DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“G7” ÖLKƏLƏRİNİN İQLİM KLUBU YARADILIB

“Böyük Yeddilik” ölkələrinin (G7) iqlim klubu yaradılıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts Berlində “G7” liderlərinin videokonfrans formatında keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Almaniya kansleri əlavə edib ki, Ukraynadakı mövcud vəziyyət və onun nəticələri xüsusi narahatlıq doğursa da, “G7” ölkələri iqlim dəyişikliyi ilə mübarizə kimi digər qlobal çağırışları da diqqətdən kənarda qoymur.

Eyni zamanda, kanslerin sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Beynəlxalq Enerji Agentliyi ilə birlikdə iqlim klubu katibliyini təsis edəcək.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İqlim Konfransında bir çox ölkənin “İqlim Klubu”na marağını gördüyünü bildirən Olaf Şolts Birləşmiş Ərəb Əmirliklərində  2023-cü ilin sonunda keçiriləcək növbəti İqlim Konfransında kluba digər mühüm ölkələrin də qatılacağını bildirib.

Almaniya kansleri ölkəsinin 2023-cü il yanvarın 1-də “G7”yə sədrliyini Yaponiyaya təhvil verəcəyini bildirərək, Yaponiya administrasiyasına uğurlar arzulayıb.

 

İRANIN RUSİYAYA SİLAH TƏDARÜKÜ Aİ SAMMİTİNDƏ MÜZAKİRƏ OLUNACAQ

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları dekabrın 15-də keçiriləcək sammitdə İranın Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəklər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Brüsseldə jurnalistlərə yüksək vəzifəli Aİ nümayəndəsi bildirib.

“Bəzi nümayəndə heyətləri sammitdə müzakirə üçün İranın Rusiyaya silah tədarükü məsələsini də qaldırıblar”, - deyə Aİ rəsmisi vurğulayıb.

Diplomatın sözlərinə görə, liderlər İranda insan haqlarının vəziyyətini də nəzərdən keçirəcəklər: “Görüşün yekun sənədində İranın insan hüquqlarını pozması kəskin pislənəcək”.

Məlumat üçün qeyd edək ki, Qərb ölkələri İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini açıqlayıb. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib.

 

EVA KAYLİNİN AVROPA PARLAMENTİ İLƏ ƏLAQƏSİNƏ SON QOYULDU

Korrupsiya ittihamı ilə saxlanılan yunan parlamentari Eva Kayli Avropa Parlamentinin  vitse-spikeri vəzifəsindən azad edilib. “Teleqraf.com”un xəbərinə görə,  Avropa Parlamentinin Baş Assambleyasında keçirilən səsvermədə E.Kaylinin vitse-spiker vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.

Məlumata əsasən, Avropa Parlamentinin 14 vitse-spikerindən biri olan Eva Kayli ilə bağlı qərar dərhal qüvvəyə minib. Yunan deputat bundan sonra parlamentdə vəzifə tutmayacaq.

Eva Kaylinin Avropa Parlamentindəki Sosialistlər və Demokratların Alyansı fraksiyasına üzvlüyünə də xitam verilib. Bununla onun parlamentdəki əlaqələri tamamilə sonlandırılıb.

Məsələ ilə bağlı açıqlama verən AP sədri Roberta Metsola davam edən korrupsiya və rüşvət istintaqında Belçika polisi və məhkəmə orqanları ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

 

AVROPA SÜLH FONDUNA AYRILAN VƏSAİT 2 MİLYARD AVRO ARTIRILACAQ

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukrayna da daxil olmaqla silah tədarükünün maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun həcmini daha 2 milyard avro artırmaq barədə razılığa gəliblər. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Avropa Sülh Fondu 2021-ci ilin martında münaqişələrin qarşısının alınması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi imkanlarını artırmaq məqsədilə yaradılıb. İlkin olaraq 2021-2027-ci illər üçün fonda 5,7 milyard avroya yaxın vəsaitin ayrılması planlaşdırılırdı.

Fondun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb və Aİ Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir.

Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi brifinq zamanı ABŞ-ın Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı paketi ayırdığını açıqlamışdı.

