DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ PREZİDENTİ YUNANISTANI “TAYFUN”LA HƏDƏLƏDİ

Əgər yunan rəsmiləri Egey dənizindəki adalarda hərbi gücünü artırmağa davam edərsə, Türkiyə raketləri Afinaya çata bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bəyan edib.

“İndi biz öz raketlərimizi istehsal etməyə başlamışıq. “Tayfun” deyəndə yunanlar qorxur və Afina vurulacaq deyirlər. Əlbəttə ki, vurulacaq. Sakit qalmasanız, Türkiyə kimi bir ölkə kənarda dayanmayacaq. Biz nəsə etməli olacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Məlumata əsasən, “Tayfun” Türkiyədə hazırlanmış qısa mənzilli ballistik raketdir. Bu raket 2022-ci ilin oktyabrında Qara dəniz üzərində sınaqdan keçirilib və təxminən 560 kilometr məsafədə hədəfi vurub ki, bu da Türkiyənin arsenalındakı aktiv silahların məsafəsindən iki dəfə çoxdur.

Bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bidlirib ki, Türkiyə Yunanıstanın təxribatlarını davam etdirəcəyi təqdirdə Egey adalarının suverenliyinin tanınması məsələsini gündəmə gətirəcək.

 

PAKİSTANIN  BAŞ NAZİRİNDƏN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇAĞIRIŞ

Pakistanın baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib. “Report” agentliyinin verdiyi xəbərə görə, hökumət başçısı qeyd edib ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir.

“Əfqanıstan Sərhəd Qüvvələrinin Çamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, dekabrın 11-də Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində Pakistanın azı 6 vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb.

Əfqanıstandan verilən açıqlamada isə iddia olunub ki, Taliban üzvləri sərhəddəki Şiro Oba kəndində zastava tikərkən, Pakistan hərbçiləri bunun qarşısını almağa çalışıb və tərəflər arasında qarşıdurma yaranıb. Açıqlamada bir Taliban üzvünün öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib.

 

BEA: Aİ ENERJİ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN 100 MİLYARD AVRO XƏRCLƏMƏLİDİR

Avropa İttifaqı (Aİ) gələn qış mövsümündə Rusiya qazı olmadan birlik ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün 2023-cü ildə əlavə olaraq 100 milyard avro xərcləməlidir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu bazar ertəsi Brüsseldə keçirilən mətbuat konfransında Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bəyan edib.

İcraçı direktorun sözlərinə görə, gələn il Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu ildən daha çətin olacaq, çünki birlik artıq Rusiya qazını ala bilməyəcək.

Eyni zamanda, Fatih Birol vurğulayıb ki, Aİ 2023-cü ildə Rusiya qazını kompensasiya etmək üçün lazım olan mayeləşdirilmiş təbii qaz həcmlərinə sahib olmayacaq. Onun sözlərinə görə, bununla bağlı təcili tədbirlər görmək lazımdır.

Bununla yanaşı, Fatih Birol əlavə edib ki, hazırkı qlobal enerji böhranı öz miqyasına və kəskinliyinə görə tarixdə ilkdir.

 

SƏUDİYYƏ ƏRƏBİSTANINDA 2 KİLOMETRLİK GÖYDƏLƏNİN TİKİNTİSİ PLANLAŞDIRILIR

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyanın ən hündür binasından - Dubayın 828 metrlik Burj Xəlifəsindən iki dəfə çox olacaq yeni göydələn tikmək niyyətindədir. “Trend” xəbər verir ki, bu barədə “Middle East Business Intelligence” jurnalı məlumat yayıb.

Bildirilir ki, PIF ümumi sahəsi 18 kvadrat kilometr, hündürlüyü isə 2 kilometr olacaq binanı Ər-Riyadın şimalında tikməyi planlaşdırır.

Podratçılar layihənin dəyərini təqribən 5 milyard dollar qiymətləndirirlər. Nəşrin mənbələrinə görə, hazırda 1 milyon dollar məbləğində iştirak haqqı ilə tender keçirilir.

Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 kilometr və hündürlüyü 490 metr olan “Mirror Line” layihəsinin tikintisinə başlanılıb.

 

Aİ SANKSİYALAR ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏ VƏZİFƏSİNİ TƏSİS EDƏCƏK

Avropa İttifaqı (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis etməyi və ABŞ-dakı keçmiş səfir Devid O'Sallivanı bu vəzifəyə təyin etməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Financial Times” məlumat yayıb.

Bildirilir ki, Devid O'Sallivan bu vəzifəni 2023-cü il yanvar ayından etibarən icra edə bilər. Məqsəd Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma hallarının qarşısını almaqdır.

Məlumata əsasən, ABŞ və Aİ xüsusilə rəsmi Ankaranı Rusiyaya sənaye və müdafiə məhsullarının tədarükünə tətbiq edilən sərt ixrac nəzarətindən yayınmağa çalışan ticarətçilərə qarşı tədbir görməyə çağırır.

Eyni zamanda, qeyd edilir ki, rəsmi Brüsselin yaxından izlədiyi digər ölkələr arasında Serbiya və Birləşmiş Ərəb Əmirliyi də var.

 

BÖYÜK BRİTANİYA KÖMÜRLƏ İŞLƏYƏN ELEKTRİK STANSİYALARINI İŞƏ SALIR

Böyük Britaniyanın vahid enerji sistemi operatoru “National Grid” kəskin soyuqlar və elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar iki ehtiyat rejimdə kömürlə işləyən elektrik stansiyasının işə salınmasına hazırlaşır. “Trend”in verdiyi xəbərə görə, bu barədə “The Financial Times” məlumat yayıb.

Bildirilir ki, söhbət Draks yaşayış məntəqəsindəki istilik elektrik stansiyalarından gedir. Şirkətdən verilən məlumata görə, onlar zərurət yarandıqda elektrik enerjisinin fasiləsiz verilməsini təmin etməlidirlər.

Məlumata əsasən, bu İES-lərin fəaliyyəti əvvəllər bağlanma planlarına görə dayandırılmışdı. “National Grid”in rəhbəri Con Pettiqryu britaniyalılara 2023-cü ilin yanvar və fevral aylarında mümkün elektrik kəsintiləri barədə xəbərdarlıq edib.

Şirkət bunu soyuq hava şəraiti, Britaniya elektrik stansiyalarına kifayət qədər qaz tədarükünün olmaması, Fransa, Belçika və Niderlanddan gələn sualtı elektrik enerjisinin gücünün azaldılması ilə əlaqələndirib.

 

ALMANİYADAN SIĞINACAQ İSTƏYƏN İRANLILARIN SAYI ARTIB

Almaniya Federativ Respublikasına gələrək, bu ölkədən sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu ilin yanvar-noyabr ayları arasında federal idarəyə İran vətəndaşları tərəfindən ümumilikdə 6392 sığınacaq ərizəsi daxil olub. Onlardan 5447-si ilk dəfə, 945-i isə ikinci dəfə üçün edilən müraciətlərdir.

Eyni zamanda, federal idarədən verilən məlumatda qeyd olunur ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

İran vətəndaşları tərəfindən federal idarəyə bu ilin sentyabr ayında 613, oktyabrda 892, noyabr ayında isə 1039 nəfər qaçqın statusu üçün müraciət edib.

BAMF-ın açıqlamasında qeyd olunur ki, bu ilin yanvar-noyabr aylarında federal idarəyə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 214253 nəfərdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.