyyət yaradır”, - deyə Ana Brnabiç vurğulayıb.

Eyni zamanda, baş nazir Serbiyanın sülh istədiyini diqqətə çatıdırıb. O deyib: “BMT Millətlər Şurasının 1244 saylı qətnaməsinə əsasən, Serbiyanın Kosovoya öz təhlükəsizlik qüvvələrini göndərmək hüququ mövcuddur. Bu məqamda belə bir niyyətimiz var. Oradakı serblərin təhlükəsizliyi tam təmin olunmayıb”.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç məsələ ilə əlaqədar müdafiə naziri Miloş Vuçeviç və baş qərargah rəisi Milan Mojsiloviçlə görüşüb. Ölkə lideri Serbiyanın məsələ ilə bağlı heç bir güzəştə getməyəcəyini bəyan edib.

Verilən xəbərə görə, Kosovo prezidenti Vyosa Osmani Serbiya qüvvələrinin ölkəsinin ərazisinə heç vaxt buraxılmayacağını açıqlayıb.

 

RUSİYA GÜRCÜSTANLA BIRBAŞA AVİAREYSLƏRİ BƏRPA EDƏ BİLƏR

“Rusiya lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstanla birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər”. “Report”un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərinə gəlincə, lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbulunu istisna etmirik”, - deyə diplomat vurğulayıb.

Eyni zamanda, Denis Qonçarın sözlərinə görə, Gürcüstanın bu il üçün iqtisadi artım proqnozu əsasən turizm, pul köçürmələri və Rusiya ilə ticarətdən əldə edilən əhəmiyyətli gəlirlər sayəsində ikirəqəmli səviyyəyə yüksəldilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana hava daşımaları həyata keçirmək müvəqqəti olaraq qadağan edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.