Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Uilyam Folkner

Amerika ədəbiyyatının ən nəhəng simalarından sayılan yazıçı və dramaturq Uilyam Folkner... Bir oturuşda 10 min söz yazmaqla rekordu qıran bu yazıçı həm də  içki düşkünü kimi tarixə düşüb...

Polkovnik Folknerin nəvəsi olan Uilyamın çox maraqlı nəsil şəcərəsi olub. O, nəsillərində ilk yazıçı deyildi. Cənubla Şimalın müharibəsi zamanı cənubluların ordusunda xidmət etmiş babası Uilyam Klark Folkner öz dövrü üçün kifayət qədər populyar olan "Memfisin ağ qızılgülü" romanının müəllifi idi. Bundan əlavə, bir çox mənbələrin yazdığına görə, yazıçının  babası həm də şahin baxıcısı imiş. Britaniya kralının şahinlərinə baxıcılıq edirmiş. İngiliscə "falconer" sözü də (şahinlərə baxan) mənasını verir. Folkner soyadı da məhz burdan yaranmışdır. Maraqlıdır ki, baba və nəvənin həyatı da faciəvi və gözlənilməz sonluqla bitmişdir. Belə ki, polkovnik Folkner öz iş otağında münaqişə zəminində silahdan  açılan atəş səbəbindən ölmüşdür...

Yazıçı anadan olarkən onların ailəsi olduqca imkanlı idi. Belə ki, gələcək yazıçının atası  öz ailəsi ilə birlikdə Oksford şəhərinə köçərək təmtəraqlı bir malikanədə yaşayıb. Folknerdən başqa ailədə üç oğlan da böyüyüb. Onların ən böyüyü isə Uilyam olub.  

Orta məktəbi bitirdikdən sonra Uilyam bir müddət bankda işləməli olur. Birinci Dünya müharibəsinin başlandığını bilən Uilyam könüllü olaraq müharibədə iştirak etmək istəyir. Lakin onun boyunun balaca olması buna mane olur. Ancaq o, çarəsiz qalıb Torontodakı hərbi-hava qüvvələri məktəbinə daxil olmuşdu. Birinci Dünya müharibəsi bitən kimi  Folkner evə qayıtmışdı.

Yeniyetməlik illərində Folkner qonşuluqda yaşayan Estella Oldem adlı qıza vurulur. İlk gənclik şeirlərinin bir çoxunu da məhz Estellaya həsr edir. Lakin bir müddət sonra Folkner Estellanın başqa bir adamla evlənib Çinə getdiyini öyrənir. Bu xəbərdən çox sarsılan yazıçı xeyli vaxt özünə gələ bilmir.

O, adətən arıq və uzunboylu qızları xoşlayırdı. Onun növbəti sevgisi isə birincidən  daha qüvvətli olur. Bu dəfə Uilyam Helen Berd adlı başqa bir qıza vurulur. Tale elə gətirir ki, Helen də başqa birisi ilə ailə qurur.

 On bir ildən sonra yazıçının ilk məhəbbəti Estella ərindən ayrılıb geri qayıdır. Bu xəbəri eşidən Uilyam yenidən Estella ilə görüşməyə başlayır və onlar heç kəsin gözləmədiyi halda  evlənirlər. Onların ilk övladları doğulduqdan bir müddət sonra tələf olur. Lakin sonra  bir qız övladları da doğulur.

Yaradıcılığına gəlincə isə Folkner bir müddət  həqiqətən, sanki təcrid vəziyyətində qalır. Onun kitabları təkrar nəşr olunmur. Özünün də dediyi kimi, həmin dövrdə Folkner Hollivudda "xaltura" ilə - ssenari, hətta onları da tam şəkildə deyil, yalnız dialoqlar yazmaqla - məşğul olur, bu yolla pul qazanır.

Ömrü boyu içki düşkünü olan yazıçı demək olar ki, hər axşam  dostları ilə  bara gedib gecə saat 2-yə qədər içərmiş. Ən çox sevdiyi içki isə "Mint julep", yəni nanəli kokteyl olub. Yazmağa başlayanda mütləq  spirtli içkidən istifadə edib. Bu, ona sanki xüsusi bir rahatlıq gətirib. Həyatının son illərinə kimi bu zərərli vərdişdən azad olmağa çalışsa da, buna nail ola bilməyib.

Yazıçının ən çox sevdiyi məşğuliyyəti isə at minmək olub. Amma yazıçının atlara olan bağlılığı ona baha başa gəlib.  Belə ki, atları çox sevən Uilyam elə bu xobbisinin də güdazına gedib. At çaparkən yıxılan yazıçı bir müddət xəstəxanada yatsa da, müalicə öz nəticəsini verməyib və tromboz (damar tıxanıqlığı), ürək tutması səbəbindən dünyasını dəyişib.

 

Janna Dark

Fransanın milli qəhrəmanı, Roma papası tərəfindən müqəddəslər sırasına daxil edilən və “Fransanın müqəddəs hamisi” kimi tanınan bu qız yüzillik müharibə dövründə xalqının müqavimət hərəkatına başçılıq edərək ölkəsini ingilis işğalçılarından müdafiə edib. Orleanda komandanı olduğu fransız ordusuyla ingilisləri məğlubiyyətə uğratdığı vaxt onun cəmi 17 yaşı vardı. Söhbət adını dünya tarixinə qızıl hərflərlə yazdırmış əfsanəvi qəhrəman Janna Darkdan gedir...

