CƏNUBDAN SƏSLƏR...
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR...

Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindəndir

(əvvəli 11 dekabr tarixli sayımızda)

Bu onlarla nəşr variantlarının hamısında əsərin orta və natamam orta məktəblərin əsasən beşinci, sonra isə VI-VII sinif şagirdləri üçün tədris olunacağı qeyd olunur. Deməli, dahi Füzuli "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") məsnəvisini daha çox uşaq və yeniyetmələri düşünərək qələmə almışdır. Hümmətin də bu məsnəvinin mahiyyətinə varması, dahi Füzulinin hədəflərini müəyyənləşdirməsi, mənəm-mənəmlik düşüncəsinin, lovğalıq və təkəbbürün heç bir fayda vermədiyini, dolayısı ilə insanların birliyə nə qədər ehtiyacları olduğu halda, bu gerçəyi anlamaması məsələsini təhlil etməsi də düşündürücüdür: "Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri vardır. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı "Burda mənəm, Bağdadda kor xəlifə" zərbil-məsəlini yada salır".

İctimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, körpə fidanların sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarifpərvər şair və fəal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə Bağçabanın (1885-1966) yaradıcılığında da uşaqlar üçün yazılan bir-birindən maraqlı şeir və hekayələr mühüm yer tutur. "Qızıllı yarpaq, yaxud zəkalı Ənvər" poemasının da qəhrəmanları dərslərini yaxşı və pis oxuyan, çalışqan və tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini diqqətdə saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından gələn sadə süjet əsasında qələmə almış və poemasında ölkənin, cəmiyyətin və insanların inkişafının, yüksəlişinin təhsildə, elm və maarifdə olduğu fikrini təbliğ etmişdir. Əsərin baş qəhrəmanı Ənvəri yoldaşlarından ayıran çalışqanlığı, oxumağa olan həvəsi, "veyil-veyil bazar-küçəni gəzməməsi və sakit təbiətidir". Mükəmməl tərbiyəsi və dərslərinə hər gün ciddi hazırlaşması, bunun müqabilində müəllimlərindən "əla" qiymət, üstəlik də dəftər, qələm hədiyyə alması, dəcəl uşaqlara qoşularaq vaxtını boş və səmərəsiz oyunlarda keçirməməsini, üst-başını batırmamasını, bir sözlə, nümunəvi davranışı ilə Ənvərin evdə, məktəbdə və yaşadığı məhəllədə hamının sevimlisinə çevrilməsini C.Ə.Bağçaban kiçikyaşlı oxucularının başa düşəcəyi sadə, anlaşıqlı bir dillə təsvir edir:

Oxumağa meyil eləyən cocuqlar

Anaları çağırcağın tez durar.

Gedər, yuyar əl-üzünü tərtəmiz,

Olar ana yanında o, çox əziz.

Həyəti, bağçanı dolanar, gəzər

Çiçək dərib, kəsaləti məhv edər.

Açar kitabını bir də əzbərlər,

Dərsi əzbər, hesabı hazır edər.

Ancaq Ənvəri sevməyən, ona paxıllıq edən, uğurlarını gözü götürməyən və vaxtını oyun oynamaqla keçirən tənbəl yoldaşları da az deyil. Onlar Ənvərin "Bütün günü oyun oynamaqdansa, dərs oxuyun, imtahanlara az qalır" kimi çağırışlarına rişxəndlə yanaşaraq: "Ənvər, Ənvər, can Ənvər, Oyundan qorxan Ənvər!" - kimi xitab edərək məsxərəyə qoyurlar. Lakin Ənvərin yoldaşlarına ağıllı, düşüncəli cavabı iki qütbə bölünmüş uşaqların səviyyəsini, elm və maarifə münasibətini müəyyən edir:

Uşaq, uşaq, can uşaq,

Gəlir imtahan, uşaq.

Mənə rişxənd edərsiz,

Belə atılıb-düşərsiz.

Sonra sözümü bilərsiz,

Onda başa düşərsiz.

Çox keçmədən başlanan imtahanlarda Ənvər məntiqli və tutarlı cavabları ilə müəllimlərini heyran qoyur. Onun oyunçu sinif yoldaşları isə suallara cavab verə bilmir, müəllimlərinin qarşısında pərt olur, peşmançılıq çəkir və ürəklərində Ənvərə haqq qazandırırlar. Sonda, hətta xorla ucadan: - Sağ ol, zəkalı Ənvər! Var ol, zəkalı Ənvər!-nidaları ilə onu alqışlayırlar. Əsərdə obrazları səciyyələndirən bənzətmə və bədii təyinlər məzmunla uyğunluq tapır, poetik məna kəsb edir.

Əxlaqi-didaktik məzmunu ilə seçilən "Qızıllı yarpaq, yaxud zəkalı Ənvər" poemasında "müəllim-şagird münasibətləri, valideynlərin uşaqlarını oxutmaq üçün onları həvəsləndirməsi, çəkilən zəhmətin öz bəhrəsini verməsi həm bir şair, həm də müəllim-öyrədici ustalığı ilə öz bədii əksini və həllini tapmışdır" .

