Müqəddəs amal uğrunda
Region

Müqəddəs amal uğrunda

Astaranın qəhrəman oğlu Şəhnin Novruzov ömrünün 22-ci baharında Vətən torpaqlarının azadlığı uğrunda canından keçməklə şəhid olub. Bu zirvəyə ucalmaqla, həm də qısa həyat yolu torpağına, el-obasına sonsuz məhəbbət mücəssəməsinə dönüb. İndi budur Şəhnin təkcə bir ailənin deyil, bütün Azərbaycan xalqının fəxridir.

Uşaq yaşlarında Vətənin müqəddəsliyini başa düşən, ona ürəkdən sevdalanan Şəhninin ailəsi doğma Səncərədi kəndindən 2007-ci ildə Bakının Zirə qəsəbəsinə köçür. Burada yetkinlik yaşına çatıb, müstəqil həyata qədəm qoyanda tanıyanlar, bilənlər onda olan əxlaqa, bacarığa, xalqı, Vətəni üçün döyünən təmiz ürəyinə heyran qalırlar. Şəhnini isə ən çox narahat edən yağı düşmənin Azərbaycanımızın əzəli bir parçası olan Qarabağın işğalı idi. Odur ki, 9 aprel 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə böyük həvəslə yollanır. Və cəbhə bölgəsində Vətənin keşiyində durmağı özünə şərəf bilir.

Əsgər Şəhnin layiqli, sədaqətli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Hər qarış torpağını, daşını canından əziz tutmaqla onu göz bəbəyi kimi qoruyur. Komandirlərin tapşırıqlarına birinci gedir, mərdliyi, cəsurluğu, ağıllı davranışı həmişə onu üzüağ edir. Ən əsası isə torpaqlarımızı düşmən işğalından azad etməyə hazır durur, həmin günü qələbəyə olan inamla gözləyir və sonrakı həyatını bağlandığı yurdunun qalib əsgəri olmaqla el-obada başıuca yaşamaq istəyir...

Şəhnin nümunəvi əsgər kimi ailəsinə dönsə də, düşməndən alacağı qisası unutmur. 2020-ci ildə Vətən savaşı başlayanda könüllü olaraq əlinə silah götürür. Torpaq uğrunda can qoyan, qəhrəmanlıqla döyüşən Vətən övladlarının biri olur. Yağıya qan udduran igidin adı dillərdən düşmür. Çox oddan-alovdan keçir, qırdığı dığaların sayı bilinmir. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Ürəklərdə saflıq dünyasına dönən qəhrəman əsgər Şəhnin Şahlar oğlu Novruzov Astara rayonunda doğma kəndi Səncərədidə uyuyur. Onun baş qoyduğu torpaq astaralılar üçün çox müqəddəsdir. Dövləti öz qəhrəman oğlunun ehtiramını daimi uca tutmaqdan ötrü onu ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallara layiq görüb.

Zəfər ORUCOĞLU.