Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ABŞ UKRAYNAYA “PATRİOT” SİSTEMLƏRİNİN TƏDARÜKÜNÜ ELAN EDƏ BİLƏR

ABŞ prezidenti Cozef Baydenin administrasiyası bu həftə Ukraynaya “Patriot” raketdən müdafiə sistemləri göndərmək planlarını açıqlaya bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə mənbələrinə istinadən “CNN” telekanalı məlumat yayıb.

Eyni zamanda, müvafiq sənəd Cozef Baydenə imzalanmaq üçün göndərilməzdən əvvəl ölkənin müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir. Mənbələrin məlumatına görə, hazırda sənədin təsdiqlənməsi gözlənilir.

Tədarük planları razılaşdırıldıqdan sonra bu cür raketdən müdafiə sistemlərinin mümkün qədər tez Kiyevə çatdırılacağı və Ukrayna hərbçilərinin Almaniyanın Qrafenvöhr şəhərindəki ABŞ ordusu bazasında “Patriot” sistemindən istifadə üzrə təlim keçəcəyi gözlənilir.

 

BÖYÜK BRİTANİYA İRANA QARŞI SANKSİYALARI GENİŞLƏNDİRİB

Böyük Britaniya hökuməti iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qeyd olunan şəxslər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükündə iştirak etməkdə ittiham olunurlar.

Sanksiyalar “Oje Parvaz Mado Nafar” şirkətinə, onun direktoru Yusif Abutalebiyə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Abdulla Mehrabi və İran Aviasiya Sənayesi Təşkilatının rəhbəri Afşin Haceh Fərda tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və İran arasında hərbi əməkdaşlığın Böyük Britaniyada dərin narahatlıq doğurduğunu açıqlamışdı.

Böyük Britaniya XİN başçısının sözlərinə görə, İran Ukraynadakı münaqişə zamanı Rusiyaya əsas silah tədarükçülərindən biridir və rəsmi Moskvaya yüzlərlə pilotsuz təyyarə verib.

 

ABŞ VƏTƏNDAŞLARI ÖLKƏNİN ƏSAS PROBLEMİNİ AÇIQLAYIBLAR

ABŞ vətəndaşları başa çatmaqda olan 2022-ci ildə əsas problemin ölkə rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyəti olduğunu açıqlayıblar. “Report” agentliyinin xəbərinə görə, bunu aparılan sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 19 faizi ABŞ üçün əsas problemin hökumət olduğunu bildirib. Respondentlərin 16 faizi inflyasiya və qiymət artımını əsas problem kimi görür, 12 faizi isə ümumilikdə iqtisadiyyatın cari vəziyyətindən narahatdır.

Amerikalıların fikrincə, 10 əsas problemə, həmçinin miqrasiya, benzin qiymətləri, cinayət və yoxsulluq da daxildir.

Eyni zamanda, ABŞ-da 2022-ci ilin əsas problemini Rusiya-Ukrayna müharibəsində görənlərin payı azalıb. Respondentlərin təxminən 1 faizi hesab edir ki, bu, ABŞ üçün ən vacib məsələdir. Mart ayında bu göstərici 9 faiz təşkil edib.

Məlumat üçün qeyd edək ki, sorğu noyabr və dekabr aylarının əvvəlində aparılıb.

 

VENESUELA VƏ  KOLUMBİYA SƏRHƏDLƏRİNİ TAM AÇIR

Venesuela və Kolumbiya şəxsi nəqliyyat vasitələri ilə gediş-gəliş də daxil olmaqla, yanvarın 1-dən quru sərhədini tam açacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro “Tvitter” hesabında qeyd edib.

“2023-cü il yanvarın 1-dən biz Kolumbiya ilə Venesuela arasındakı sərhədi tamamilə açacağıq. Bu, xalqlarımız üçün böyük hədiyyə olacaq. Prezident Petro ilə birlikdə vəd verdiyimiz bütün məsələləri yerinə yetirəcəyik”, - deyə Maduro vurğulayıb.

Qeyd edək ki, ölkələr sentyabrın 26-da quru sərhədin açıldığını elan etsələr də, hələlik sərhəddən yalnız piyadalar və yük maşınları keçə bilirdi.

Xatırladaq ki, iki ölkə arasındakı quru sərhədi 2015-ci ildə Karakasın qərarı ilə nəqliyyat üçün bağlanıb. 2020-ci ilin martında isə ölkələr pandemiya səbəbindən sərhəd keçidlərini tamamilə bağlayıblar.