Poemanın tərbiyəvi-didaktik ruhu güclüdür, buna görə də uşaqların mənəviyyatına təsiri qaçılmazdır. Sözsüz ki, əsəri oxuyan hər bir uşaq Ənvərə oxşamaq, onun kimi ağıllı və çalışqan olmaq istəyəcəkdir.

Ədəbiyyat aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda, böyüklərin zərif yumorunu qatmaqla əsərlər qələmə alırlar, ancaq onların iç dünyasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə bilmirlər. Çağdaş dövr Güney Azərbaycan uşaq nəsrinin yaradıcısı olan Səməd Behrəngi isə öz əsərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı nasir, peşəkar tərcüməçi, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli şəxsiyyətlərindən biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının-nəsrinin yaranması və inkişaf etməsi məhz onun şərəfli adı ilə bağlıdır. Uşaqlar üçün nağıllar, həmçinin baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan və onların başına gələn olaylardan bəhs edən son dərəcə maraqlı hekayələr qələmə alır, özəlliklə "alleqoriya və təşxislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir və düşüncələrini yayırdı".

Səməd Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insaniləşdirməliyik", - əqidəsi ilə yazıb-yaradırdı...

"Balaca qara balıq", "Adət", "Narınc qabığı", "Ulduz və qarğalar", "24 saat yuxuda və ayıqlıqda", "Çuğundursatan oğlan", "Bir hulu, min hulu", "Məhəbbət nağılı", "Təlxun", "Ləbi satan uşaq", "Qoca arvad və qızıl cücəsi", "Koroğlu və keçəl Həmzə", "Ulduzla danışan gəlincik", "Çox bəxtiyar ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin aləminə bir pəncərə açır və açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı... Və böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...

Güney yazarları oxucularını dünyaya uşağın gözündən baxmağa yönləndirir, öyrədir, dərs verir. Səməd Behrəngi yaradıcılığında uşaq mövzusunun işlənməsi və onun yaratdığı bir-birindən fərqli obrazlar digər yazarların obrazlarından seçilirdi. Çünki kamil bir pedaqoq olan və uşaqları canı qədər sevən S.Behrəngi uşaq mövzusunu işləyərkən ənənəvi anlayış və baxış müstəvisindən sıyrılaraq çıxır, uşaqlıq probleminə öz orijinal, fərqli baxış bucağından baxmağın nümunələrini yaradırdı. Onun yaradıcılığında vahid və tamamlanmış bədii-fəlsəfi uşaqlıq konsepsiyası zəncirinin ayrı-ayrı halqalarına nəzər saldıqda iki məsələ diqqət çəkir: "Yazıçı uşaq mövzusuna müraciət edərkən, bir tərəfdən qəhrəmanlarının həyat mənzərəsini daha geniş aspektdə təqdim edir, xarakterlərin böyümə mühitindən və situasiyalardan asılı olmasını çatdırır, digər tərəfdən, uşaq mövzusuna saflıq, təmizlik, məsumluq və pozitivlik qaynağı kimi müraciət edir. Bundan başqa, uşaq mövzusu yazıçının əsərlərində həm də metafora-alleqorik çalara bürünür ("Bütün insanlar uşaqdırlar")". S.Behrəngi "yasaq olunmuş ana dilini uğrunda öləcək qədər çox sevirdi... ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Səməd Behrəngini ən çox düşündürən problemlərdən biri idi. Öz dövründə bu problemin çıxış yollarından biri kimi Ana dilində dərsliklərin yazılıb çap edilməsində, ana dilində mədrəsələrin açılmasında görürdü. O, Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin müqəddəs işini davam etdirərək, uşaqların anlaya biləcəyi sadə türkcədə "Əlifba" kitabı yazdı, lakin İranın rəsmi qurumları bu dərsliyin çapına icazə vermədi və İslami İrşad idarəsi tərəfindən geri qaytarıldı... Bu etirazın əsas səbəbi isə Azərbaycan türklərinin ana dilində təhsil almasının qarşısına çəkilən keçilməz sədd idi. Bu addımı Səmədin böyük qardaşı Əsəd Behrəngi vaxtilə siyasi akt kimi qiymətləndirmişdi. Çünki qardaşının ona ünvanladığı: "Mən imzamı xalqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Mən ömrümdə bircə dəfə də olsun "Ş" hərfini uşaqlara "Şah" sözü ilə öyrətməmişəm. "Şahbanu" və "Vəliəhd" sözlərinin üstündən atılıb keçmişəm. Mən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Mən "Ş" hərfini "Şah", "Şahbanu" sözləri ilə, "ə" hərfini "Vəliəhd" kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? "24 saat yuxuda və ayıqlıqda" hekayəmi məşğuliyyət üçün yazmamışam. Ona görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Onların dərdlərinin çarəsi haqqında düşünəsən..." - sözlərində, təbii, həmin qadağanın sirri və hansı mətləbin gizləndiyi aydın olur... Bütün yaradıcılığını əsasən uşaqlara həsr edən və dünyaya onların gözü ilə, məhz onların pəncərəsindən baxmağa qeyrət göstərən S.Behrənginin uşaq mövzusu oxucunu bütövlükdə onun bədii konsepsiyasını dərk etməyə yaxınlaşdırır.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.