Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

2023-cü il "Virtual reallıq" ili olacaq!

"Deloitte"nin (Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited ("DTTL") şəbəkəsinin üzvü) 2023 Texnologiya, Media və Telekommunikasiya hesabatına görə, dünyada virtual reallıq tendensiyası sürətlə artır. Bazarın qlobal miqyasda 7 milyard dollara çatacağı proqnozlaşdırılır. E-ticarətin artmağa davam edəcəyi və sosial media vasitəsilə edilən alış-verişin həcminin də 1 trilyon dolları keçəcəyi təxmin edilir.

Hesabatın diqqətçəkən əsas məqamlarından biri, virtual reallığın  (VR) artmasıdır. Son zamanlar təhsil, sənaye, səhiyyə, oyun, mədəniyyət, turizm, səyahət və əyləncə sahələrində geniş şəkildə istifadə edilən VR şirkətlərin getdikcə daha çox sərmayə yatırdığı bir sahəyə çevrilib. Hesabata görə, dünyada qlobal VR bazarı əvvəlki illə müqayisədə 50 faiz artaraq 7 milyard dollara çatacaq. Bu artımın 90 faizinin virtual reallıq qulaqlıqlarının satışından əldə ediləcəyi düşünülür. Belə ki, 2023-cü ildə 14 milyon ədəd virtual reallıq qulaqlıqlarının orta hesabla 450 dollara satılacağı təxmin edilir. FPS, yarış və simulyasiya oyunları tətbiqlərinin bazarın qalan hissəsini təşkil edəcəyi ehtimal edilir. Batareya, displeylər və audio da daxil olmaqla əsas texnologiyanın təkmilləşdirilməsi də bu artıma təkan verəcək.

Deloitte Texnologiya, Media və Telekommunikasiyanın  rəhbəri Metin Aslantaş bildirib ki, dünyada VR-dan istifadənin artan tendensiyası fərqli sahələrə də keçəcək. VR-ın xüsusilə korporativ sahədə bir çox imkanlara malik olduğunu qeyd edən Aslantaş bu texnologiyanın iş təcrübələrini simulyasiya etmək, korporativ və sənaye sistemlərini vizuallaşdırmaq, məsafə səbəbindən yarana biləcək mümkün çətinlikləri aradan qaldırmaqla həyatı asanlaşdırdığını vurğulayıb. Onun  sözlərinə görə, istifadəçilər uzaqdan işləyərkən rəqəmsal modellərə birbaşa toxunaraq üçölçülü obyektlər və real vaxtda rəqəmsal əkizlərlə qarşılıqlı əlaqə qurmaqla virtual məkanlarda həmkarları ilə bir araya gələ biləcəklər.

Həmçinin dünyada alış-verişin sosial mediaya yönələcəyi, 2023-cü ildə bu sahədən əldə edilən illik məbləğin 1 trilyon dolları keçəcəyi qeyd edilib. Bundan əlavə, sürətli inkişaf tendensiyasının oyun bazarından da yan keçməyəcəyi vurğulanıb. Müstəqil 5G şəbəkələri isə simsiz texnologiyada (2G/3G/4G) əvvəlki nailiyyətləri tədricən əvəz edərək virtuallaşdırılmış, bulud mərkəzli imkanlar təqdim edəcək.

İnformasiya sabah.com.tr veb saytında yayımlanıb.

 

Ölümsüzlüyə bir addım da yaxınlaşmaq üzrəyik

Bəşəriyyət qədim zamanlardan bəri ölümə qarşı çıxmağın yollarını axtarır. Yüz illər əvvəl çarəni iksirlər və mistik əşyalarda görən insanlar bu gün ölümsüzlüyü elmdə axtarırlar. Hətta dünyanın ən zəngin adamlarından olan Jeff Bezos yaşlanmanı tərsinə çevirməyi hədəfləyən Altos adlı şirkətə yüksək məbləğdə sərmayələr də qoyur. Digər tərəfdən isə  bəzi elm adamları ölümsüzlüyün sirrini birbaşa tapmaq əvəzinə, zədələnmiş orqanları bərpa etməklə insanların ömrünü uzatmağa çalışırlar. Belə ki, amerikalı alimlər zədələnmiş orqan və sinirləri bərpa etmək üçün "hüceyrə yapışqanı" ixtira ediblər. Gələcəkdə bu yapışdırıcı sayəsində hətta uyğun olmayan orqanlar belə xəstələrə köçürülə bilər.

San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri insan bədənindəki hüceyrələrin bir-biri ilə əlaqə qurmasını təmin edən bir sıra sintetik molekullar hazırlayıblar. TechXplore.com veb saytının yaydığı xəbərə görə, maddə o qədər təsirlidir ki, açıq yaralar, zədələnmiş orqanların bərpasından tutmuş, transplantasiyaya qədər bir çox sahələrdə istifadə edilə bilər.