 

RİŞİ SUNAK QANUNSUZ MİQRANTLARLA MÜBARİZƏNİ SƏRTLƏŞDİRİR

“Miqrasiya qaydalarını dəyişəcəyik və ölkəyə qanunsuz daxil olan hər kəsi dərhal ölkədən çıxaracağıq”. “Report”un verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkə parlamentinin İcmalar Palatasında qanunsuz miqrasiya ilə mübarizə planını təqdim edərkən bəyan edib.

Hökumət başçısı söz verib ki, hüquq-mühafizə orqanları qeyri-qanuni miqrantları saxlayacaq və onları tezliklə öz vətənlərinə və ya sığınacaq xahişinə baxılaraq təhlükəsiz ölkəyə qaytaracaqlar. R.Sunak, həmçinin bildirib ki, daha çox kiçik hava ilə şişirmə qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olan qeyri-qanuni miqrantlar deportasiyadan şikayət edə bilməyəcək, onların Britaniya vətəndaşlığı və ya ölkədə yaşamaq icazəsi almaq üçün bütün yolları bağlanacaq.

Bu baxımdan R.Sunak hökumətin Boris Conson kabinetinin Böyük Britaniyaya qanunsuz yolla girən, ölkədən sığınacaq axtaranların Ruandaya göndərilməsi üçün başlatdığı proqramı həyata keçirəcəyini açıqlayıb. İyun ayında Avropa İnsan Haqları Məhkəməsi bu sxemin dayandırılması barədə qərar çıxarıb. Bundan sonra Britaniya hökuməti Avropa İnsan Haqları Məhkəməsi qərarlarına məhəl qoymamağa imkan verən qanun layihəsi hazırlayacaqlarını açıqlayıb.

 

BMT YƏMƏNLƏ ƏLAQƏDAR BƏYANAT YAYIB

İllərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 2,2 milyon uşağın qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olduğu və onlardan yarım milyonunun ciddi təhlükə altında olduğu bildirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Təxminən 8 ildir İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin  dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmaların yaşandığı Yəməndə yoxsulluğun artması ilə birlikdə aclıq və qida çatışmazlığı da günü-gündən artır.

Məlumata əsasən, vətəndaş müharibəsi, aclıq və səfalətdən əziyyət çəkən ölkədə uşaqlar valideynlərinin gözü qarşısında ölürlər.

BMT-nin Uşaq Fondunun Yəmən üzrə nümayəndəsi Peter Havkins ölkədə qida çatışmazlığı ilə bağlı son məlumatları paylaşıb: “Yəməndə 5 yaşdan kiçik 2,2 milyon uşaq, yəni hər 5 uşaqdan 2-si qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur. Onların yarım milyonu kəskin qida çatışmazlığı riski altındadır”.

 

ÜST KORONAVİRUSLA BAĞLI FÖVQƏLADƏ VƏZİYYƏTİN BAŞA ÇATACAĞINA ÜMİDLİDİR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus səbəbiylə 2020-ci ildən qüvvədə olan beynəlxalq narahatlıq doğuran  fövqəladə halın 2023-cü ildə sona çatacağına ümid etdiyini bildirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə baş direktor çərşənbə günü Cenevrədə keçirilən mətbuat konfransında bəyan edib.

“Ümid edirik ki, gələn il nə vaxtsa “COVID-19”un artıq qlobal fövqəladə hal olmadığını söyləyə biləcəyik”, - deyə ÜST rəhbəri vurğulayıb.

Eyni zamanda, ÜST rəhbəri xatırladıb ki, bir il əvvəl koronavirusun omikron ştammı aşkar ediləndə xəstəlik hər həftə təxminən 50 min insanın həyatına son qoyurdu, ötən həftə isə dünyada 10 mindən az insan “COVID”dən vəfat edib.

Baş direktorun sözlərinə görə, dünya koronavirus pandemiyası ilə mübarizədə hələ də qeyri-müəyyənliklər və çətinliklərlə üzləşir.

“Aşağı gəlirli ölkələrdə hər beş nəfərdən yalnız biri “COVID”ə qarşı peyvənd olunub, müalicə vasitələrinə çıxış isə qəbuledilməz dərəcədə qeyri-bərabər olaraq qalır”, - deyə Tedros Adhanom Gebreyesus qeyd edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.