Çox qısa bir ömür yaşamış Janna Dark sadə fransız kəndlisinin qızı idi. Bir çox əsərlərin qəhrəmanı olan bu xanımın uşaqlıq illəri Lotaringiya vilayətinin Domremi kəndində keçib. Həmyerlilərinin dediklərinə görə, Janna müəyyən vaxta qədər yaşıdlarından heç nə ilə fərqlənməyib. Onu həmyaşıdlarından fərqləndirən yeganə amil dinə böyük hörmət bəsləməsi və özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırmışdı.  Lakin sonralar 14 yaşlı Jannanın psixi durumunda nə isə baş verir. Ən yaxın adamlarına etiraf edir ki, müqəddəslərin səslərini eşidir və hətta bəzən onları görür: “Onlar deyirlər ki, Allah özü ingilisləri torpaqlarımızdan qovub çıxarmağı mənə tapşırır”. Doğmaları onu hər şeyi unudub yaşamağa davam etməyə inandırmağa çalışsalar da, lakin Jannaya heç nə təsir etmir. 

Janna Darkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən yüzillik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 16 yaşı tamam olan Janna ingilislərə qarşı vuruşmağa başlayır. Bir sıra qələbə qazanan Dark 19 yaşında ingilislərin müttəfiqi olan burqundlara əsir düşür və onlar gənc qızı ingilislərə satırlar. Janna Darkı cadugar adlandıraraq onu tonqalda diri-diri yanmağa məhkum edirlər. Edamı izləyənlərin ürəyinə onları ömrü boyu təqib edən bir duyğu – gözləri qarşısında günahsız bir insanın diri-diri yandırılması hissi hakim kəsilir. Edam səhnəsini izləyən bir neçə nəfər huşunu itirir. Hətta yerindəcə quruyub qalan bir əsgərin ömürlük dili tutulur. Edama tamaşa edənlərdən biri isə sonralar əlini Bibliyaya basıb and içir ki, güclü alovun içindən qəflətən ağ bir göyərçinin pırıldayıb Fransa tərəfə uçmasının şahidi olub...

 

Abraham de Muavr

Fransız əsilli ingilis riyaziyyatçısı, İsaak Nyutonun tələbəsi və köməkçisi- Abraham de Muavr... Öləcəyi tarixi hesablayan bu alim həyatda heç nəyin təsadüf olmadığını, müəyyən hesablamalarla gələcəyi təxmin etməyin mümkünlüyünü sübut edib...

Fransada protestant ailəsində anadan olan Muavrın atası cərrah, anası isə evdar qadın olub. Riyaziyyatçı əslən  fransız olsa da,  Fransada protestantlıq ləğv edildiyi üçün ailəsi ilə birlikdə İngiltərəyə köçüb və ömrünün sonuna kimi Londonda yaşayıb. Analitik həndəsə, ehtimal nəzəriyyəsi sahələrinin inkişafında qabaqcıl işlər görən riyaziyyatçı,  bütün işinə, qətiyyətinə, nüfuzuna baxmayaraq, həyatınının sonuna kimi özünə iş tapa bilməyib. Ömrü boyu kasıbçılıqdan əziyyət çəkən Muavr dolanışığını təmin etmək üçün varlıların uşaqlarına fərdi riyaziyyat dərsləri keçməli olub. Hətta deyilənlərə görə, pul qazanmaq üçün şahmat yarışlarına da  qatılıb.

İşləmək üçün az vaxtı olsa da, zamanla riyaziyyatda irəliləyiş əldə etmiş və dövrünün dahi şəxsiyyətlərindən olan İsaak Nyuton və  Edmond Halley ilə dostluq əlaqələri qurmuşdur.

Rəvayətə görə, bir dəfə Nyuton yanına riyazi xarakterli sualları araşdırmaq üçün  gələnlərə belə deyib: "Muavrın yanına gedin, o bunu məndən yaxşı ayırd edə bilir".

“Letargiya” kimi tanınan  yuxu pozğunluğundan  əziyyət çəkən alim  mümkünsüz olan nəzəriyyəni möcüzə ilə deyil, riyazi hesablamalarla göstərməyi bacarıb. Belə ki, həyatının sonlarına yaxın hər gecə 15 dəqiqə çox yatdığını dərk edib. Alimin hesablamalarına görə, yuxusu hər gecə 15 dəqiqə uzanırsa, 24 saat yuxu yatdığı gün ölməli idi. Maraqlıdır ki, De Muavr 27 noyabr 1754-cü ildə – tam olaraq hesabladığı gündə də  ölüb. Təbii ki, bu nəzəriyyəni sübut etməsə də, mümkün olduğunu göstərə bilib.

Bu mövzuda məşhur fikirlərdən biri də budur ki, Muavr əslində, ölüm tarixini hesablamayıb, sadəcə hər hansı bir tarixdə öləcəyini şərtləndirib. Ehtimala görə, alim Plasebo effektinin zərərli versiyası olan “nosebo” effektindən 87 yaşında vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".