Laboratoriya şəraitində istehsal edilən yapışdırıcı insan orqanizmindəki hüceyrələri manipulyasiya edərək onların bir-biri ilə daha da sürətli əlaqə qurmasına və transplantasiya zamanı uyğun olmayan orqanların yad hüceyrələri qəbul etməsinə imkan verir.

Əgər yapışdırıcı elmi təsdiqini taparsa,  yaxın gələcəkdə orqan çatışmazlığı, ağır xəsarətlər və yaşlanma nəticəsində orqanların zədələnməsi kimi problemlər tamamilə aradan qaldırıla bilər. Bu isə artıq ölümsüzlüyün  əlçatmaz olmadığını göstərir.

 

SİM kartlar əczaçılıqda inqilab yarada bilər

Elm adamları  telefonlardakı SİM kartların dərman istehsalında istifadəsinin yolunu tapıblar. Tədqiqatçılar bu yolla əczaçılıqda daha ucuz və ekoloji cəhətdən daha təmiz dərman preparatları istehsal edə biləcəklərini iddia edirlər.

Əvvəllər köhnə cib telefonlarından qızıl və ya gümüş kimi qiymətli metalların çıxarılmasının yollarını axtaran tədqiqatçılar bu dəfə əldə etdikləri qızıl ilə əczaçılıq sənayesində inqilab yaratmaq niyyətindədirlər. Belə ki, London İmperial Kollecinin tədqiqatçıları daha ucuz dərmanların istehsalı üçün  SİM kartların təkrar emal üsulunu  hazırlayıblar.

Alimləri bu yeniliyə sövq edən əsas səbəb isə SİM kartlarda az miqdarda da olsa qızıl örtüyünün olmasıdır. Məlumat üçün qeyd edək ki, qızıl ideal elektrikkeçirici qabiliyyətə və zədələrə yaxşı müqavimət göstərə bildiyi üçün  SİM kartların üzəri məhz bu metalla örtülür. Həmçinin kimyəvi reaksiya prosesini sürətləndirdiyi və ideal bir katalizator olduğu üçün əczaçılıq sənayesində də  son dərəcə önəmli metal hesab olunur. Məhz bu səbəbdən  də SİM kartlardakı qızıla müraciət edən tədqiqatçılar təkrar emal edilmiş qızıl birləşməsindən əczaçılıqda  katalizator kimi istifadə etməyin yolunu tapıblar.

Tədqiqatçılar qızıl birləşməni ağrıkəsici və iltihab əleyhinə dərman preparatları  hazırlamaq üçün çoxsaylı kimyəvi reaksiyalarda katalizator kimi istifadə ediblər. Onlar əldə etdikləri  qızıl tullantılarının hazırda dərman istehsalında istifadə edilən  katalizatorlardan daha yaxşı işlədiyini müəyyən ediblər.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Marsda rekord gücdə zəlzələ qeydə alınıb

Marsda indiyə qədər baş verən ən güclü zəlzələ qeydə alınıb. May ayında baş verən zəlzələnin Qırmızı planeti 10 saat ərzində silkələyərək rekord səviyyəyə çatdığı və  əvvəlki rekorddan ən azı 5 dəfə böyük olduğu təsbit edilib. "Geophysical Research Letters" jurnalında dərc onunan məqalədə NASA-nın "InSight Mars Lander" zondunun  qeydə aldığı zəlzələnin maqnitudasının 4,7 bal  olduğu bildirilib.

"Təkcə bu zəlzələdən çıxan enerji indiyədək müşahidə etdiyimiz bütün zəlzələlərin ümumi enerjisinə bərabərdir", - deyə İsveçrə Federal Texnologiya İnstitutunun seysmoloqu Con Klinton qeyd edib.

Alimlərin fikrincə, Marsdakı seysmoloji proseslər planetin səthinin altında nəyin baş verməsi barədə daha yaxşı mülahizələr yürütməyə imkan verir.  Həmçinin planetin qabığı və dərin daxili hissəsinin necə qurulduğuna dair təsəvvür də  yarada bilər.

Yerdə olduğu kimi, Marsda da əksər zəlzələlərin "torpaq" kütlələrinin hərəkəti nəticəsində baş verdiyi düşünülür.

Məlumat üçün qeyd edək ki, bundan əvvəlki ən güclü zəlzələ 2021-ci ilin avqustunda qeydə alınmış və maqnitudası təxminən 4,2 bal olmuşdu. Marsda daha bir şiddətli zəlzələ ötən ilin dekabrında baş vermişdi. Belə ki, zəlzələnin maqnitudası 4 bal olsa da, dalğası planetin bütün səthinə yayılmışdı.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".