 

URSULA FON DER LYAYEN: RƏSMİ KİYEV DAHA 18 MİLYARD AVRO ALACAQ

“Avropa İttifaqı 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro maliyyə yardımı ayırıb, gələn il isə rəsmi Kiyev daha 18 milyard avro alacaq”. “Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Parisdə Ukraynaya yardıma həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, xanım siyasətçinin sözlərinə görə, 18 milyard avro 12 aya bölünəcək, yəni Kiyev hər ay 1,5 milyard alacaq. Həmçinin bu vəsait güzəştli kreditlər şəklində ayrılacaq.

Qeyd edək ki, bu ərəfədə Aİ ölkələrinin daimi nümayəndələrinin 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını yekdilliklə dəstəklədiyi məlum olmuşdu.

Avropa İttifaqı Şurasından bildirilib ki, bu qısamüddətli kredit yardımı Ukraynanın təcili ehtiyaclarını maliyyələşdirmək, kritik infrastrukturunu bərpa etmək və ölkəyə Avropaya inteqrasiya yolunda ilkin dəstək verilməsi üçün nəzərdə tutulub.

 

Aİ-də SƏYAHƏTLƏ BAĞLI MƏHDUDİYYƏTLƏRİN ARADAN QALDIRılMASI TÖVSİYƏ EDİLİB

Avropa İttifaqı Şurası üzv ölkələrə koronavirus epidemiyası səbəbindən tətbiq edilən bütün səyahət məhdudiyyətlərini aradan qaldırmağı tövsiyə edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Yenilənmiş qərarda bildirilib ki, ictimai sağlamlıq səbəbi ilə qoyulan qadağalar tamamilə ləğv edilməlidir.

Qeyd olunub ki, epidemiya pisləşərsə, Avropa İttifaqına üzv dövlətlər koordinasiyalı şəkildə səyahət üçün peyvənd, test və karantin öhdəliyi kimi müvafiq tədbirləri yenidən aktivləşdirə bilərlər.

Eyni zamanda, “COVID-19” epidemiyasına səbəb olan virusun yeni və narahatedici variantı ortaya çıxacağı təqdirdə üzv dövlətlərə müvəqqəti səyahət məhdudiyyətlərini yenidən bərpa etmək tövsiyə olunur.

Xatırladaq ki, “COVID-19” epidemiyasının ortaya çıxmasından sonra Aİ ölkələri 2020-ci ilin iyun ayından qeyri-vacib səyahətlərə məhdudiyyətlər qoyub.

 

YENİ ZELANDİYADA BİR QRUP ŞƏXSƏ SİQARET SATIŞININ ƏBƏDİ QADAĞASI

Yeni Zelandiya 2009-cu il yanvarın 1-dən sonra doğulmuş şəxslərə tütün məmulatlarının satışını ömürlük qadağan edən qanun qəbul edib. “Report”unv verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qanun ölkə parlamenti tərəfindən təsdiqlənib. Qanunun pozulması 150 min Yeni Zelandiya dollarına (95910 ABŞ dolları) qədər cərimə nəzərdə tutur.

Qanun, həmçinin tütün məmulatlarında icazə verilən nikotinin miqdarını azaldacaq və tütün satmaq üçün lisenziya alacaq pərakəndə satış müəssisələrinin sayını 90 faiz azaldacaq. “Reuters”in məlumatına görə, ölkədə bu cür ticarətçilərin sayı 2023-cü ilin sonuna kimi 6000-dən 600-ə enəcək.

Ölkənin səhiyyə nazirinin köməkçisi, həkim Ayeşa Verrall bildirib ki, bu qanunlar minlərlə insanın daha uzun və sağlam ömür sürməsinə kömək edəcək, xərçəng, infarkt və insult kimi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsinə ehtiyac qalmaması ilə səhiyyə sistemi 5 milyard dollar qənaət etmiş olacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 38 ölkəsi arasında Yeni Zelandiya “böyüklər”in siqaret çəkməsində ən aşağı göstəricilərindən birinə sahibdir. Rəhbərlik 2025-ci ilə qədər ölkəni siqaret çəkməkdən azad etmək üçün siqaretə qarşı qanunları sərtləşdirməkdə davam edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.