İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Xatirə turniri yekunlaşıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XVI Bakı şəhər turniri keçirilib. Turnirdə müxtəlif idman klublarını və cəmiyyətlərini təmsil edən 28-i qadın olmaqla 67 idmançı mübarizə aparıb. Yekun nəticəyə görə, qadınlar arasında Jalə Bayramova, Xanna Əliyeva, kişilər arasında Üzeyir Tapdıqlı, Hacı Musayev, Rəhim Rəhimli, qarışıq yarışda Xanna Əliyeva və Hacı Musayev  birinci yerə layiq görülüblər.

Moskvada pauerliftinqçilərin dünya birinciliyi

Moskvada pauerliftinqin AWPC/WPC versiyası üzrə dünya kuboku yarışı keçirilib. Üç yüzə yaxın idmançının mübarizə apardığı yarışda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.

Yarışda ölkəmizi təmsil edən, dəfələrlə dünya və Avropa çempionu,  Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərov (110 kq) növbəti uğura imza atıb. İdmançımız A/WPC versiyası üzrə "benç press" hərəkətində 262,5 kiloqram nəticə ilə 6-cı dəfə dünya çempionu adını qazanıb. Bununla o, "elitar idmançı" tituluna yiyələnib. Yığmanın digər üzvləri Şəmsi Bayramov (110 kq) veteranlar arasında "deadlift" hərəkətində 240 kiloqram nəticə ilə birinci olub. Aqşin İsmayılov (82,5 kq) "benç press" hərəkətində 290 kiloqram nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və mütləq dünya çempionu adına layiq görülüb. Azərbaycan komanda hesabında üçüncü olub.

 

Uğurlu nəticələr

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq "Təhsil" turnirinə yekun vurulub. Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edib.  Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Turnirin nəticələrinə görə, Rəvan Həsənzadə (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq), Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Güləş üzrə ölkə çempionatı

Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.  Yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək. Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son iki günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.

 

Basketbolçular Astarada qarşılaşıblar

Astara Olimpiya İdman Kompleksi hər cür şəraitə malik müasir,  nümunəvi idman bazasıdır. İndiyə kimi kompleks bir sıra respublika və beynəlxalq səviyyəli yarışlara evsahibliyi edib.

Azərbaycan Basketbol Liqasının 10-cu turunun sonuncu oyunu da kompleksdə keçirilib. "Zirvə Astara" basketbol komandası doğma azarkeşlər qarşısında paytaxtın "NTD BK" basketbolçularını qəbul edib. Gərgin qarşılaşmada paytaxt komandası 92:81 hesabı ilə qalib gəlib.

Oyunu çoxsaylı tamaşaçılarla birlikdə Basketbol Federasiyasının prezidenti, Elm və Təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, "Zirvə" Beynəlxalq İdman klublarının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərov izləyiblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".