SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Ürəyinizi pilləkənlərdə sınayın

Amerikalı elm adamları iddia edirlər ki, ürəyin sağlamlığını pilləkənləri qalxarkən test etmək mümkündür. Onların sözlərinə görə, 40 yaşdan yuxarı insanlar 3-4-cü mərtəbəyə qalxdıqda yaşıdlarına nisbətən nəfəs darlığı, ürək döyünməsi, yorğunluq problemi ilə üzləşirlərsə onların gələcəkdə ürək klapanlarının (qapaqcıqlarının) xəstəliyindən əziyyət çəkmə ehtimalı yüksəkdir.

Pilləkənləri qalxarkən yaranan yorğunluq hissi ürəyin qanı damarlara kifayət qədər pompalaya bilməməsi və qanın ağciyərlərdə toplanmasından yaranır. Belə bir durumda insan özünü zəif, yorğun hiss edir və tez yorulur. Bundan əlavə, pompalanmayan qan ağciyərlərdə suyun toplanmasına da səbəb olduğu üçün insan hərəkət etdikcə nəfəs darlığı hiss edir.

Bu səbəbdən də mütəxəssislər xəbərdarlıq edirlər ki, ürək qapağı xəstəliklərinin gec diaqnozu müalicəni çətinləşdirməklə bərabər, eyni zamanda ağciyərlərin də zədələnməsinə yol açaraq həyati təhlükə yarada bilər. Ona görə də sözügedən problemlərlə üzləşən insanların pilləkənləri qalxan zaman hər bir mərtəbədə ayaq saxlayaraq istirahət etmələri tövsiyə edilir.

Alimlər sadalanan əlamətlərin daha çox mitral qapaq çatışmazlığına işarə etdiyini bildirirlər. Belə bir problemlə qarşı-qarşıya olan insanların isə davamlı olaraq həkim nəzarətində olmaları məsləhət görülür.

 

Xərçəngi yenmək istəyirsinizsə...

Bir çox yeməklərin hazırlanmasında istifadə etdiyimiz, mətbəximizin vazkeçilməz tərəvəzlərindən olan kartofun yeni bir faydası aşkarlanıb. Belə ki, Polşanın Adam Mitskeviç Universitetinin alimləri kartofun tərkibində olan bioaktiv birləşmələrin xərçənglə mübarizədə təsirli olduğunu iddia edirlər. Onların fikrincə, sözügedən birləşmələr, həmçinin onkoloji xəstələri kimyaterapiyanın yan təsirlərindən qoruya bilər.

Kimyaterapiya xərçəng hüceyrələrini öldürməkdə son dərəcə təsirli olsa da, saç tökülməsi, ürəkbulanma və yorğunluq da daxil olmaqla bir sıra yan təsirlərə səbəb ola bilər. Bundan əlavə, kimyəvi dərman preparatlarının xərçəngi hədəf almaqla yanaşı, bədənin digər yerlərindəki sağlam hüceyrələri də məhvetmə ehtimalı böyükdür.

Magdalena Vinkielin rəhbərliyi ilə aparılan araşdırma zamanı kartofla yanaşı, badımcançiçəklilər (Solanacease) fəsiləsindən olan pomidor və badımcan kimi digər tərəvəzlərin də bioloji tərkibi analiz edilib. Nəticədə sözügedən tərəvəzlərdə qlikoalkaloidli, solanın, çakonin, solasonin, solamarqin və tomatin aşkarlanıb.

Bir çox bitkilər alkaloidlər səbəbindən toksikidir, bu da xəstəliklərin qarşısının alınmasında istifadə olunur.

Qlikoalkaloidlər şiş hüceyrələrinin məhvinə səbəb olur. Tədqiqat göstərib ki, bu birləşmələr insan DNT-si üçün təhlükəli deyil, amma reproduktiv sistem üçün əks təsiri ola bilər. Solanin birləşməsi bəzi maddələrin kanserogenə çevrilməsinin qarşısını alır, metastazlara imkan vermir, leykoz hüceyrələri ilə mübarizə aparır. Çakonin maddəsi isə iltihab və sepsisə qarşıdır. Solomarqin kartofdan başqa badımcanda da var, qaraciyərdə şiş hüceyrələrini məhv edir.

"Frontiers in Pharmacology" jurnalında dərc edilən araşdırmanın nəticələri badımcanın qaraciyər xərçəngi ilə mübarizədə, pomidorun tərkibindəki birləşmələrin isə ümumilikdə şiş hüceyrələrinin məhvində güclü təsirə malik olduğunu göstərir.

 

Sən demə, deyinmək beyinə zərər verirmiş

ABŞ-da aparılan bir araşdırmaya görə, şikayətlənmək, tez-tez deyinmək və ya hər zaman neqativ fikirlərə sahib olmaq beyinə zərər verə bilər. Belə ki, Stenford Universitetinin alimlərinin gəldiyi qənaətə görə, davamlı olaraq nədənsə şikayətçi olmaq yaddaş və problemlərin çözülməsindən məsul olan hipokampusun ölçüsünün azalmasına səbəb olur.

Mütəxəssislər nə qədər çox şikayət edilərsə, mənfi düşünmə ehtimalının da bir o qədər artdığını söyləyirlər. Araşdırma zamanı, həmçinin məlum olub ki, kiminsə şikayətini 30 dəqiqədən çox dinləmək belə beyinə zərər verir.

"Şikayətlənmək yersiz stress reaksiyasına səbəb olur ki, bu da kortizol, şəkər və təzyiqin yüksəlməsinə gətirib çıxarır. Həmçinin stress dərəcəsi artdıqca beyin daha çox zədə görə bilər. Bundan əlavə, oksidləşdirici və iltihablı reaksiyalar artır, hüceyrələrin fəaliyyətinə zərər verən mühit formalaşmağa başlayır. Bir sözlə, belə bir durumun neyron itkisinə səbəb olma ehtimalı böyükdür", - deyə araşdırma müəlliflərindən biri qeyd edib.

Mütəxəssislər davamlı olaraq neqativ düşünən insanlara pozitiv düşüncələrin formalaşdırılması üçün nəzərdə tutulmuş psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən psixoterapevtik müalicəni tövsiyə edirlər.

İnformasiya sözcü.com.tr veb saytında dərc edilib.

 

Bu xəstəliyi olanlar, feyxoa yeyərkən ehtiyatlı olun!

Əksəriyyətə məlumdur ki, feyxoa olduqca faydalı olan sitrus meyvələrindəndir. Bu meyvəni dadına, ətrinə və ən əsası bir çox faydalarına görə alıb ləzzətlə yesək də, onun zərərləri haqqında geniş məlumata malik deyilik. Belə ki, bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana zərər verə bilər. Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir. Hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Ortaya belə bir sual çıxır: bəs feyxoanın bu xəstəliyə nə aidiyyəti var?

Məsələ burasındadır ki, qalxanvari vəzinin hormonlarının istehsalı üçün yod lazımdır. Yod bu hormonların tərkibinə daxildir. Feyxoa isə yodla olduqca zəngindir. Əgər insanda hipertoreoz artıq varsa və onun qalxanvari vəzisi həddindən artıq aktivdirsə, yodla zəngin olan qidaların istehlakı qalxanvari vəzinin fəaliyyətini daha da aktivləşdirəcək ki, bu da xəstəliyin gedişatını ağırlaşdıra bilər.

Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".